Parlamentdə Zəngəzur müzakirəsi: “Rusiya, İran, ABŞ və Avropa missiyaları bölgəyə yerləşib”

Aktual

23.02.2024 - 14:05

Deputatdan sual: “Azərbaycan nə vaxt həmin ərazini müharibə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır?”

Milli Məclisin bu gün keçirilən iclasında 11 məsələ müzakirə olunub. Layihələrin müzakirəsindən əvvəl deputatlar gündəmlə bağlı fikirlər səsləndirib, təkliflər veriblər. Millət vəkili Musa Qasımlı Xocalı soyqırımı qurbanlarına abidənin qoyulması təklif edib. Deputat qeyd edib ki, bu gün Xocalı qurbanlarının ruhu şaddır: “Amma Xocalı soyqrımı qurbanlarına Xocalıda abidənin qoyulması məsələsinə baxıla bilər. Xocalıda törədilənlər Ermənistanın dövlət siyasətinin mahiyyətini ortaya qoyur deyə bilərik”.

Deputat: “İlham Əliyevin siyasi qətiyyəti sayəsində danışıqlar vasitəçisiz baş tutub”

Deputat Vahid Əhmədov Münxen Təhlükəsizlik Konfransı barədə danışıb. Millət vəkili deyib ki, Azərbaycanın Münxen konfransdakı iştirakı kifayət qədər uğurlu alınıb: “Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən sonra ilk ciddi  diplomatik sınağı fevralın 16-18-i arası keçirilən Münxen Təhlükəsizlik Konfransı oldu. Konfransda Azərbaycan lideri İlham Əliyev, eləcə də Ermənistan Baş naziri Nikol Paşinyan bir sıra görüşlər keçirdi. Azərbaycanın konfransdakı iştirakını kifayət qədər uğurlu adlandırmaq olar. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edən qalib lider kimi qarşılanan İlham Əliyev müxtəlif dövlət başçıları ilə keçirdiyi görüşlərdə yüksək hörmətlə qarşılanmış, danışıqlarda Azərbaycanın müəyyən etdiyi müzakirə sərhədləri gözlənilib. Fransanın, Azərbaycan və Ermənistan arasında keçirilən görüşdə iştirak etməsində israrına baxmayaraq, Azərbaycan bu məsələdə mövqeyini bildirərək iştirakı istisna edib. İlham Əliyevin siyasi qətiyyəti sayəsində danışıqlar vasitəçisiz baş tutub və hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası barədə təlimatlar verilib”.

“Rusiya və Fransa Qafqazda hegemonluq iddiasındadır”

“Münxendə Azərbaycan və Ermənistan arasındakı danışıqlardan kənarda qalan Fransa, tarix boyu olduğu kimi, yenə də öz məkrli siyasətini, qərəzli mövqe tutmağa və regionu qarışdırmaq cəhdlərinə davam etdi. Münxen Təhlükəsizlik Konfransının bitməsindən qısa müddət sonra Paşinyanın Fransaya səfəri təsadüfi deyil. Fransa Prezidenti Emmanuel Makron Paşinyanı qəbul edən zaman Azərbaycan əleyhinə bir sıra bəyanatlar verdi. Sərsəm açıqlamalarıyla gündəmə gələn Makron yenidən Fransanın Ermənistana dəstəyini ifadə edərək qoşunların sərhəddən qarşılıqlı çəkilməsinə və Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyi üçün şəraitin təmin edilməsi üçün addım atmalı olduğunu bildirdi. Bunun üçün ilk növbədə, Ermənistan 1980-ci illərin sonlarında öz ata-baba torpaqlarından qovulmuş minlərlə Azərbaycanlının geri qayıtması ilə bağlı öhdəlik götürməlidir, Ermənistan isə bu məsələni Azərbaycanla müzakirə etmək istəməyərək ikili standart nümayiş etdirir. Ermənistanın qoşunların sərhəddən qarşılıqlı çəkilməsi ilə əlaqədar bəyanatı isə Rusiyanın maraqları ilə oxşarlıq təşkil edir. Hər iki ölkə Qafqazda hegemonluq iddiasındadır”, - deyə millət vəkili əlavə edib.

“Strateji hədəf NATO-nun hərbi qüvvələrinin Cənubi Qafqaza müdaxiləsi üçün zəmin hazırlamaqdır”

Deputat Zahid Oruc da Münxen Təhlükəsizlik Konfransına toxunub və bildirib ki, Avroparlamentin Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycana qarşı şəbəkənin əsas simalarından olan Natali Luazo bəyan edib ki, onların əsas məqsədi bölgədə yerləşdirdikləri Avropa missiyasının fəaliyyətidir: “Onların strateji hədəf NATO-nun hərbi qüvvələrinin Cənubi Qafqaza müdaxiləsi üçün zəmin hazırlamaqdır. Fevralın 12-də fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir. Avropa İttifaqının Ermənistandakı səfiri Vasili Maraqosun fevralın 12-də verdiyi müsahibəyə diqqət etmək lazımdır. Maraqos deyir ki, Sünik Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək strateji yoldur. Biz həmin bölgənin təhlükəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq. Sual olunur – Azərbaycan nə vaxt həmin ərazini müharibə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır?”.

“Artıq Rusiya ilə yanaşı, İran, ABŞ və Avropa Birliyinin missiyaları biznes şirkətləri və digər çətirlər altında Zəngəzura yerləşib. Lakin unutmayaq ki, Avropa Birliyinin missiyalarının Bosniyada 20 il, Gürcüstanda 13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münaqişələri idarə etməklə ölkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi. Ona görə də bütün beynəlxalq missiyalar unutmasınlar ki, o torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar”, - deyə millət vəkili vurğulayıb.

Deputat: “Bələdiyyələr heç qəbiristanlıqları götürmək istəmirlər”

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi də müzakirə olunub. Sənədi ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Zahirov qeyd edib ki, ötən il bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri daim diqqət mərkəzində olub, dövlət büdcəsindən bələdiyyələrə dotasiya və subvensiya ayrılmaqla göstərilən maliyyə dəstəyinin məbləği artırılaraq ilk dəfə 7 milyon manatı ötüb. Azərbaycanın builki dövlət büdcəsində bu məqsəd üçün 8 milyon manatdan çox vəsait nəzərdə tutulub: “Həmçinin bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirilmiş, vətəndaşların hüquqlarının təmin olunması məqsədilə dövlət başçısının sənədsiz tikililərin rəsmiləşdirilməsi barədə tapşırıqlarından, eləcə də bərpa olunan enerji mənbələrindən istifadə sahəsində böyük layihələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətdən irəli gələrək bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə keçirilmədən birbaşa bələdiyyə qərarı ilə ayrılmasını nəzərdə tutan istisna halların dairəsi genişləndirilib”.

Müzakirə zamanı deputat Fazil Mustafa deyib ki, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır: “Bələdiyyələrin başqa ölkələrdə çox sayda sosial müəssisələri var, yerli məsələlərdə insanlara çevik yardım edirlər, turizm, tikinti sahəsində aktiv iştirak edirlər. Amma bu, bizdə yoxdur. Bu gün Azərbaycanda bələdiyyə sosial həyatda iştirak etmir. Bələdiyyə teatrları olmalıdır, rayonlarda teatrın inkişafı, mədəniyyətin inkişafı həm də bundan asılıdır. Bələdiyyə seçkiləri ərəfəsində bu məsələyə ciddi yanaşmalıyıq. Bələdiyyələrə qəbiristanlıqları verirlər, heç onu götürmək istəmirlər. Çünki onların vəsaiti yoxdur”.

“Hələ görməmişəm ki, hansısa bələdiyyə uşaq bağçası tikdirsin, hansısa kəndə su çəkdirsin”

“Bələdiyyələrlə bağlı yeni qanunlar hazırlanır ki, bu, çox vacib məsələdir. Əhali sayı 3000 nəfərdən az olan bələdiyyələr birləşəcək. Bələdiyyələrin sayı azaldılır, bələdiyyələr birləşdirilir”. Bu sözləri isə deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, örüş sahələri ilə bağlı əhalinin tələbatı ödənilməlidir: “İcarəyə götürülmüş torpaqlarla bağlı məsələ də qalmaqdadır. O torpaqların qiymətləndirilməsində çox ciddi problemlər var. Kifayət qədər icarə müqavilələrində debitor borclar yaranır. Bələdiyyələrin yalnız torpaqla deyil, digər sosial sahələrlə məşğul olmaq səlahiyyəti var. Amma hələ görməmişəm ki, hansısa bələdiyyə uşaq bağçası tikdirsin, hansısa kəndə su çəkdirsin”.

Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq qəbul edilib. İclasın gündəliyində olan digər məsələlər də müzakirəyə çıxarılıb.

Müəllif: Anar Bayramoğlu