Özbəkistanın siyasi gedişləri: Daşkənd Moskvadan asılı olmaq istəmir

Dünya

23.03.2022 - 13:56

Daşkənd Kremlin ona təzyiqi artıracağından ehtiyatlanır. Bu məqsədlə iqtisadi imkanlarını genişləndirməyi qarşısına məqsəd qoyub

Ukraynada müharibə davam edərkən bir sıra ölkə müxtəlif hədəfləri reallaşdırmağa çalışır. Məsələn, Özbəkistan Hindistandan 140 tonluq yükün gəlişini gözləyir. Bu, Daşkənd üçün vacibdir. Çünki Hindistandan çıxan yük Pakistan və Əfqanıstan üzərindən Özbəkistana çatdırılacaq. Bu, Hindistan, Pakistan və Əfqanıstandan Özbəkistana uzanan ilk dəhlizdir. Hindistanın Mumbay şəhərindən çıxan yük dənizlə Pakistanın Karaçi şəhərinə çatdırılacaq, oradan maşınlarla Əfqanıstana və son mənzil Özbəkistana daşınacaq.

Bu, çox mürəkkəb dəhlizdir. Bu dəhlizin işə düşməsi bölgə ölkələrinin uğuru sayıla bilər. Birincisi, Hindistanla Pakistan arasında münasibətlərdə illərdir gərginlik hökm sürür. İkincisi, Əfqanıstanda “Taliban” qruplaşmasının hakimiyyətdə olması əlavə suallar yaradır.

Buna baxmayaraq, Özbəkistan bu ölkələrdən keçən dəhlizi işlək vəziyyətə salmağa müvəffəq olub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mart ayının əvvəlində İslamabadda Pakistan lideri İmran Xanla görüşüb. Liderlər bir neçə ölkəni birləşdirən dəmiryolu xəttinin tikintisini müzakirə ediblər. Özbəkistan bu dəmiryolu vasitəsilə Pakistan və Hindistanın limanlarına çıxmağı hədəfləyir. Bu baş tutarsa, Özbəkistanın dünya bazarlarına çıxışı şaxələnəcək.

Özbəkistan zəngin ölkədir, yalnız Rusiya və Çin bazarından asılı olmaq istəmir. Daşkənd Rusiyanın Ukraynada apardığı işğalçı siyasəti dəstəkləmir, tam əksinə, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq Özbəkistan Rusiyaya müxtəlif məhsullar ixrac edir, vətəndaşları Rusiyada ən ağır işlərdə çalışırlar, bu, əlavə gəlir mənbəyidir. Daşkənd Kremlin ona təzyiqini artıracağından ehtiyatlana bilər. Bu məqsədlə Özbəkistan iqtisadi imkanlarını genişləndirməyi qarşısına məqsəd qoyub.

Çin müttəfiqi Pakistan üzərindən keçən dəhlizlərdən istifadə edir. Çin Əfqanıstanla da əməkdaşlıq edir. Hindistan “Taliban” hakimiyyətə gəlmədən əvvəl Əfqanıstana xeyli investisiya qoymuşdu. Dehlinin radikal “Taliban”a qarşı münasibəti mənfi idi. Əfqanıstanın Pakistanla ittifaqı heç zaman Hindistanın maraqlarına cavab verməyib. “Taliban” qruplaşmasının isə bir sıra hallarda Pakistanla münasibətlərində suallar yaranıb. Bu, Hindistanın maraqlarına cavab verir. Ona görə də Dehli Talibanla bağlı siyasətini dəyişib və bu qruplaşma ilə təmaslara başlayıb. Digər tərəfdən, Dehli Əfqanıstan üzərindən Mərkəzi Asiya ölkələrinə dəhliz imkanı əldə edib.

Dehli Pekinin “Bir kəmər, bir yol” layihəsi ilə rəqabət aparmaq istəyir. Hindistanla Mərkəzi Asiya ölkələri arasında mütəmadi dialoq formatı 2018-ci yaranıb. Bu ölkələrin xarici işlər nazirlərinin ilk sammiti Özbəkistanın Səmərqənd şəhərində keçirilib. Dehlinin məqsədi aydındır, Çinin bölgədə tək hakim olmasını istəmir. Ancaq Çin bölgə ölkələrinə böyük yatırımlar qoyur. Əgər Hindistan da Mərkəzi Asiyada mövqelərinin möhkəmlənməsini istəyirsə, Çin kimi bölgəyə yatırımlarını artırmalıdır.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi