Ölüm gedir, həyat qayıdır: dünya insanı COVID tələblərinə meydan oxumağa başlayıb

Aktual

07.02.2022 - 16:51

Bir sıra ölkələrdə “yaşıl pasport” tələbi ləğv olunur, əksər cəmiyyətlərdə virus qorxusu və karantin qaydaları aradan qalxır

Mütəxəssislərin fikrincə,  “Omicron” ştammı əvvəlki variantlardan daha artıq yoluxduruculuq qabiliyyətinə malik olsa da, ağırlaşma halları çox az olur. Əsas əlamətləri ilə qripə bənzədiyindən bir çox insan yoluxsa da, test verməyə ehtiyac duymur. Xəstəliyi yüngül keçirənlər daha çoxdur, nəinki ağırlaşanlar. Bu da COVID-19-un ilkin vaxtları üçün xarakterik olan xofu aradan götürüb.

Elə ölkəmizdə də rekord sayda yoluxma statistikası olduğu halda, insanlarda ciddi təlaş, qorxu duyulmur. Bizdə belədir, digər ölkələrdə necədir? AYNA bu sual ətrafında müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə həmsöhbət olub.

Ülviyyə Şahin (Gürcüstan): “Hazırda Gürcüstanda vəziyyət ürəkaçan olmasa da, həyat öz axarı ilə davam edir. İnsanlarda o qədər də güclü təlaş yoxdur. Lakin son zamanlar “Omicron”a yoluxanların sayında artım olduğuna görə bir sıra məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Bu məhdudiyyətlər daha çox orta və ali təhsil müəssisələrinə şamil olunur. Artıq iki həftədən çoxdur ki, orta məktəblər distant tədris formasına keçib. Səbəb isə məktəblərdə bir çox müəllimlərin “Omicron”a yoluxmasıdır.

Hazırda burada maska taxmaq məcburidir, amma məcburi olmasına baxmayaraq, maska taxmayanlar cərimələnmirlər. Yerli camaat maska taxmaq tələbinə əməl edir. Maskadan istifadə etməyənlər adətən turistlərdir. İnsanlar özləri qaydalara əməl edirlər. Kimsə onları cərimələrlə hədələmir.

Əhali vaksinə qarışıdır. Hətta ətrafımda olan insanların bir çoxu vaksin olunmayıb. Həmin insanlar vaksin pasportu (yaşıl pasport) tələb olunan yerlərə ümumiyyətlə, daxil olmurdular, buna səbəb isə həmin yerlərdə vaksin pasportunun tələb olunması idi. İndi isə artıq fevral ayının 1-dən "yaşıl pasport" tələbi aradan qaldırılıb. Bu barədə Gürcüstan hökumətinin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, COVID pasportundan yalnız xarici ölkələrə səfərlər zamanı istifadə olunacaq. 1 fevral İdarələrarası Koordinasiya Şurasının brifinqində sözügedən Şuranın Operativ Qərargahının rəisi Giorgi Qibradze “yaşıl pasport”un ləğv edildiyini və bu sənəddən istifadənin yalnız xarici ölkələrə səfər zamanı zəruri olduğunu bildirib. Gürcüstanda "yaşıl pasport" tələbi ötən ilin dekabrın 1-dən tətbiq olunub”.

Şəhriyar Əlizadə (Almaniya): “Burada ümumi olaraq hər gün yoluxma sayı artır. Ancaq xəstəxanaya yerləşdirilənlərin sayı azalır. Yəni çox adam xəstəliyi yüngül keçirir. Buna görə, xəstəxanaya müraciətlərin sayı azalıb. Bundan başqa restoranlarda, kafelərdə peyvənd olunma haqqında məlumat və üstəlik test istəyirlər. Üç dəfə peyvənd olunanlar isə test olmadan da giriş edə bilirlər. “Omicron” variantının insanlarda ciddi təlaş yaradıb-yaratmadığı barədə konkret nəsə demək çətindir. Artıq insanların çoxu bezib. Təlaşlı olan da var, olmayan da. Çox adam çalışır ki, üç dəfə peyvənd olunsun və rahat hər yerə daxil ola bilsin. Təlaşlı insanlar daha çox yaşlılar və xəstəliyi olanlardır”.

Vahid İmanov (İspaniya): “Burada “Omicron” ştammına yoluxma ilə bağlı bağlı insanlarda təlaş yoxdur. Çox sayda daşıyıcı da aşkarlanmayıb. “Omicron”a soyuqdəymə kimi baxılır. Sadəcə ağır xəstəlik olması barədə söz-söhbət gəzir. Səhiyyə isə deyir ki, qorxulu nəsə yoxdur. Bir çox insan iki doza vaksin vurdurub. Üçüncü dozanı vurdurmaq isə sərbəstdir. Ola bilsin, aprel-may aylarında COVID-19 pasportu ilə bağlı bir sıra məhdudiyyətlər də ləğv olunsun”.

Nicat Ağayev (Litva): “İnsanların heç xəbəri yoxdur ki, “Omicron” var, yoxsa yox. Bəzi məhdudiyyətlər var idi. Bir sıra yerlərə ya vaksin pasportu, ya da PCR testi verdikdən sonra daxil olmaq olardı. Bu məhdudiyyətlər də fevralın 5-də aradan qaldırıldı. Bu yaxınlarda Danimarkada oldum. Orada insanların maska taxdığını, sosial məsafə saxladığını görmədim. İnsanlar artıq beziblər. Etiraz edirlər”.

Aytən Sabili (Polşa): “Yoluxma sayı bu günlərdə 50 minə yaxınlaşır. Səhiyyə Nazirliyi həyəcan təbili çalsa da, əhalinin çox hissəsini bu maraqlandırmır. “Omicron” ştammına görə ölkəyə giriş-çıxış qaydalarında dəyişiklik edilib, sərtləşdirilib. Ümumilikdə dövlətin qoyduğu ümumi qaydalar icra olunur. Qapalı yerlərdə maska taxılır. Yeni il ərəfəsində restoranlarda COVID-19 pasportu tələb edilsə də, indi buna fikir verən yoxdur. Ümumilikdə, ilk vaxtlar əhali çox diqqət edirdi. “Evdən çıxmayın” deyildiyində könüllü olaraq bunu edirdilər. İndi isə əksəriyyət çox vaxt heç sosial məsafənin saxlanılmasına da fikir vermir. Buna görə də yoluxma sayı durmadan artır. Qalan hər şey öz axarında gedir. İş yerlərinin çoxunda işçilər evdən fəaliyyət göstərirlər. Vaksin vurdurmayan işçilər məzuniyyətə çıxsalar, ödəniş edilmir. Normalda isə məzuniyyət vaxtı maaşımızı alırıq. Yoluxma sayının çox olmasına görə təhsil müəssisələrinin, universitetlərin bəziləri onlayn davam edir”.

Nəzrin Süleymanova (Macarıstan): “Burada vəziyyət normaldır. Şəhərdə gəzəndə COVID-19-un olduğu belə, hiss olunmur. İnsanları sıxmırlar. Elə əvvəldən belə olub. Çox da qapanmaya getməyə maraqlı deyillər. Qapalı yerlərdə tibbi maskadan istifadə tələbi var. Amma onu deyim ki, sentyabr-oktyabr aylarında burada heç bir çox yerlərdə tibbi maska da taxmırdıq. İndi ictimai nəqliyyatda tibbi maska taxırıq. Bir də yoluxma sayı artıb deyə, universitetlər müəyyən müddətlik onlayn təhsilə keçid edib. Öz universitetimdə də üç həftəlik onlayn olacaq dərslər. Sonradan ənənəvi formada davam etdiriləcəyi gözlənilir. Yeni qərara görə, Avropada rahat hərəkət etmək üçün ikinci dozadan altı ay sonra üçüncü doza vaksinin qəbul olunması məcburidir. Bu, çətinlik var”.

Müəllif: Aləmdə Nəsib