Yenə də mərhəmət və sadəlövhlüyümüz hiyləgərliklə üz-üzədir
Abdulla Şaiqin ssenarisi, Nazim Məmmədov və Bəhmən Əliyevin rejissorluğu ilə, 1971-ci ildə ərsəyə gələn “Tülkü həccə gedir” cizgi filminə yəqin ki, çoxları baxıb. Filmdə çox incə bir məqam var və düşünürəm ki, filmin ana xətti, məhz həmin məqamdır.
Belə ki, mömin qiyafəsinə bürünmüş tülküyə inanaraq onu kəndə gətirən və digər toyuq-cücənin də tülküyə inanmasını təmin edən xoruzun quyruğu Azərbaycanın bayrağı rəngindədir. Tülkü həmin xoruzu aldadaraq onun evinə qədər girir və nəticədə ailəsini - toyuq-cücəni əlindən alır.
Əslində, cizgi filmi vasitəsi ilə yaradıcı heyət demək istəyib ki, Azərbaycanın başına nə bəlalar gəlibsə, hamısı sadəlövhlüyündən və düşmənlərinə qucaq açmasından gəlib. Filmin sonunda isə xoruz yorulub əldən düşür və tülkünün toyuq-cücəni, yəni ailəsini oğurlayıb aparmasını çarəsiz halda seyr eləyir...
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsinin səbəblərini də eyni kontekstdən anlamaq olar. Ermənilərin xain, hiyləgər və cizgi filmindəki tülkü kimi, fürsətçil olması, Azərbaycanın isə zamanla ermənilərə inanaraq, qucaq açması bizi torpaqlarımıza həsrət qoymuşdu. Nəticədə də xoruz tülkünün arxasıyla apardığı toyuq-cüəcəyə baxdığı kimi, biz də Ermənistanın arxasıyla əlimizdən aldığı torpaqlarımıza həsrətlə baxırdıq.
Düzdür, dövlətimizin gücü və ordumuzun şücaəti sayəsində uzun illərdən sonra bu tilsimi qırdıq və qələbə qazandıq. Ölkə başçısı İlham Əliyev də demişkən, “dəmir yumruğumuzu” göstərdik. Lakin fərq ondadır ki, cizgi filmindəki tülkü bu hiyləgərliyi təkbaşına həyata keçirsə də, Ermənistan hər zaman havadarı olan Rusiyanın köməyi ilə quyruq bulayıb. Məhz bunun nəticəsidir ki, Ermənistanın dostu olan Rusiya müxtəlif illərdə müxtəlif bəhanələrlə Azərbaycana daxil olub.
Tarixə nəzər salanda, bunun ilkin nümunəsini 1722-23-cü illərdə Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşündə görə bilərik. Belə ki, Xəzər dənizinin qərb sahili bölgələrini işğal etmək və Cənubi Qafqazda möhkəmlənmək məqsədilə Rusiya İmperiyası 1722-1723-cü illərdə Səfəvilər dövlətinə hücum edir. 1722-ci il iyunun 15-də 1-ci Pyotr Azərbaycan dilində bəyannamə nəşr etdirərək Şirvana və Xəzəryanı bölgələrə göndərir və bəyannamədə həmişə olduğu kimi, rus ordusunun yürüşünün əsas səbəbi ört-basdır edilir. Hətta, 1-ci Pyotr Xəzəryanı bölgələrdə yaşayan şiə əhalisini inandırmağa çalışır ki, o, Səfəvi şahının dostudur, yürüşdən onun məqsədi bu yerlərdə əmin-amanlıq yaratmaqdan və rus tacirlərini qarət edən qiyamçıları cəzalandırmaqdan ibarətdir, onun bu əraziləri işğal etmək niyyəti yoxdur.
Və yuxarıda qeyd etdiyim sadəlövhlük, düşmənin isə tülkü hiyləgərliyi Xəzəryanı bölgələrdə əhalinin bir qisminin Rusiyaya meyil etməsinə səbəb olur. 1723-cü il sentyabrın 12-də isə 2-ci Təhmasibin Peterburqa göndərdiyi elçisi xəbərsiz olaraq Xəzəryanı bölgələrin - Dərbənddən Gilana qədər olan torpaqların Rusiyaya birləşdirilməsi haqqındakı müqaviləni özbaşına imzalayır. Rusiya bunun əvəzində Səfəvi şahına əfqanlarla müharibədə yardım göstərəcəyini öhdəsinə götürsə də, hadisədən xəbər tutan Təhmasib müqaviləni təsdiq etmir. Beləliklə, 1722-1723-cü illərdə Xəzəryanı bölgələrin Rusiya tərəfindən işğalının birinci mərhələsi başa çatır.
Növbəti hadisə 1804-cü ilin 3 yanvarında baş verir. 1803-cü ilin dekabrında rus qoşunları Car-Balakəni işğal etdikdən sonra Gəncəyə yaxınlaşır və “Quru qobu” adlı yerdə düşərgə salırlar. Rus general Sisianov hədə-qorxu dolu məktub yazaraq, öz elçisini Cavad xanın yanına göndərir ki, şəhəri ruslara təslim etsin. Cavad xan isə rus elçisinə rədd cavabı verərək, sona qədər vuruşacaqlarını bildirir. Məhz “Rusiyaya sədaqətli” ermənilərin dəstəyi ilə Sisianov Gəncəyə hücum edəndə ermənilər şəhər qapılarını rus əsgərlərinin üzünə açır və ruslar asanlıqla şəhərə daxil olub, Gəncə əhalisinə divan tuturlar. Şəhər də düşmənin əlinə keçir.
Növbəti işğal 1920-ci il, aprelin 27-də baş verir və Azərbaycan 70 il Sovet hakimiyyətinin tabeliyində qalmağa məcbur olur. Həmin tarixdə Bakıya daxil olan “Qızıl ordu” Azərbaycan Demokratik Respublikasını süquta uğradır. Bu 70 ildə başımıza gələn oyunlardan, məruz qaldığımız repressiyalardan isə danışmağa ehtiyac yoxdur. Çünki bunu az-çox hamı bilir. Elə 1990-cı il yanvarın 20-də Bakıya daxil olub şəhər əhalisinə divan tutan da həmin Sovet qoşunları “birlik, bərabərlik, qardaşlıq” tərəfdarı olduğunu deyənlər idi. Beləliklə, növbəti “qardaş zərbəsini” alırıq.
Nəhayət, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanata əsasən, Rusiya hərbçiləri, sülhməramlı qismində növbəti dəfə Azərbaycan ərazisinə daxil oldu. Son iki ayda rus hərbçilərinin Qarabağdakı xoşagəlməz hərəkətləri, ermənilərə hərtərəfli dəstək vermələri həm dövlət, həm də cəmiyyət səviyyəsində azərbaycanlıların narazılığına, etirazına səbəb olur.
Əlqərəz, yenə də mərhəmət və sadəlövhlüyümüz hiyləgərliklə üz-üzədir. Məhz erməni hiyləgərliyi və havadarı rus xainliyi hələ də əsəblərimizlə oynayır və ortaya müəmmalı, cavabını tapmayan suallar qoyur. Hələ də azad etdiyimiz torpaqların bir qismi barəsində “statusu müəyyənləşməmiş” ifadələri işlədilir.
Bir sözlə, tülkü yenə də hiyləgərliyini həyata keçirir. Qorxuram ki, hər dəfə “kəndi tərk edəndə ağzında nəsə aparan tülkü” bu dəfə də özüylə nəsə apara və bu gediş sonuncu olmaya. Hər halda, bu gedişin sonuncu olmasına və “tülkü”nün kəndi əliboş tərk etməsinə çalışmaq lazımdır. Həm də elə qovmaq lazımdır ki, özü də, digər “tülkülər” də geri qayıtmağa bir də cəsarət etməsin. Əks halda, nəticəsi göz qabağındadır...