Növbəti raund Gürcüstanda

Aktual

10.03.2023 - 14:07

Tbilisi qaynayır: bu döyüşdən kim qalib çıxacaq?

Gürcüstan müxalifəti ölkə parlamentinin qarşısında davamlı aksiyalar keçirir. Buna səbəb xarici agentlər haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasıdır.

İndiyədək xeyli sayda aksiya iştirakçısının saxlanıldığı, etirazçılar tərəfindən qanunverici orqanın binasına od vurulduğu, xüsusi təyinatlı qüvvələrin su şırnağı, gözyaşardıcı və bibər qazından istifadə edərək Parlament binasının girişlərinin yerləşdiyi küçələri, eləcə də Rustaveli prospektini etirazçılardan təmizləməyə çalışdığı bildirilir.

Gürcüstan Prezidenti Salome Zurabişvili etirazçıları dəstəklədiyini bəyan edib. Kütləvi etirazlardan sonra Gürcüstan Parlamenti xarici agentlər haqqında qanun layihəsinin müzakirəsini dondurub. Bu barədə hakim “Gürcü arzusu” partiyası, “Xalqın gücü” ictimai hərəkatı və parlament çoxluğunun birgə bəyanatında deyilir. Onlar bildiriblər ki, qanun Venesiya Komissiyasına göndəriləcək və rəy istəniləcək.

Müxalifət isə etirazları dayandırmayacağına dair bəyanat yayıb. İddialara görə, proseslərin bu şəkildə inkişafı Gürcüstanda növbəti hakimiyyət dəyişikliyinə yol aça bilər.

Analitiklər qeyd edirlər ki, Rusiyaya yaxınlığı şübhə doğurmayan Gürcüstan iqtidarı Qərbin ölkəyə təsirini minimuma endirmək niyyətindədir və xarici agentlər haqqında qanun layihəsi də məhz bu səbəbdən müzakirəyə çıxarılıb. Onların qənaətinə görə, əslində iqtidarla müxalifətin yox, Gürcüstana nəzarət uğrunda Qərb ilə Rusiya arasında savaş gedir.

Baş verənləri AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadə deyib ki, Gürcüstan Rusiyanın “caynağından” birdəfəlik xilas olmağa çalışır: “Xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməsi adından göründüyü kimi, heç də Gürcüstanı xarici təsirlərdən qorumaq məqsədi daşımır. Əskinə, bu yolla Rusiyanın Gürcüstanda təsirini artırmağa çalışırlar. Çünki Gürcüstanın mövcud hakimiyyəti Rusiyaya yaxındır. Onların dəstəyi nəticəsində hakimiyyətə yiyələnib və müəyyən öhdəliklər götürüb”.

“Bu öhdəliklərdən biri də Rusiyanın təsir imkanlarını artırmaq, Qərbi sıxışdıraraq Gürcüstanda çıxarmaqdır. Gürcüstan Prezidenti də müxalifəti dəstəklədiyini bəyan edir. Artıq hakimiyyət geri çəkilib və qanun layihəsinin müzakirəsinə yekun vurub. Rusiya unudur ki, Gürcüstan demokratik ölkədir və burada istədiyi ssenarini həyata keçirə bilməcəyək”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Ukrayna təcavüzündən sonra Rusiya Gürcüstan müxalifətinə təzyiqləri artırıb: “Düzdür, bunu özləri etmirlər. Gürcüstan hökumətinin əli ilə edirlər. Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin həbsxanada qeyri-insani münasibətə məruz qalması, Gürcüstan müxalifətinin hüquqlarının pozulması bunun bariz nümunəsidir”.

“Rusiya Ukraynaya təcavüzdən əvvəl düşünürdü ki, Ukraynaya hücum edib, qısa müddətə Kiyevi nəzarətə alacaq. Sonra da orada öz hakimiyyətini quracaq. Amma buna nəinki nail olmadı, hazırda özü məğlubiyyətin bir astanasındadır. Çünki Ukrayna və Gürcüstan demokratiyaya keçid ediblər. Onlar demokratiyanı dadıblar və bundan sonra heç kim onların iradəsini zorlaya bilməz. O ki qaldı Gürcüstandakı hadisələrə, burada növbəti hakimiyyət dəyişikliyi baş verə bilər və istisna olunmur”, - deyə Əlizadə vurğulayıb.

Siyasi şərhçi Elxan Şükürlü isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, ABŞ və Qərb Rusiyanı tükətməyə çalışır: “Gürcüstanda baş verən etirazlar bundan qaynaqlanır. Ötən ilin fevralından başlayan və bu günə qədər davam edən Rusiya-Ukrayna müharibəsi növbəti mərhələyə qədəm qoyur. İddialara görə, Rusiya Ukraynaya qarşı həlledici döyüşə hazırlayır. Müharibə başlayandan bəri Ukraynaya müxtəlif yollarla dəstək göstərən, Rusiyaya qarşı isə çoxvektorlu iqtisadi sanksiyalar tətbiq edən Qərb Moskvanın gücünü bölmək istəyir. Məhz elə bu səbəbdən də Rusiya üçün strateji əhəmiyyət kəsb edən digər bölgələrdə də vəziyyəti qarışdırmağa çalışır. Orta Asiya və Cənubi Qafqazda gərginlik ocaqları yaradılır. Türkiyədə keçiriləcək seçkilərə qədər Paşinyan iqtidarını Azərbaycanla sülh sazişi imzalamaqdan yayındıran Qərb dairələri Gürcüstanda ictimai etirazları tətikləyir”.

“Qərbdə yaxşı anlayırlar ki, xarici agentlər haqqında qanun layihəsi qəbul edilərsə, bu, onların Gürcüstana təsir imkanlarını minimuma endirəcək. Eyni zamanda, Gürcüstan üzərindən digər region ölkələrinə təsir imkanlarının da qarşısını alacaq”, - deyə müsahibimiz söyləyib.

Analitikin fikrincə, ABŞ və Qərb Gürcüstanda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətindədir: “Çünki Qaribaşvili hökumətinin Rusiyaya yaxınlığı şübhə doğurmur. Etirazlar yolu ilə Qərbə bağlı qüvvələri iqtidara gətirmək, bununla da Rusiyanı daha da zəiflətməyə nail olmaq istəyirlər. Gürcüstanın hökumət başçısı Qərbi Gürcüstanı arxasız qoymaqda, onları indi Ukraynaya verdikləri dərəcədə onlara dəstək olmamaqda ittiham etmişdi. Qeyd etmişdi ki, əraziləri Rusiya tərəfindən işğal edilsə də, onlar münaqişənin sülh yolu ilə həllində maraqlıdırlar”.

“Moskvaya qarşı növbəti cəbhənin açılmasını Gürcüstanda da istəmirlər. Qərbə isə regionda sülh və əmin-amanlıq yox, Rusiya ilə döyüşəcək keçmiş ittifaq ölkələri lazımdır. Gürcüstandan da bu məqsədlə istifadə edirlər və yeni qaynar cəhbələr yaratmağa çalışırlar”, - deyə Şükürlü fikrini yekunlşadırıb.

Müəllif: Azər Niftiyev