Niyə yenə Şeyx, başqa namizəd yoxdur?

Maraqlı

14.09.2020 - 10:21

Professor: “Hansısa azərbaycanlının Nobel mükafatı almasına yalnız fərəhlənmək olar”

 

Məlum olduğu kimi, bu il Azərbaycandan Nobel mükafatına cəmi bir nəfər - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə namizəd göstərilib. Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti Bəybala Ələsgərov bildirib ki, QMİ sədrinin Nobel Sülh Mükafatına ekspert qrupu tərəfindən namizədliyi artıq təsdiqlənib.

 

Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanı Nobel Sülh Mükafatınada ən çox təmsil edən şəxs Allahşükür Paşazadə olsa da, indiyədək mükafatı əldə edə bilməyib. Bəs, Şeyx hansı xidmətlərinə görə, bir neçə dəfə bu mükafata namizəd göstərilib? Ümumiyyətlə, Azərbaycanda Nobel üçün alternativ namizəd niyə yoxdur?

Qulu Məhərrəmli: “Dilçiliklə məşğul olan qara fəhləyik” - MÜSAHİBƏ -  modern.az

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli AYNA-ya açıqlamasında deyib ki, Paşazadənin sözügedən mükafata namizədliyinin insanlarda aqressiya yaratması təəccüblüdür: “Biz ölkə daxilindən bir az kənara da baxmalıyıq. Mən Allahşükür Paşazadə ilə bir neçə dəfə beynəlxalq konfranslarda, xarici səfərlərdə olmuşam. Bu istiqamətdə onun xidmətlərinin olduğunu müşahidə etmişəm. Məsələn, Küveytdə, Misirdə, Əlcəzairdə, Pakistanda, İranda onun böyük hörməti var. Hesab edirəm ki, hansısa azərbaycanlının Nobel mükafatı almasına yalnız və yalnız fərəhlənmək olar”.

 

“Bizdə, ümumiyyətlə, Allahşükür Paşazadə ilə bağlı neqativ fikirlər mövcuddur və təəssüf ki, onların əksəriyyəti həqiqəti əks etdirmir. Digər tərəfdən, müəyyən qruplar var ki, bilərəkdən ona qarşı kampaniya aparır. Mənim üçün Allahşükür Paşazadə daha çox 20 yanvar hadisələri zamanı verdiyi bəyanatlarla yadda qalıb. Bəlkə də, məhz onun təsirindəyəm deyə, şeyxə Nobel mükakafatının verilməsini yüksək qiymətləndirərəm”, - müsahibimiz bildirib.

 

Professor Azərbaycanda Nobelə alternativ namizədlərin olmamasından da danışıb: “Alternativ namzidələr fəaliyyət sahələri ilə bağlıdır. Elm sahəsində bizim çoxlu tanınmış alimlərimiz var. Amma təəssüf ki, onlar ölkə daxilində deyillər. Məsələn, Rafiq Əliyev dünya miqyasında tanınmış alimdir, konkret bir xətlə hərəkət edir və ciddi elmi araşdırmaları var. Onların da nəticələri tətbiq edilir və dünya bundan bəhrələnir. Yaxud da texnologiya sahəsində xarici ölkələrdə yaşayan tanınmış alimlərimiz var və birgə tədqiqat aparırlar. Yaponiya laboratoriyalarında tibb sahəsində işləyən görkəmli alimlərimiz var. Ona görə də Nobel mükafatı istər sülh, istər ədəbiyyat, istərsə də digər sahələrdə olsun, əlbəttə ki, bunun haqqında fikirləşmək lazımdır. Bu, həm elm üçün, həm də dünyaya bəxş edilən sülhün bərqərar olması üçün vacibdir”.

 

“Mən xatırlayıram, Çeçenistan hadisələri zamanı Şeyxin insan qırğının qarşısının alınmasında çox böyük rolu olmuşdu. Buna baxmayaraq, alternativ namizədin olması da yaxşıdır ki, tanınmış şəxsiyyətlərimiz dünya arenasına çıxsınlar və onlar dünyada da tanınsınlar”, - Məhərrəmli əlavə edib.

Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda  seminar-müşavirə keçirilib

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə Paşazadənin namizədliyinin təsadüfi seçim olmadığını deyib: “Şeyxülislam Allahşükür Paşazadə 40 illik fəaliyyəti ilə bunu haqq edir. Şeyxülislamın beynəlxalq müstəvidə, dinlərarası əməkdaşlıq yönündə fəaliyyəti, beynəlxalq nüfuzu, sülhməramlı, humanitar təşəbbüsləri, tolerant, multikultural dəyərlərin qlobal miqyasda təbliği böyük bəşəri önəm daşıyır. Biz bununla, sadəcə fəxr etməliyik. Bu, Azərbaycan dövlətinin və xalqının uğuru, bəşəri müstəvidə nüfuzunun göstəricisidir. Bu, həm də Azərbaycan mənafelərinin müdafiəsi, haqq işinin təbliği üçün ali xitabət kürsüsüdür”.

 

“Dünya miqyasında tanınan, qəbul edilən, nüfuz sahibi olan dini lideri ilə öyünmək əvəzinə, ona qarşı əsassız qarayaxma ilə məşğul olanların fikirləri ermənilərin təbliğatı ilə üst-üstə düşür. Namizədliyin irəli sürülməsi bir nəfərin qərarı ilə deyil. Prosedurlara görə, namizədlərin seçimi üçün onlarla nüfuzlu mərkəzlərin və tanınmış şəxsiyyətlərin rəyləri öyrənilir. Bu, uzun bir prosesdir və namizədin fəaliyyəti ekspert qrupu tərəfindən dəyərləndirildikdən sonra təsdiq edilir”, - QMİ sözçüsü vurğulayıb.

Müəllif: Mərahim Nəsib