İmadəddin Nəsimi - <font color=red> Tarixin gizli siması</font>

Maraqlı

17.09.2019 - 20:41

Nəsiminin sosial və siyasi düşüncələri əsasında

 

Nəsimi sadəcə Azərbaycan türkcəsində ilk dəfə olaraq divan yazıb-yaradan şair, sadəcə şeirlə fəlsəfəni vəhdətə çatdıran alim və ya sadəcə şərq ədəbiyatında böyük və parlaq sima deyil. Nəsiminin dünyası və dünya görüşü daha genişdir. O qədər geniş ki, hətta Nəsimi sadəcə insanları yüksək və bərabər qiymətləndirən, cinsiyyət ayrıseçkiliyini aradan qaldıran və bütün bəşəriyyətə aid olan insan da deyil. Bəlkə Nəsiminin tarix boyu gizli qalmış özəllikləri də var və bunlardan biri onun siyasi-ictimai cəhətləridir.

 

Bu məqalə dahi Nəsiminin fars divanı və İranda nəşr edilmiş qaynaqlara istinad edilərək yazılıb.

 

“Mənsur'i Həllac tək ənəlhəq diyən insan

Cahil əlindən qorxuya verməzdir aman”.

 

Dövrün sosial və siyasi vəziyyəti

 

Əmir Teymurun başladığı asiya və Qafqaz fəthləri ilə yanaşı təriqətlərin də meydana çıxması üçün şəraitlər yaranmışdı və təriqətlərin meydan oxuması mümkün olmuşdu. Çünki yeni qurulmuş hökümətin təsiri toplumun qarışıq duruma düşməsi ilə nəticələnmişdi. Paralel olaraq təriqət və düşüncə üzərində ədalətə əsaslanan ictimai-siyasi proseslər cərəyan etməyə başlamışdı.

 

Teymur xanədanlığının dindən istifadə edərkən öz siyasi planlarını hayata keçirməsinə qarşı reaksiyalar baş qaldırmışdı.  Fərqli təriqətlər, kütlələr istəklərini və habelə cəmiyyətin ictimai-siyasi hüquqlarını qorumaq üçün müdafiəçiyə çevrilmişdi. Bu təriqətlərin arasında hürufiyə təriqəti də eyni istəklərlə Fəzlüllah Nəimi tərəfindən yaradılmışdı.

 

Fəzlüllah qısa müddətdə bir çox şagirdlər və müridlər toplamışdı. Həmin müridlərdən təkcə dördü Fəzlüllaha daha yaxın hesab olunub ki, onlardan biri də İmadəddin Nəsimidir. Nəsimi ustadına qayğısını, sevgisini və vəfasını hər zaman şeirlərində əks etdirib. Örnək üçün:

 

“Ey Nəsimi Fəzlüllah nəzəri vardırsa sənə,

Bəndu zənciru düstaqı mərhəmət bil incimə” (Nəsimi, Fars Divanı, 1972”

 

Hürufiyə inancları

 

Hürufiyə qurucularınin təlimləri Quranın müqtaat hüruflarının (kəsik sözlər anlamındadır, nümunə üçün Bəqərə surəsinin ilk ayəsi: A-L-M) təfsiri əsasında olduğuna görə "hürufiyə" adını seçmişdilər. Və bu təriqətin qayəsini inam, sosial və siyasi məsələlərin tələbi təşkil edirdi.

İnam baxımından belə ifadə etmək olar ki, hürufilər iudaizm, xristianlıq, islam və təsəvvüfün fəlsəfəsini öyrənib, bunların təlimi, təsiri və ən önəmlisi, tərkibi əsasında öz məktəblərini qurmuşdular. Həmçinin humanizm əsasında qurulmuş məktəbin nümayəndələrinin şüarları bəşər övladını dəyərləndirməkdən, ucaltmaqdan və tanrılaşdırmaqdan ibarət idi.

 

“Anladıqca  İsa və Musadan sirr ilə razi

Nuha gəmi olduq kafirlərin isə dənizi”.

 

Eduard Broun hürufilər haqqında olan yazılarında İshaq Əfəndinin fikrini belə əks etdirir: “Hürufilər Fəzlüllahın tanrılığına inanırdılar və elə düşünürdülər ki, tanrı peyğəmbərlərin göstərdiyi gücdür”. Və başqa mənbəyə istinadən, insanı tanrılaşdırmaq hürufilərin təməlidir. İndi isə belə bir obrazı bu şəkildə genişləndirmək olar ki, hər insanda tanrılaşmaq və tanrı gücünü özündə əks etdirmək qabiliyyət vardır. Necə ki Nəsimi də özünü bu vəziyyətdə tapır və bu məqamda olduğunu dəfələrlə təkrar edir. Örnək üçün:

 

“Mən laməkanın sahibi heç laməkanə sığmazam,

Cismilə candan yüksəyəm, cismilə canə sığmazam”.

 

İzahı: Nəsimi özünü bütün varlıqların mərkəzində və təşkiledici bir komponent kimi tapır.

 

Hürufilərin sosial və siyasi cəhtləri

 

Sosial məsələləri haqqında - hürufilər təriqətində cinsiyyət ayrıseçkiliyinin qaldırılması onların humanizm ideyalarının göstəricisi olub. Bu iddianın sübutuna imza atan faktlardan biri budur ki, Fəzlüllah neçə oğul atası olaraq “Allah hiyə oliya”  adlı qızını öz yerinə təyin edir. Və qadınların iştirakını toplumda artırmaqla onların təsirini daha çoxaldır. Nəsiminin şeirində  bu məqamla bağlı gözləmələr var:

 

“Adəmü Həvva üzləri gerçək tələdir

Əslində üzün hər ikisi bir dənədir”.

 

“Üzlərin fərqinə baxma, demə, fərqində gərək

Birdir hamısı ot, şam, gecə, məclislə kəpənək”

 

“Hər kəs kəndinə məxsus sifətlə tapmış yerini

Bərabər gör hamını müflisü aqil, dəlini”.

 

Hürufilərin siyasi cəhətləri haqda qeyd emək olar ki, onlar hər zəman, hər yerdə və hər halda özlərinə məxsus ideologiyalar əsasında hökumətlərini qurmağa çalışırdılar. Bu məqsədlə də hökumətin içərisinə və idarəetmə mərkəzinə nüfuz etməyə səy göstərirdilər. Buna görə də Təbriz, Herat və digər şəhərlərdə üsyanlar etmişdilər və nəticədə hakimlər din alimlərinin fətvası ilə onları öldürmüş, qiyamlarını nəticəsiz qoymuşdu. Bundan əlavə, Hicri təqvimi ilə 830-cu ildə Fəzlüllahın ölümü ilə bağlı hürufilər radikal planlar hazırlayıblar. Və əmirliyi öldürməyə qəsd ediblər.

 

Son söz: 

 

“Mənsuri həllac tək ənəlhəq diyən insan

Cahil əlindən qorxuya verməzdir əman”.

 

Məhəmməd Şərif

Müəllif: Ayna.az