Netanyahu etirazlara səbəb olan islahatların dayandırıldığını açıqlayıb

Dünya

27.03.2023 - 13:38

Baş nazir partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bu qərarı verib

İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə minlərlə insanın etirazına səbəb olan məhkəmə islahatlarını dayandırmaq qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə “Radio Kan” məlumat yayıb.

Baş nazir bu barədə İsrailin Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşündən sonra deyib.

Qeyd edək ki, bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant məhkəmə-hüquq islahatlarına qarşı çıxıb və ölkə hökumətini respublikanın təhlükəsizliyinə təhdid olduğu üçün onu dayandırmağa çağırıb. O, Benyamin Netanyahu hökumətində islahatlara qarşı çıxan ilk əsas nazirlərdən biri olub.

Xatırladaq ki, İsraildə məhkəmə islahatına qarşı etiraza 600 mindən çox adam çıxıb. Təl-Əvivdə nümayişdə 300 minə yaxın israilli iştirak edib.

Baş nazirin islahatları həyata keçirilsə, parlament çoxluğu Ali Məhkəmənin hakimlərinin seçiminə nəzarəti ələ keçirəcək ki, bu da öz növbəsində Nazirlər Kabinetinin qərarlarını ləğv etmək hüququnu itirəcək. İsraillilər isə belə bir islahatların düzgün olmadığı qənaətindədirlər.

Müəllif: Ayna.az