Şəhidlər xiyabanında şəhidlərin məzarları ziyarət olunub
Neftçalada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. AYNA xəbər verir ki, əvvəlcə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub.
Şəhidlərimizin ildönümü mərasimində iştirak edən Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun 30 il davam edən işğala qısa müddətdə son qoyduğunu və ölkəmizin ərazi bütövlüyünün tam bərpa edildiyini deyib. Bildirib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu ordu quruculuğu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası möhkəmləndirilib, ordumuz müasir silahlarla və hərbi texnika ilə təmin edilib, əsgərlərimizin döyüş qabiliyyəti yüksəlib. Xalqımız qəhrəman əsgərlərimizin şücaəti və cəsarəti sayəsində düşmən üzərində tarixi qələbə əldə edib və bununla da “Böyük Ermənistan” xülyasına son qoyulub.
Tədbirdə iştirak edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Vətən müharibəsi şəhidlərinin xatirəsinin hər zaman yad edildiyini, tarixi qələbəmizə görə onlara borclu olduğumuzu deyib. O, Ermənistanın 30 illik işğal zamanı tarixi abidələrimizi dağıtmasından, dini ziyarətgahlarımızı təhqir etməsindən söz açıb, düşmənin digər barbar hərəkətləri barədə danışıb. Şəhidlərimizin döyüş yolundan da söz açan icra başçısı, onların canı bahasına qazanılmış qələbənin ən böyük tarixi hadisələrdən biri olduğunu qeyd edib.
Anım mərasimində şəhid atalarına Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Qələbəmizin rəmzi olan “Dəmir yumruq” xatirə simvolu təqdim edilib.
Daha sonra Aşağı Qaramanlı kəndindəki Şəhidlər xiyabanı ziyarət olunub. Burada 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Elimdar Səfərovun ev-muzeyinin açılış mərasimi keçirilib. Mərasimdə Elimdar Səfərovun döyüş meydanındakı qəhrəmanlığından, igidliyindən, şücaətindən danışılıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Keçirilən görüşlərdə şəhid ailələrinin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
