ƏƏSMN: Birdəfəlik ödənişlər üçün təkrar müraciətə ehtiyac yoxdur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat katibi Fazil Talıbov, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmənin verilməsi ilə bağlı ən çox verilən sualları cavablandırıb. Beləliklə:
Sual: Ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq?
Cavab: Bəli. Ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.
Sual: Təkrar müraciətə ehtiyac var?
Cavab: Xeyr. Ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq.