Rəis Rəsulzadə: "Cümhuriyyətin 100 illiyi ilə bağlı istənilən mükafatı almaq şərəfdir"
Bu gün bir qrup tanınmış şəxs "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub. Onların sırasında Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin varisi-nəvəsi Rəis Rəsulzadə də var.
AYNA-ya danışan Rəis Rəsuzladə bildirib ki, yibiley medalı ona bu gün təqdim olunub: “Mükafatı bu gün almışam. Düzünü deyim ki, bu barədə heç fikirləşmirdim. Hər halda, Cümhuriyyətin 100 illiyi ilə bağlı istənilən mükafatı almaq şərəfdir. Cümhuriyyət istər dövlətçilik tariximizdə, istərsə də vətəndaş kimi fəaliyyətimizdə ən böyük dəyərdir”.
Rəsulzadənin nəvəsi Cümhuriyyətin 100 illiyini görməyin belə, onun üçün xoşbəxtlik olduğunu vurğulayıb: “Cümhuriyyət demək, Rəsulzadə deməkdir, bayraq deməkdir, istiqlaliyyət deməkdir, milli məfkurə deməkdir, qanlı-qadalı illər deməkdir, şəhidlər deməkdir, başqa dövlətlər arasında Azərbaycanın mövqe tutması və s. deməkdir. Cümhuriyyət şərəfdir, şöhrətdir, qürurdur. Rəsulzadə ocağının bir nümayəndəsi kimi Cümhuriyyətin 100 illiyini görməyimin özü böyük xoşbəxtlikdir. Həyatıma, taleyimə minnətdaram ki, bu hadisəni yaşadım”.
“Yubiley medalına layiq görülənlər arasında bir neçə şəxs var idi ki, çox sevinirdilər. Bildirirdilər ki, “əməyimizin nəticəsi olaraq Cümhuriyyətimizin təntənəsi öz yerini tapdı”. Onların səmimiyyətinə heç də şübhə etmədim”, – deyə R.Rəsulzadə əlavə edib.
Müsahibimiz, M.Ə.Rəsulzadə haqqında təhqiramiz ifadələr işlətmiş deputat Naqif Həmzəyevin də yubiley medalı ilə təltif olunmasına münasibət bildirib: “Rəsulzadəni təhqir edən şəxs özü təhqir olunası adamdır, əgər adam adlandırmaq mümkündürsə. Çünki Rəsulzadəni təhqir etmək Azərbaycanı təhqir etməkdir, Azərbaycan tarixini təhqir etməkdir. Baxmayaraq ki, hansı partiyaya mənsubdur, hansı imana baş əyir, bilməlidir ki, müstəqil Azərbaycan tarixi, mənəviyyatı, azərbaycançılıq, türkçülük, azadlıq, birmənalı olaraq Rəsulzadənin adı ilə bağlıdır”.
“Heç kimə sirr deyil ki, Rəsulzadənin adının çox qabardılmaması ilə bağlı xüsusi göstərişlər var idi. Ümid edirəm ki, tədricən bu göstərişlər aradan qalxacaq. Çünki Rəsulzadənin böyük irsi var, o, böyük bir ideoloqdur. Rəsulzadə milli azadlıq ideologiyasını əsaslandırıb, onu oxumaq, duymaq, öyrənmək, təbliğ etmək lazımdır. Hamı yaxşı bilir ki, Azərbaycanı ilk dəfə coğrafi anlamdan siyasi anlama, dövlətçilik anlamına çıxaran şəxs Rəsulzadə olub”, – deyə varis vurğulayıb.