Nazirlərin vasitəçisiz sülh danışıqlarından gözləntilər - Diqqətlər Almatıya!

Siyasət

01.05.2024 - 14:00

Həkimlər Klinikalar SEO Xidməti

Fərid Şəfiyev: “İmkan var ki, tezliklə, Bakıda keçiriləcək COP29 tədbirinədək sülh sazişinin çərçivə sənədi imzalansın”

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Qazaxıstanın Almatı şəhərində görüşəcəklər. Nazirlər məkan olaraq Qazaxıstanda sülh sazişi layihəsi ətrafında ilk dəfə olacaq ki, müzakirə aparacaqlar.

“İrəvan tərəfindən təklifə cavab verilmədiyi üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Qazaxıstanda planlaşdırılan danışıqların tarixi hələ müəyyən edilməyib”, - deyən Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev deyib ki, danışıqların baş tutacağına ümid edir. Onun sözlərinə görə, Qazaxıstanın Bakı və İrəvana bu danışıqlar üçün platforma təklif etməsi təsadüfi deyil. Belə ki, Astananın Qarabağ probleminin həllində vasitəçilik rolu ötən əsrin 90-cı illərindən məlumdur.

“Bakı və İrəvan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Almatıda keçiriləcək görüşdə iştirak edəcəklərini təsdiqləyiblər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda baş tutacaq. Tədbirin vaxtı əlavə olaraq açıqlanacaq”. Bu sözləri isə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

Nazirlərin görüşüntən gözləntilər barədə AYNA-nın suallarını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri, politoloq Fərid Şəfiyev deyib ki, təmasların olması müsbət məqamdır:

- 44 günlük müharibədən sonra Azərbaycan tərəfi Ermənistan tərəfinə sülhlə bağlı öz təkliflərini verib. Bu sənəddə rəsmi İrəvan 9-cu dəfədir ki, öz düzəlişlərini edir, istəklərini bildirir və Bakıya göndərir. Təbii ki, həmin sənədin dəqiq detalları haqqında danışa bilmərəm. Ümumi yanaşma ondan ibarətdir ki, sülh sazişi çərçivə sənədi olsun, əsas prinsiplər orada göstərilsin. Söhbət Bakının təqdim etdiyi beş prinsipdən gedir. Güman ki, Almatıda həmin beş prinsip üzrə danışıqlar baş tutacaq.

- Nəticə nə olacaq?

- Hansı nəticənin əldə ediləcəyini demək bir qədər çətindir. Hər halda bütün görüşlər, təmaslar prosesə təkan verir. Nazirlərin Almatıdakı görüşündə də detallar üzrə müzakirələr aparılacaq və nələrsə yəqin ki, razılaşdırılacaq. Əsas məsələ odur ki, Azərbaycan prosesin vasitəçisiz olmasını, danışıqların vasitəçisiz aparılmasının tərəfdarıdır. Delimitasiya prosesinin başlaması və müsbət məqamlar onu göstərir ki, Bakı və İrəvan vasitəçisiz danışıqlarla nəticələr əldə olunur. Ermənistan tərəfi istəyir ki, vasitəçi olsun, havadarlarından kimsə gəlsin masada əyləşsin, bəlkə hansısa kömək edə bilsin. Bu əvvəl idi, vasitəçisiz görüşlərdən rəsmi İrəvan boyun qaçırırdı. İndi isə İrəvan yavaş-yavaş vasitəçisiz danışıqlara gəlir.

- Yəni XİN başçıları Almatıda görüşsələr də, bu Qazaxıstanın vasitəçiliyi mənasına gəlmir...

- Təbii ki, Qazaxıstanda XİN başçılarının görüşü də vasitəçilərsiz danışıqlar formatına daxildir. Düzdür, görüş Almatıda keçiriləcək, amma bu, Qazaxıstanın vasitəçiliyi demək deyil. Rəsmi Astana da görüş barədə açıqlamasında danışıqlara sadəcə ev sahibliyi etdiyini bəyan etdi. Qazaxıstan sadəcə olaraq, danışıqlar meydanıdır. Orada iki ölkənin nazirləri danışacaqlar, müzakirə aparacaqlar və kənar müdaxilə olmayacaq. Görüşün Almatıda keçirilməsi həm də ona görədir ki, Qazaxıstan hər iki tərəflə - həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətləri olan ölkədir. Bir növ, Astana məsələyə neytral mövqedə dayanır.

- Danışıqların, görüşlərin intensivliyi deməyə əsas verirmi ki, yaxınlarda sülh sazişi imzalanacaq? Belə proqnozlar var ki, payızadək, Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirədək sülh müqaviləsinin imzalanması mümkündür...

- Problemlərin hamısı həll olunmayıb, amma prosesdə müsbət dinamika var. Təbii ki, detallar müzakirə edilir. Əsas üç məsələyə diqqət yetirmək lazımdır. Birincisi, ölkələrin ərazi bütövlüyü məsələsidir. Burada problem Ermənistanın Konstitusiyası ilə bağlıdır. Ermənistanın Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsinə iddia var. Söhbət 1989-cu ilin dekabrın 1-də qəbul olunan qərardan gedir. Digər məsələ delimitasiya və demarkasiya, eyni zamanda nəqliyyat-kommunikasiya ilə bağlı problemlərdir. Düzdür, delimitasiya və kommunikasiyalar məsələsi ilə bağlı müsbət dinamika müşahidə edilir.

Hesab edirəm ki, bu üç məsələ tam olmasa da, böyük ölçüdə sülhlə bağlı çərçivə sənədində həllini tapacaq. Sülh müqaviləsi doğrudan da çərçivə sənədi olacaq və orada müəyyən detallar göstərilməyəcək. Bir nömrəli məsələ olan Ermənistanın Konstitusiyasındakı Qarabağa iddia məsələsidir. Bu Konstitusiya dəyişməlidir. Ermənistanın Baş naziri bu barədə danışıb, bəyanatını verib və dəyişikliyin lazım olduğunu söyləyib. Amma iki-üç aya Ermənistanın Konstitusiyasını dəyişdirəcəyini gözləmək olmaz. Bu, çətin alınar. Yəqin ki, sülh sazişi sənədində istinad veriləcək ki, hansısa daxili qanunvericilik aktı sülh sazişinin icrasına maneə yaratmamalıdır.

Delimitasiyaya gəlincə, bu prosesin artıq başladığını demək olar. Ermənistan istəyirdi ki, orada dəqiq rəqəmlər göstərilsin, istədikləri xəritəyə istinad olunsun və s. Amma alınmadı. Çərçivə sənədində istinad ediləcək ki, delimitasiya məsələsi iki ölkənin komissiyaları çərçivəsində həllini tapacaq. Prezident İlham Əliyev də bildirdi ki, ən çətin məsələlər ikinci, üçüncü mərhələdə həll olunmalıdır.

Nəqliyyat-kommunikasiyalar problemi, Zəngəzur dəhlizi məsələsinin həlli parametrləri yəqin ki, çərçivə sazişində göstərilməyəcək. Çünki bunun üçün əlavə vaxt lazımdır. Beləliklə, imkan var ki, tezliklə, Bakıda keçiriləcək COP29 tədbirinədək sülh sazişinin çərçivə sənədi imzalansın. Amma təcrübə onu göstərir ki, Ermənistanla bağlı proqnoz vermək çətindir. Hələlik Ermənistanda proseslər mürəkkəbdir. Ona görə də sülh sazişinin imzalanması ilə bağlı konkret hansısa tarix demək çətindir.

Müəllif: Anar Bayramoğlu