“Newsweek”: NATO Trampın ABŞ Prezidenti postuna geri dönəcəyi təqdirdə ABŞ-ın Alyansdan çıxmasından qorxur
NATO hesab edir ki, Donald Tramp ABŞ Prezidenti postuna qayıdarsa, ölkə NATO-dan çıxacaq və ya hərbi blokun fəaliyyətində maliyyə iştirakını əhəmiyyətli dərəcədə azaldacaq. AYNA xəbər verir ki, bu barədə “Newsweek”ə NATO-nun siyasət planlaşdırması üzrə keçmiş direktoru Fabrik Potier deyib.
“Tramp bu ideyanı ilk prezidentlik dövründə irəli sürdü və Amerika hökuməti, Pentaqon və Konqres tərəfindən bloklandı. Sonra o dağıdıcı baxışını digər məsələlərə, məsələn, İranın nüvə sazişi ilə bağlı irəli sürdü. Ola bilər ki, Tramp qayıdarsa, bu dəfə NATO-dan çıxmaq fikrinə qayıdacaq”, - deyə keçmiş hərbi məmur bildirib.
Bir müddət əvvəl amerikalı politoloq Malek Dudakov bildirmişdi ki, ABŞ-da sabiq Prezident Donald Tramp hakimiyyətə gələrsə, Avropanın Ukraynaya dəstəyində tək qalmaq riski kifayət qədər yüksəkdir. Həmçinin Dudakovun sözlərinə görə, avropalılar haqlı olaraq Trampın NATO blokunu dağıtmağa qərar verə biləcəyindən ehtiyat edirlər.
Politoloq qeyd edib ki, bu institut onun üçün o qədər də maraqlı deyil, onun prioriteti Trampa yaxın siyasətçilərin hakimiyyətdə olduğu konkret ölkələrlə işləməkdir.