“Narahat idi ki, müharibə bitəcək, o, döyüşlərə qatıla bilməyəcək...” - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

20.12.2020 - 21:05

Vətən üçün, şəhidlik üçün özünü oda-közə vuran igid: “Oturmağa deyil, döyüşməyə gəlmişik”

 

44 günlük Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Təbii ki, dövr nə qədər dəyişsə də, yeni texnologiyalar meydana çıxsa da, müharibənin taleyini İNSAN - qəhrəman əsgərlər, hərbçilər və könüllü döyüşənlər həll edir. Ona görə də heç bir müharibə itkisiz ötüşmür. Azərbaycanın haqlı davasında qələbə qazanmasının əsas pay sahibləri də, əzmkarlıqla döyüşən, qazilik və şəhidilik mərtəbəsinə yüksələn qəhrəmanlardır.

 

Bu qələbədə pay sahibi olanlardan biri də, Bakı şəhər sakini, şəhid Teymur Abbasovdur. Şəhidin qardaşı, Ağ Partiya sədri Tural Abbaslı AYNA-ya şəhid qardaşı haqqında xatirələrini bölüşüb: “Teymur 1981-ci ildə Bakıda dünyaya gəlib. 7 yaşında humanitar fənlər gimnaziyasında fars təmayülü bölməsinə qəbul olub. Gimnaziyaını bitirəndən sonra Gəncə Dövlət Universitetinin Şərşünaslıq fakultəsi, fars dili və ədəbiyyatı üzrə ixtisasına qəbul edilib. 2003-cü ildə ali təhsilini başa vurub hərbi xidmətə yollanıb. Hərbi xidmətini də ali təhsil aldığı Gəncə şəhərində yerinə yetirib. Hərbi xidmətini başa çatdırmağa üç ay qalmış leytenantlıq kurslarına qoşulub və hərbidən leytenant kimi tərxis olunub. Bir müddət müxtəlif işlərdə işləyib. Sonuncu iş yeri isə Azərbaycan Beynəlxalq Bankında olub”.

 

“Teymur iyuldakı Tovuz döyüşlərindən sonra könüllü olaraq Nəsimi rayonu üzrə Səfərbərlik Xidmətinə müraicət elədi. Ailədən isə heç kimin bundan xəbəri olmamışdı. Sentyabrın 27-də müharibə başlayanda dedi ki, döyüşmək üçün könüllü müraicət edib, amma onu çağırmırlar. Hansı ki, müharibə cəmi bir gün idi başlamışdı. Biz ilk dəfə onda xəbər tutuq ki, qardaşım könüllü döyüşmək üçün müraciət edib. Dəfələrlə səfərbərlik xidmətinə zəng edib onu nə üçün döyüşlərə aparmadıqlarını soruşurdu. İlk günlər müraciətini qəbul etmirdilər. Lakin Teymur hər dəfə dava-dalaş salıb, döyüşlərə qatılmaq üçün təkid edirdi. Nəhayət, ona döyüşlərə qatılacağı barədə məlumat veriləndə, evə gəlib bizə bu barədə xəbər verdi və qarşı çıxmaq üçün heç bir şans yeri qoymadı. Anam deyirdi ki, “körpə uşaqların var, onları qoyub getmə”, amma cavabında deyirdi ki, “mən qeyrətsiz yaşaya bilmərəm, bu, bizim qeyrət məsələmizdir”. Sonra da həyat yoldaşı ilə sağollaşdı və yoldaşına dedi ki, onu seçim qarşısında qoymasın”, - şəhid qardaşı danışır.

 

T.Abbaslı Teymurun döyüşlərə qatılmaq üçün necə təkid etdiyini xatırlayır: “Teymura çağırış məntəqəsindən zəng edib, onu döyüşlərə göndərə bilməyəcəklərini deyəndə, həddindən artıq əsəbləşmişdi. Nəsimi rayon Səfərbərlik Xidmətindən sənədlərinin orada olmadığını deyib, Yasamal idarəsinə göndərmişdilər. Yasamalda yenə də gözləməli olduğunu demişdilər. Lakin yenə də mübahisə edib, döyüşlərə qatılmaq istədiyini bildirmişdi. Sanki, döyüşmək üçün tələsirdi, elə bilirdi ki, müharibə bir neçə gündən sonra bitəcək və ona vaxt çatmayacaq. Hətta, bir neçə dostuna zəng edib ki, xahiş etmişdi ki, onu da aparmaları üçün şərait yaratsınlar. Nəhayət, döyüşlərə yollanacağı təsdiqlənəndən sonra, sentyabrın 29-u səhər saat 05:00-da səfərbərlikdən çağırdılar. Lakin axşam 22:00-a qədər gözlədi. Hətta, çay içməyə də getmirdi ki, birdən hamı gedər, onu aparmazlar. Nəhayət axşam 22:00-da əvvəlcə “Nasosn”u hərbi hissəsinə, oradan da Pirəkəşkül hərbi hissəsinə aparıb təlim keçiblər”.

 

“Leytenant olduğu üçün onu 30 nəfər əsgərə tağım komandiri təyin ediblər. Sonra isə birbaşa Füzuliyə yollanıblar. Füzulidə də birbaşa döyüşlərə qoşulmayanda yenə mübahisə edib ki, burada oturmağa yox, döyüşməyə gəlmişik. Hətta, mənə zəng edib bir dostumuzun döyüşlərdə olan qardaşının nömrəsini istədi ki, ona ön cəbhəyə getmək üçün köməklik göstərsin. Birinci atəşkəs olanda bir dostu mənə zəng eləyib dedi ki, Teymurun qanı qaralıb ki, döyüşə bilmədən müharibə qutarıb. Sonra onlara xəbər veriləndə bir-birini təbrik edib Hadruta yolanıblar”, - müsahibimiz bildirir.

 

Hadrutda isə bir neçə gün arxa təminatdan məhrum şəkildə döyüşməyə davam ediblər: “Teymur şəhid olandan sonra qazi yoldaşları bizə zəng edib dedilər ki, Teymur nəinki döyüşürdü, hətta, döyüşə-döyüşə əsgərlərinə də göz-qulaq olurdu. Su qıtlığı olsa da, yaralılara kömək edir, su tapıb paylayır, həm döyüşür, həm də əsgərlərin qayğısına qalırmış. Elə həyatda da belə yaşayır və özünü daxilən hərbçi kimi hiss edirdi. Hadrutda gedən döyüşlərdə yaralanır və aldığı güllə yarası nəticəsində yerindəcə dünyasını dəyişib, şəhidlik zirvəsinə ucalır”.

 

Qardaşının dediyinə görə, Teymur şəhid olmasaydı, iki gün sonra ailə həyatı qurmasının 10 illiyi tamam olacaqdı: “Hətta, həyat yoldaşı ilə qeyd eləmək üçün bəzi planlar da qurmuşdular. Amma evliliyinin 10 illiyi vəfatının üç mərasiminə təsadüf etdi. Özündən geriyə 8 və 9 yaşlı iki oğlu qaldı. Allah Teymurun timsalında bütün şəhidlərimizə rəhmət eləsin!”.

Müəllif: Mərahim Nəsib