Tələbələrin zəhərlənməsi ilə bağlı “düyün” açılmır: <font color=red> Kimdir müqəssir?</font>

Cəmiyyət

26.11.2019 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

“Tibbi xidmətdən imtina edən tələbə təqsirkardır, yoxsa həkim” sualı hamını düşündürür

 

Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti hazırda stabildir. Bu barədə AYNA-ya BDU-nun İctimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev məlumat verib.

 

Cəmiyyətdə məlum hadisə, təqsirləndirilən tərəflər barədə müxtəlif fikirlər səslənir. Baş verən zəhərlənmə hadisəsində tibbi personalın davranışı barədə məsələyə AYNA tutmağa çalışdıq.

Professor, tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, çağırışa gələn təcili yardım həkimləri zəhərlənmiş qızları xəstəxanaya yerləşdirməli idilər: “Ancaq xəstə imtina edərsə, həkim onu xəstəxanaya zorla göndərə bilməz. Bu vəziyyətdə xəstənin imtinası xüsusi bir jurnalda imzası ilə yazılı şəkildə təsdiqlənməliydi. Bu jurnal hər bir təcili yardım heyəti üçün mövcuddur”.

 

Yasamal rayon Təcili Yardım Stansiyasının müdiri Yusif həkimin dediyinə görə, xəstəxanaya yerləşdirilmədən imtina edən xəstə yazılı şəkildə öz imtinasını təsdiq etməlidir: “Xüsusi jurnala ehtiyac yoxdur. Xəstə xəstəxanaya yerləşdirilməkdən imtina etdikdə buna dair yazılı sənəd imzalayır”.

 

Zəhərlənən qızların xəstəxanaya yerləşdirilməkdən yazılı şəkildə imtina etmələri ilə bağlı sualımıza isə stansiya müdiri belə cavab verib: “Bilmirəm. Çağırışı bizim həkimlər yox, 8 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimləri qəbul ediblər”.

 

8 saylı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları isə bildirdilər ki, zəhərlənmiş qızlar yazılı şəkildə xəstəxanaya yerləşdirilməkdən imtina etməyiblər.

 

Baş verən hadisə ilə bağlı həkim Vaqif Qarayev də fikirlərini AYNA ilə bölüşüb: “Bəziləri deyirlər ki, tələbələri gərək zorla, məcburi xəstəxanaya aparardılar. Amma bu, səhv yanaşmadır. Ona görə ki, zərərçəkənlər 18 yaşını tamamlamış insanlardır. Özüm vaxtilə təcili tibbi yardım xidmətində işləmişəm. Kifayət qədər ağır vəziyyətdə olan körpə uşaqların xəstəxanaya aparılmasına valideynləri izn vermirdilər, çox dil tökürdük, yenə də imtina edirdilər. Təəssüf ki, bu imtinalardan ölüm halları da olurdu”.

 

“Bu xidmətin belə təlimatı var ki, xəstəni xəstəxanaya məcruri aparmaq olmaz, xəstə getməkdən imtina edirsə, artıq məsuliyyət öz üzərində qalır. Məlum hadisədə əgər xəstənin iltizam sənədi, xəstəxanaya getməkdən imtinası yazılı şəkildə verilibsə, bu, həkimin heç bir məsuliyyət daşımadığına dəlalət edir”, - həkim bildirib.

 

V.Qarayevin fikrincə, qida zəhərlənməsinin labarotor analizlərinin nəticələri çoxdan verilməli idi: “Hələ də gözləyirik. Çünki istifadə olunan qidalarla bağlı çox fikirlər səsləndi. Tələbələrin özləri də dəqiq deyə bilmədilər. Ekspertiza nəticələrinin ictimaiyyətə açıqlanması məsələnin vacib tərəfini həll etmiş olar. Bundan sonra təqsirli tərəf baradə düşünmək olar”.

 

Həkim onu da əlavə edib ki, baş verən hadisə çoxuna dərs olmalıdır: “İndi küçədə, kafelərdə insan sağlamlığını təhlükədə  qoyan saysız-hesabsız qidalar var. Hər kəs hardan gəldi, məhsul alıb qidalanır, belə olmaz!”

 

Xatırladaq ki, bir neçə gün qabaq BDU yataxanasında zəhərlənən qızlardan biri Şəkər Xasmətova ölüb, Dilruba Quliyeva və Həmidə İbadova isə ağır vəziyyətdə 1 nömrəli Kliniki Tibbi Mərkəzə aparılıb. Baş verənlərlə bağlı cinayət işi açılıb, hazırda istintaq gedir.

Müəllif: Raminə Eyvazqızı