Muradovun missiyası bitdi, qalır Putinin məramı – Diqqət Qarabağa

Siyasət

09.09.2021 - 17:08

Rüstəm Muradov gedir: sülhməramlı missiya, ya da onların davranışı dəyişəcəkmi?

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov vəzifəsindən ayrılır. Bu barədə Ermənistanın müdafiə naziri Arşak Karapetyanla R.Muradovun görüşündə danışılıb.

Görüşdə R.Muradovu kimin əvəz edəcəyi barədə məlumat verilməsə də, böyük ehtimalla, kontingentin rəhbəri vəzifəsinə Cənub Hərbi Dairə komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin olunacağı gözlənilir.

Bəs görəsən, Rusiya sülhməramlı kontingentinin komandan dəyişikliyi hər hansı dəyişikliyə səbəb olacaqmı? Baş verən dəyişiklikdən sonra Rusiya hərbi qüvvələri tərəfindən 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan müddəaların həyata keçirilməsi müşahidə olunacaqmı?

AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyevin fikrincə, komandan dəyişikliyi Rusiyanın siyasətində hər hansı dəyişikliyə səbəb olmayacaq: “İstər Rüstəm Muradov, istərsə də hər hansı digər şəxsin Rusiya sülhməramlı kontingentinin komadanı olaraq fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb etmir. Rusiyanın dövlət siyasəti mövcuddur. Həmin siyasəti dövlət başçısı və Xarici İşlər Nazirliyi müəyyən edir. Hərbi kontingent isə onlara tapşırılmış vəzifələri icra edir. Burada kimin hərbi xidmət çəkməsinin heç bir fərqi yoxdur”.

Deputatın sözlərinə görə, Rusiya sülhməramlılarının onlara verilən mandatdan çıxması halları olub: “Bunu etiraf etmək lazımdır. Halbuki, onlar neytral mövqe nümayiş etdirməlidirlər. Münaqişə tərəfləri arasında hər hansı konfliktin və yaxud təxribatın baş verməməsi üçün çalışmalıdırlar. Burada subyektiv faktorlar da ola bilər. Bu və ya digər hərbçi öz xidməti ərazisində hansısa millətə qarşı simpatiya və antipatiya nümayiş etdirə bilər. Təbii ki, bu da yolverilməzdir.

“Lakin bütövlükdə sülhməramlı missiya öz üzərinə götürdüyü ödhəlikləri yerinə yetirməlidir. Əks halda Azərbaycan tərəfi öz qəti mövqeyini nümayiş etdirə bilər. Digər yandan, bu kimi hallar sülhməramlı missiyaya qarşı dərin inamsızlıq yaradır. Qərəzsizlik və neytrallıq sülhməramlı missiyanın birinci vəzifəsi olmalıdır”, - deyə həmsöhbətimiz bildirib.

Məhəməliyev əlavə edib ki, belə olan halda regionda sülh və əmin-amanlıq yaranacaq: “Müharibə yeni bitib. Müəyyən istisnalar ola bilər. Post-müharibə dövrü üçün bu, hardasa təbiidir. Uzun illər ərzində düşmənçilik edən qüvvələr arasında qısa müddətdə barışığın əldə edilməsi də asan məsələ deyil. Ələlxüsus da, Ermənistanın daxilində revanşist qüvvələrin müharibə çağırışları, millətçi kəsimin mövcud vəziyyətlə barışa bilməməsi bu gərginliyi artırır. Regionda gərginliyi saxlamaq və öz geosiyasi maraqlarını həyata keçirmək istəyən qüvvələr də olmamış deyil. Heç şübhəsiz, onlar öz korporativ maraqlarını həyata keçirmək üçün müxtəlif təxribatçı üsullardan istifadə edirlər. Hesab edirəm ki, zamanla bu kimi hallar da aradan qaldırılacaq”.

Politoloq Rasim Ağayev də o fikirdədir ki, Muradovun dəyişməsi Kremlin siyasətinə təsir etməyəcək: “Düşünürəm ki, Rusiya Qarabağdan getməyəcək. Getsə də, elə gedəcək ki, hansısa formada burada qalsın. Onların getməsi o demək olacaq ki, Moskva Cənubi Qafqazdan əlini üzdü. Bu, inandırıcı deyil.

Ümumiyyətlə, buna inanmaq sadəlövhlükdür. Münaqişə bölgəsinə digər qüvvənin gəlməsini tərəflərdən biri qəbul etməyəcək. Digər yandan Rusiya artıq güclü deyil. Və hadisələrə təkbaşına təsir etmək gücündə deyil. Hesab edirəm ki, Rusiyanın mühüm dövlət kimi gələcəyi postsovet məkanında öz mövcudiyyətini qorumaqdan keçir. Bunu Kremldə də, Rusiya hökumətində də qəbul edirlər. Bu səbəbdən Qarabağ münaqişəsində Rusiyanın rolu hələ uzun müddət qalacaq. Ya sülhməramlı heyət formasında, ya da başqa üsullarla”, - deyə analitik vurğulayıb.

Müsahibimiz Azərbaycanın daxil olduğu regionun həssas dövrünü yaşadığını qeyd edib: “Regionun gələcəyi ilə bağlı nikbin fikirlər səsləndirmək olmur. Rusiya, İran bizimlə qonşudur. Hər iki dövlətə qarşı ABŞ və Qərb açıq hücumlar həyata keçirir. Müxtəlif sanksiyalar imzalayır və bu sanksiyalarla həmin ölkələri iqtisadi itkilərə məruz qoyurlar. Xüsusən Rusiya daha ciddi iqtisadi təzyiqlərə məruz qalır. Bu dəyirman hələ çox su aparacaq.

“Bütün bunlar regionun gələcəyi ilə bağlı birmənalı mülahizə yürütməyə imkan vermir. Heç kim deyə bilməz ki, sabah nə olacaq. Sözsüz ki, belə bir vəziyyət regionda olan bütün dövlətlər, o cümlədən Azərbaycan üçün də narahatlıq doğurur”, - deyə ekspert söyləyib.

Ağayev xüsusi vurğulayıb ki, Rüstəm Muradovun yenisi ilə əvəzlənməsi heç nəyi dəyişmir: “Onlar hərbçilərdir. Hərbçilər isə əmrə müntəzirdir. Hansı tapşırıqlar veriləcəksə, onu da həyata keçirəcəklər. Bu mənada hər hansı dəyişikliyi gözləmək mənasızdır. Bu günə qədər necə fəaliyyət göstəriblərsə, bundan sonra da elə olacaq”.

Müəllif: Azər Niftiyev