Əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək
Bu gün Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksinin (ZRK) komponentlərinin ilk partiyasının Ankaraya tədarük edilməsi ilə bağlı məlumat yayılıb.
Bəs, bu komplekslərin Azərbaycan üçün nə kimi əhəmiyyəti var?
AYNA oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Türkiyənin müdafiə qabiliyyətini artırması, heç şübhəsiz, müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir.
“Türkiyə “S-400” raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda, əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək. Bu, Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən, artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə müsbət təsirini proqnozlaşdırmaq olar.
Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz etməməlidir”, – o bildirib.