“Moskva Azərbaycanla Ermənistan arasında sülh yarada bilməz”

Siyasət

21.10.2021 - 19:11

Qorxmaz İbrahimli: “Rusiya ilə hesablaşmaq lazımdır, amma rus ordusunu Azərbaycana buraxmaq olmazdı”

Dünyada və regionda baş verən siyasi hadisələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 44 günlük Vətən müharibəsi dövründə əldə etdiyimiz tarixi zəfər və Azərbaycanla Türkiyənin yaxınlaşması bəzi qüvvələri hərəkətə gətirib. İranın Azərbaycana, o cümlədən Türkiyəyə qarşı təzyiqləri, Gürcüstanda baş verən hadisələr, Çinin Tayvanı öz müstəmləkəsi adlandırması və hətta hərbi gücdən istifadə edəcəyini bəyan etməsi, ABŞ-ın və müttəfiqlərinin Çinə qarşı hədələri, Üçüncü Dünya müharibəsinin başlanacağı ilə bağlı ehtimallar dünya gündəmini məşğul edən əsas mövzulardır.

AYNA baş verənlərlə bağlı Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli ilə həmsöhbət olub.

- Qorxmaz bəy, son dövrlər İranla Azərbaycan və Türkiyə arasında münasibətlər kəskinləşib. İddialara görə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi və iki qardaş dövlət arasında yüksək müttəfiqlik münasibətləri İranı qıcıqlandırır. Bu iddiaları bölüşürsünüzmü?

- 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın dostları və Azərbaycanın gizli düşmənləri ortaya çıxmalı idi. Bu, əslində gözlənilən idi. Sözsüz ki, Qarabağ münaqişəsinin bitməsini istəməyən qüvvələr mövcuddur və onlar hər vəchlə münaqişənin ömrünün uzanmasına çalışırdılar. Azərbaycanın əldə etdiyi qələbədən sonra isə onlar hərəkətə keçdilər. İranla Azərbaycan arasında gərginlik həm geosiyasi, həm də iqtisadi səbəblərdən qaynaqlanır. Bilirsiniz ki, İran Qarabağ ərazisindən tranzit kimi istifadə edirdi. Vətən müharibəsindən sonra isə bu imkanlarını itirib. Hesab edirəm ki, Azərbaycan diplomatik qaydada bu problemi həll etmək iqtidarındadır. Zəngəzur dəhlizinin açılması ilə bu problem aradan qalxacaq.

Burada İranın vaxtilə Ermənistana verdiyi hərbi və iqtisadi dəstək amili də rol oynayır. Rəsmi Tehran bundan istifadə edərək, Ermənistanı müəyyən addımlara təhrik etmək istəyir. 1991-ci ildə dövlət müstəqilliyi əldə etdikdən sonra İran bizim müstəqilliyimizi tanımaq istəmirdi. Çünki İran özü bir imperiyadır və Azərbaycanın müstəqil siyasət yürütməsini heç bir halda qəbul etmək, bununla barışmaq niyyətində deyil. Təbii ki, burada Türkiyə faktoru da xüsusi rol oynayır. Türkiyənin güclənməsi, dünyanın əsas diplomatik oyunçulardan birinə çevrilməsi və  Azərbaycanla müttəfiqliyi fonunda, İran regionda öz strateji əhəmiyyətinin azalacağını düşünür. Məhz elə buna görə də bu birliyi sarsıtmağa, Azərbaycanı təzyiq altında saxlmağa çalışır. Lakin buna nail ola bilməyəcək.

- Azərbaycanla Türkiyənin münasibətlərindən söz düşmüşkən, bu münasibətlərin qorunub saxlanılması üçün hansı addımlar atılmalıdır?

- Məlumdur ki, Türkiyə iqtidarı uzun müddət fərqli xarici siyasət yürüdürdü. Ərəb coğrafiyasında öz sözünü demək yolunu tutmuşdu. Sonda bunun mümkün olmadığını anladı və Türk dünyasına geri döndü. Türk dünyasının da, Şərqin də, Turanın da açarı Azərbaycandan keçir. Türkiyə dövləti Azərbaycanla əsl qardaşlıq nümayiş etdirdi və 44 günlük müharibədə ölkəmizə zəruri olan bütün dəstəyi verdi. Müharibə dövründə də, ondan sonra da, bu gün də biz o dəstəyi hiss edirik. Bu dəstək Türkiyənin Rusiya və İranla, digər dövlətlərlə münasibətlərində də özünü aydın şəkildə göstərir. İran hər nə qədər Azərbaycana qarşı təzyiqlər göstərməyə çalışsa da, bilir ki, Azərbaycanın Türkiyə kimi qardaşı var. Hətta Azərbaycanın Türkiyə ilə ittifaq yaratmasını təklif edən siyasətçilər də var. Baxmayaraq ki, Türkiyə diplomatik normaları qorumağa çalışır, bütün hallarda İran məsələsində ölkəmizə dəstəyini davam etdirəcək. Hesab edirəm ki, bu, qarşıdakı dövrlərdə də belə olacaq. Azərbaycanın Türkiyə, Türkiyənin də Azərbaycanla bir yerdə olmaqdan savayı yolu yoxdur.

- Rusiya sühməramlı missiyasının fəaliyyəti ciddi müzakirə mövzusudur. Sizcə, rus hərbi kontingenti bölgədə sülhü təmin edə biləcəkmi?

- Mən heç zaman Rusiya sülhməramlıları ifadəsini qəbul etməmişəm. 10 noyabr səhəri rus sülhməramlıları Azərbaycana soxulan zaman mən ölkə hüdudlarından kənarda idim. Səhhətimdə yaranan problemlərə və xəstəxana şəraitində olmağıma baxmayaraq, buna açıq etiraz edirdim. O zaman da demişdim və bu gün də təkrar edirəm ki, rus ordusunu Azərbaycana buraxmaq olmazdı. Çünki Rusiya heç zaman sülh yaratmayıb. O cümlədən Ermənistanla Azərbaycan arasında da sülh yarada bilməz. Sülh yalnız bu iki xalqın arasında yarana bilər. Ermənistan öz səhvlərini dərk elədikcə sülh yaranacaq. Rus qoşunlarının burada olması ölkəmizə qarşı təhdiddir. Bir zamanlar bu arqumenti səsləndirəndə bizi iki dövlət arasında münasibələri gərginləşməkdə ittiham edirdilər. Bu gün rus hərbi kontingentinin sülhə qarşı olduğunu rəsmi səviyyədə də etiraf edirlər. Bütün bunlarla yanaşı, Rusiya yerləşdiyimiz coğrafiyada güclü dövlətdir və onunla hesablaşmaq lazımdır. Lakin bu, o demək deyil ki, Rusiya dövlətinin əsgərlərini burada yerləşdirmək lazım idi. Unutmaq olmaz ki, Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzləridir və qarşılıqlı hərbi öhdəlikləri var.

- Gürcüstanda siyasi münasibətlər yenidən gərginləşib. Saakaşvilinin həbsi ilə qonşu ölkədə yenidən hakimiyyət dəyişikliyinin olacağı söylənilir...

- NATO ilə keçmiş Sovet İttifaqı hərbi birləşməsi arasında bir zolaq var idi. SSRİ-nin çöküşündən sonra bu dövlətlər suverenlik əldə etdi və müstəqil siyasət yürütməyə başladı. Bildiyiniz kimi, 90-cı illərin əvvəllərində Baltikyanı ölkələr Moskvanın təsirindən xilas ola bildi. Onlar hazırda həm NATO-nin, həm də Avropa İttifaqının üzv dövlətləridir. Hazırda Ukrayna, Gürcüstan və Moldova Qərbə interqasiya siyasəti yürüdür, Avropanın tərkib hissəsi olmağa can atır. 2003-cü ildə Mixail Saakaşvilinin iqtidara gəlişi ilə Gürcüstan bu kursu götürməyə başlayıb. 2008-ci ildə Rusiya Gürcüstanın ərazisini işğal etməklə, onların NATO-ya gedən yolunu bağlamağa çalışdı. Lakin gürcü xalqı bu məsələdə israrlıdır və sona qədər dirəniş göstərəcək. Saakaşvilinin yenidən Gürcüstana qayıtması onu göstərir ki, həm gürcü xalqı, həm də demokratik Qərb bu məsələdə qəti qərarlıdır. Arzu etməliyik ki, Gürcüstan Rusiyanın təsir zolağından çıxsın. Bu, Azərbaycanın da maraqlarına uyğundur.

- Tayvan münaqişəsi Amerika ilə Çini üz-üzə gətirib. Çin Tayvanı işğal edəcəyini, ABŞ isə buna imkan verməyəcəyini bəyan edir. Bütün bunların fonunda Üçüncü Dünya müharibəsinin başlanacağına dair iddialar var. Bölüşürsünüz bu iddiaları?

- Onillərdir Çin Tayvana qarşı bu siyasəti yürüdür. Çünki bu gün Tayvanda Amerikanın hərbi kontingenti fəaliyyət göstərir. Rəsmi Pekin iddia edir ki, bu ərazilər ona məxsusdur və Tayvanı öz müstəmləkəsinə çevirəcək. Əslində isə onları əsas qıcıqlandıran məqam ABŞ həbrçilərinin əraziyə yerləşməsi ilə bağlıdır. Uzun müddətdir Çin Tayvana qoşun yeritməyə cəhd edir. Son dövrlər Çin hərbi təyyarələrinin bu ərazidə manevrlər etməsi, müxtəlif təxribatlar həyata keçirməsi həmin coğrafiyada münasibətləri yenidən gərginləşdirib. Lakin Amerika bu gün də dünyanın supergücüdür və onun Tayvanda Çinin təxribatlarının qarşısını almaq imkanı var. İstər dəniz, istərsə də hava qüvvələrini Tayvanda yerləşdirib. Düşünmürəm ki, bu, Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq. Onsuz da son 20 ildə dünyada böyük müharibələr olub və bunu fəsadları Üçüncü Dünya müharibəsinin fəsadları qədər ağırdır. Çin Amerika ilə hərbi müstəvidə üz-üzə gəlmək istəmir və yəqin ki, bu, baş verməyəcək də.

Müəllif: Azər Niftiyev