"Biz regiondakı silahlı münaqişələrə davamlı olaraq qarşı çıxırıq və blokadaların qaldırılmasını dəstəkləyirik"
“Rusiya Qafqaz dövlətidir və regiondakı inkişaflarla sıx bağlıdır. Ona görə də Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edir”. AYNA.AZ xəbər verir ki, bu sözlərio TASS-a verdiyi müsahibədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin deyib.
"Bizim maraqlarımız Rusiyanın sadəcə qonşu deyil, həm də özü Qafqaz dövləti olmasından irəli gəlir. Biz regiondakı bütün dövlətlərlə ən yaxın tarixi və mədəni əlaqələri bölüşürük. Beş respublikadan dördü ilə müttəfiqlik münasibətləri qurmuşuq. Cənubi Qafqaz ölkələrinin hər biri üçün Rusiya əsas ticarət tərəfdaşlarından biridir. Bizim üçün əhəmiyyətli nəqliyyat arteriyaları regiondan keçir. Şimali Qafqazdakı vəziyyət əsasən dağ silsiləsinin digər tərəfində proseslərin necə inkişaf etməsindən asılıdır. Bir sözlə, Cənubi Qafqaz bizim üçün həyati əhəmiyyət kəsb edir", - deyə diplomat bildirib.
Onun sözlərinə görə, Rusiyanın əsas marağı "regionu inkişaf etdirmək, onun iqtisadi potensialını açmaq və orada "sabitlik və sülh kəməri" yaratmaqdadır".
Kaluqin vurğulayıb: "Regionun çiçəklənməsinə töhfə verən şey Rusiyanın rifahına da töhfə verir. Bu, bizim hərəkətlərimizin sadə məntiqidir. Bu məntiqə uyğun olaraq, biz regionda silahlı münaqişələrə davamlı olaraq qarşı çıxırıq, blokadaların aradan qaldırılmasını dəstəkləyirik və hər bir ölkənin coğrafi mövqeyindən yararlana bilməsi üçün regional əlaqənin ortaq arxitekturasını qurmaq üçün səylə çalışırıq. Biz Cənubi Qafqaz iqtisadiyyatının sərbəst nəfəs almasını istəyirik. Bu, bizim üçün faydalıdır".
“Məhz buna görə də 2020-ci ildə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında qan tökülməsinə son qoymaq üçün şəxsi səylər göstərib. Eyni zamanda, Bakı ilə İrəvan arasında sülh prosesinin təməli qoyulub. Proses artıq bir neçə mərhələdən keçib, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə etdikləri razılaşmalar əsasında hazırlanmış yol xəritəsi ilə davam edir", - Kaluqin vurğulayıb.