Ərdoğanla Merkel Liviya və Suriyada yaranan vəziyyəti müzakirə edəcəklər
Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.
Bu barədə AYNA Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, Türkiyə prezidenti və Almaniya hökumətinin başçısı ikitərəfli əlaqələri və əməkdaşlığın dərinləşməsini müzakirə edəcəklər. Ərdoğan və Merkelin danışıqlarında eləcə də Liviya və Suriyada yaranan vəziyyət müzakirə mövzularından olacaq.
Bundan əlavə, Gömrük İttifaqı haqqında razılaşmanın yenilənməsi kontekstində Türkiyə və Avropa İttifaqının (Aİ) qarşılıqlı təsirləri və Aİ-nin Türkiyə vətəndaşları üçün viza rejimini sadələşdiriməsi mövzusuna da toxunulacaq.
Qeyd edək ki, Berlin iyuldan Avropa İttifaqı Şurasına sədrlik edəcək.
Ərdoğan və Merkel habelə İstanbulda Türk-alman Universitetinin yeni tədris korpuslarının açılış mərasimində də iştirak edəcəklər.