Məktəblilər üçün “hava xoş”, lakin müəllimlər tükənib

Cəmiyyət

02.02.2021 - 19:29

Ekspertlərin fikrincə, məktəblərin açılıb-bağlanması şagirdlərin psixologiyasını zədələməsə də, müəllim heyəti üçün ciddi çətinliklər var

 

Koronavirusa yoluxma sayı artdığı üçün, oktyabrın əvvəlindən məktəblər onlayn rejimdə fəaliyyət göstərirdi. 1 fevraldan başlayaraq məktəblər mərhələli şəkildə açıldı.

 

Məktəblərin bir il ərzində gah onlayn, gah ənənəvi rejimə keçməsi məktəblilərin psixologiyasına necə təsir göstərəcək? AYNA mövzunu mütəxəssislərlə müzakirə edib.

 

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, məktəblərin açılıb-bağlanmasının uşaqların psixologiyasına o qədər də ciddi təsiri yoxdur: “Təbii ki, valideynlər uşaqlara düzgün izahat versələr, heç bir problem olmaz. Çünki uşaqlar hər hansı hadisəyə reaksiyanı valideynindən öyrənirlər. Əgər valideyn məktəblərin açılmasını emosiya ilə qəbul etsə, o zaman uşaq da o cür qəbul edəcək. Uşaqlar onsuz da, valideynlərin onlar üçün yaratdıqları şəraitə uyğunlaşarlar. Valideynlər övladlarını düzgün yönləndirsələr, heç də problem olmayacaq”.

İnsanlar falçı yanına daha çox niyə gedir- psixoloq şərhi

“Məsələn, qızım məktəblidir. O, televiziya xəbərlərindən və sosial şəbəkədə olan məlumatlardan təşviş yaşamışdı. Ona görə də qızım mənə sual verdi ki, “virus hələ tam bitməyibsə, niyə məktəblər açılır?” Qızıma anlatdım ki, “çünki virus uşaqlar arasında sürətli yayılmır və məktəblərin açılması normal haldır. Hətta, koronavirusa qarşı peyvəndləmə başlayıb, ona görə qorxusu yoxdur”. Bu sözləri deməklə övladımın rahat məktəbə getməsinə yardım etdim”, - psixoloq bildirib.

 

Mehmanqızının dediyinə görə, ibtidai sinif uşaqları hələ heç tam bilmirlər ki, məktəb nədir: “Ona görə də onların travma yaşaması mümkün deyil. Valideyn uşağın yanında sözlərinə, emosiyalarına diqqət yetirməlidir. İstər məktəb, istər qərarlar barədə fikir bildirəndə diqqətli olmalıdır. Çünki onların dediklərini sabah uşaqlar öz xeyirlərinə istifadə edəcəklər”.

 

“Onu da qeyd edim ki, bu gün müəllimlər onlayn sistemlə dərs keçməkdə daha çox çətinlik çəkirlər. Ona görə də müəllimlər daha çox travma alıblar. Dərs ili bitməyib, müəllimlərdə tükənmə halı baş verir. Müəllimlər yükləniblər. Bir tərəfdən valideynlərin qınaqları, digər tərəfdən dərslərin yükü, bu biri tərəfdən də sertifikasiya prosesi müəllimlərin ciddi travma almasına səbəb olur”, - deyə mütəxəssis vurğulayıb.

 

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, ənənəvi üsulla təhsilin davam etdirilməsi uğurlu addımdır: “Çünki, bu gün hər kəs üçün onlayn təhsil əlçatan deyil. Buna səbəb isə internet və kompüterin hər şagirddə olmamasıdır. Həmçinin, bəzi fənlər var ki, onları onlayn tədris etmək çox çətindir. Riyaziyyat, fizika, kimya və bu kimi fənlərin onlayn keçirilməsi heç də gözlənilən effekti vermir. Ona görə də fevral ayının birindən ənənəvi qaydada dərslərin açılması uğurlu addımdır”.

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

“Sentyabr təcrübəsi göstərir ki, məktəblər açılandan sonra kütləvi yoluxma sayının artması bir müddət sonra yenidən onlayn sistemə keçirilməyə səbəb oldu. Amma bunun səbəbi məktəblər deyil. Məktəblərin girişində ciddi yoxlama olduğundan təhsil sistemində yoluxma sayı çox az idi. Sadəcə, məktəblərin bir giriş-çıxışı olduğundan valideynlər övladlarını sinfə qoyanda və götürəndə qapıda sıxlıq yaranırdı. Yaxşı olar ki, məktəblər açılanda 1 yox, bir neçə giriş-çıxışdan istifadə edilsin”, - ekspert qeyd edib.

 

Əsədov, ikinci şərt kimi gigiyena qaydalarına ciddi riayət edilməsini tövsiyyə edib: “Məktəblərdə istilik sistemi düzəlməlidir. Onlayn təhsilin keyfiyyəti yoxdur. Amma bu, o demək deyil ki, biz təhsildən imtina etməliyik. Məcbur halda onlayn təhsilə keçməliyik. Amma kənar yerlərdə yoluxma sayı artdığından məktəblər də bağlanmışdı. Hər birimiz qaydalara riayət edək ki, yoluxma sayı az olsun. Bu zaman qapanmalar da olmaz”.

Müəllif: Təranə Xudabaxşiyeva