Cəsarət Valehov: “Bu il 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”
Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.
AYNA-nın xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, yayılan məlumat doğru deyil.
“Belə bir qərar yoxdur. Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmasınlar. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov “Facebook” profilində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb.