“Məktəbləri bağlamağa çalışmayın” – <font color=red> DEPUTAT və SABİQ DEPUTAT</font>

Cəmiyyət

20.08.2021 - 16:50

Vahid Əhmədov: “Distant təhsili normal təhsil saymıram. Onlayn təhsillə həkim olmaq olar, yoxsa mühəndis?”

 

Lalə Abbasova: “Bu virus süni şəkildə icad olunub, məqsəd dünya əhalisinin sayını azaltmaqdır, yaxud da hansısa iqtisadi və siyasi maraqlara xidmət edir”

 

Sentyabrın 1-dən yeni məhdudiyyətlər tətbiq olunacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın son birifinqində çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov deyib ki, ictimai iaşə müəssisələrinə, mehmanxanalara, iri ticarət mərkəzlərinə giriş yalnız COVID-19 pasportu ilə mümkün olacaq.

 

Onun sözlərinə görə, həkimlər çatdıra bilməsə, o zaman məhdudiyyətlər haqqında qərar verilə bilər. Ümumtəhsil müəssisələrində tədrisin bərpasından danışan Prezidentin köməkçisi bildirib ki, sentyabr ayının 15-dən dərslərin başlaması nəzərdə tutulur. Lakin sentyabr ayının əvvəlində yenidən bu məsələyə qayıdıla və müvafiq qərarlar qəbul edilə bilər.

 

Bu isə öz növbəsində orta məktəblərdə əyani tədrisin yenidən dayandırılacağı ilə bağlı müzakirələri gündəmə gətirib. Koronavirus infeksiyasının hələ uzun müddət davam edə biləcəyini, vaksinasiya prosesinin də yoluxma sayının azalmasına ciddi təsir göstərmədiyini əsas götürsək, o zaman Azərbaycanda uzun illər əyani təhsilin dayandırılacağı və ya fasilələrlə olması ehtimalı varmı? Belə olarsa, hökumət hansı addımları atmalıdır ki, onsuz da acınacaqlı durumda olan ölkə təhsili məhvə sürüklənməsin?

Vahid Əhmədov: “İslahatın məgər buynuzu olur?”

Milli Məclisin üzvü, professor Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, COVID-19 bütün dünyada olduğu kimi, Azərbaycanda da bir çox sahələrin, o cümlədən təhsil sektorunun fəaliyyətini iflic edib: “Operativ Qərargahın brifinqində sentyabrın 15-də dərslərin başlayacağı bildirildi. Lakin eyham vurulur ki, yoluxma sayı artarsa, yenidən onlayn təhsilə keçid edilə bilər. Görünən odur ki, yoluxma sayı sürətlə artır. Çox arzulayardım ki, buna ehtiyac duyulmasın”.

 

“Distant təhsili normal təhsil saymıram. Onlayn təhsillə həkim olmaq olar, yoxsa mühəndis? Unutmaq lazım deyil ki, təhsil yalnız nəzəri hissədən ibarət deyil. Kifayət qədər həssas sahədir və bununla bağlı qərar verəndə yüz ölçüb, bir biçmək lazımdır. Təhsili olmayan cəmiyyətin gələcəyi ola bilməz. Mümkün qədər çalışmaq lazımdır ki, onlayn tədrisə keçilməsin. Lakin yoluxma sayı bu sürətlə artarsa, yəqin ki, bu, baş verəcək. Digər yandan biz özümüz də bilmirik ki, koronavirus infeksiyası nə zaman bitəcək. Proqnozlar ümidverici deyil”, - deyə deputat bildirib.

 

Əhmədov vurğulayıb ki, peyvəndlərin keyfiyyəti məsələsinə də xüsusi önəm verilməlidir: “Əhalinin yarıya qədəri peyvənd olunub. Onların da yarısı birinci doza vaksinasiyadan keçib. Lakin yoluxma sayı sürətlə artır. Bunlar niyə baş verir? Cəmiyyətdə çox ciddi suallar var. İnsanların vaksinasiya prosesinə olan inamını öldürmək olmaz. Çünki peyvənd yeganə çıxış yoludur. Düşünürəm ki, biz peyvəndlə bağlı təbliğat işini gücləndirməliyik. Nə zamana qədər qapanmalar olacaq? Bunun bir sonu olmalıdır”.

Sabiq deputat, təhsil eskperti Lalə Abbasova da AYNA-ya şərhində qeyd edib ki, əyani tədrisə fasilə verilməməsi üçün bütün yollara əl atılmalıdır: “Bəşəriyyət son yüzilliklərdə əyani tədrisə alternativ tapmayıb. Düzdür, son illərdə müasir texnologiyalar inkişaf edib, distant formada da tədrisi həyata keçirmək mümkündür. Lakin gəlin baxaq, onlayn təhsil effekt verirmi? Əgər effektivdirsə, bu halda nəyə görə abituriyentlərin imtahan nəticələri bu qədər aşağı oldu? Birmənalı şəkildə qəbul etmək lazımdır ki, əyani tədris təhsilin qayəsidir”.

 

“Bu mənada yoluxma sayının artmasından asılı olmayaraq, əyani tədrisə fasilə vermək olmaz. Bunu etməsək, öz gələcəyimizi təhlükə altına ata bilərik. Savadsız gənclik daha faciəlidir, nəinki hansısa infeksiyaya yoluxmaq. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), o cümlədən TƏBİB və digər aiddiyəti qurumlar bəyan edir ki, vaksinasiya infeksiyanın öldürücü təsirindən qoruyur. Əgər doğrudan da belədirsə, insanları peyvənd olunmağa təşviq etmək lazımdır, qapanmalar çıxış yolu deyil”, - deyə ekspert bildirib.

 

O, hesab edir ki, koronavirus infeksiyası hələ uzun illər davam edəcək: “Subyektiv fikrim ondan ibarətdir ki, bu virus ən azı 2-3 il davam edəcək. Təsəvvür edin, ÜST açıqlama verir ki, latın əlifbasının hərfləri bitəndən sonra ştamların adı bürclərin adlarının ardıcıllığı ilə davam edəcək. Hələ “Delta”dayıq, “Balıq” ştammına qədər çox dalğalar olacaq”.

 

Abbasova virusun varlığını inkar etmir, lakin: “Bu virus var, özü də kifayət qədər təhlükəlidir. Lakin o, süni şəkildə icad olunub, məqsəd dünya əhalisinin sayını azaltmaqdır. Yaxud da hansısa iqtisadi və siyasi maraqlara xidmət edir. Bu halda biz gözləyə bilmərik ki, onlar öz maraqlarını tam şəkildə həyata keçirsinlər. Onsuz da COVID-19 bəşəriyyətin taleyini sual altına qoyub. Təhsil, turizm, nəqliyyat, ictimai iaşə və çoxlu sayda sektorlar iflic vəziyyətinə düşüb”.

 

Həmsöhbətimiz düşünür ki, məktəblərdə şagirdlərin sanitar-gigiyenik qaydalara riayət etməsinə xüsusi diqqət yetirilməlidir: “Virusun davam etdiyi müddətdə əlavə olaraq COVID dərsləri də tədris oluna bilər. Şagirdlərə virusla mübarizə tədbirləri də tədris olunmalıdır. Onlara izah olunmalıdır ki, yoluxmaqla təkcə özünüzü deyil, həm də yaşlı baba-nənələrinizi təhlükə altına atırsınız. Onları itirə bilərsiniz. Yoxsa məktəbləri bağlamaq, bu ölkənin gələcəyinə balta vurmaqdan başqa bir şey deyil”.

Müəllif: Azər Niftiyev