Azərbaycanlı qadınların qərib ölkədə üzləşdikləri problemlər

Cəmiyyət

07.11.2019 - 22:44

Həkimlər Klinikalar SEO Xidməti

"Miqrasiya edən qadınlarımızın 99 faizi ayrılırlar"

 

Mütəxəssislər Kanadada azərbaycanlı ailələrin yaşadığı ən böyük problemlərdən danışdılar

 

"Həyat yoldaşımla Azərbaycanda münasibətimiz çox yaxşı idi. Kanadaya gələndən 3-4 ay sonra aramızda problem yaranmağa başladı. Sənəd işlərimizin uzanmağının gərginliyi bir tərəfdən, o biri tərəfdən də yoldaşım işdən çox əsəbi gəlirdi və işdəki bütün əsəbini üstümə tökürdü. Heç bir sözümüz tutmurdu. Yavaş-yavaş aramızdakı münasibtlər pisləşməyə başladı".

 

Bu sözləri bizimlə söhbətində Gülnaz (ad şərtidir) bildirdi. Qeyd etdi ki, Azərbaycanda olarkən həyat yoldaşı ilə can deyib, can eşidiblər. Amma Kanadaya köçəndən 4-5 ay sonra mübahisələri başlayıb: "6 illik evlilikdən iki övladımız var. Bura gələndən sonra hər şey üstündə mübahisəmiz düşürdü. Onların gözü qarşısında tez-tez dalaşırdıq. İki il uşaqlarımın xatirinə dözdüm, sonra boşanmaq qərarına gəldim. Aramızda bir-birimizə hörmət hissi qalmamışdı".

Qeyd edək ki, sonu boşanma ilə bitməsə də, miqrasiya edəndən sonra söz-söhbətləri yaranan cütlüklər kifayət qədərdir. Hətta deyərdim ki, Kanadaya gələn ailələrin 90 faizində ər-arvad arasında problem qaçılmaz olur. Uşaqlarının gələcəyi üçün okeanlar aşaraq Kanadaya üz tutan ailələr arasında, az sayda da olsa, uşaqlarını düşünmədən boşanma qərarı verənlər də olur. Səbəb nədir? Eldən-obadan, qohum-əqrabadan uzaq bir məmləkətdə niyə cütlüklər bir-birlərinə daha çox bağlanmağı deyil, bir-birilə dava-dalaş etməyi üstün tuturlar? Suallarımı mütəxəssislərə ünvanladım...

Minirə Babayeva

 

Kişilər özlərini sınmış hiss edəndə...

 

Həmsöhbətim Kanadadakı Azərbaycan Qadınlarına Dəstək Qrupunun İdarə Heyətinin üzvü Minirə Babayeva yeni ölkəyə gələrkən başqa ailələr kimi immiqrasiya ilə bağlı az-çox problemlər yaşayıb, amma heç vaxt geri çəkilməyib. Onun sözlərinə görə, Kanadaya gələndən sonra Azərbaycan kişiləri çox həssas olur, hər şey xatirlərinə dəyir: "Bizim Qafqaz adamları, xüsusilə kişilərimiz qürurludurlar. Bura gələndən sonra ingilis dilini bilmədiklərindən ailələrini dolandırmaq üçün məcburən çətin işlərdə, tikintidə, fabrikdə çalışırlar. Mentalitetimiz belədir ki, özündən yaşca böyüyə hörmət etməlisən. Amma burada görürlər ki, yaşca özlərindən kiçik supervayzerlər bunlara yol göstərir, əllə, fıştırıqla çağırıb göstəriş verirlər. Kişilər burada belə şeyləri görəndə, stresə  düşür, özlərini sınmış hiss edirlər. Bundan başqa, təklik də kişiləri depressiyaya salır. Dost, bibioğlu, xaloğlu yoxdur ki, arada görüşüb dərdləşsinlər. Polisin qorxusundan, sənəd məsələlərinə görə əsəblərini bayırda heç kimin üzərinə tökə bilmirlər, "öc"lərni ailədən çıxırlar. Ailə də bir dəfə götürür, iki dəfə götürür, sonra götürə bilmir. Bu səbəbdən də ailələrdə narazılıq yaranır".

Nazilə İsgəndərova

 

Şəxsiyyət pozuqluğu, şizofreniya, travmaya aparan yol...

 

Azərbaycan Qadınlarına Dəstək Qrupunun rəhbəri, Toronto Universitetinin professoru, Kanadada psixopotologiya, mental sağlamlıq üzrə mütəxəssis kimi çalışan Nazilə İsgəndərova deyir ki, ailələrində problem yaşanan bəzi insanlarda problemin kökündə mental problemlər dayanır: "Bu cür insanlarda çox vaxt ciddi şəkildə kliniki depressiya, kliniki həyəcan, şəxsiyyət pozuqluqları, şizofreniya, travma olur. Bəziləri Azərbaycandan problemlərlə gəlir, Kanadada dözə bilmir. Əksəriyyətində isə sadaladığım xəstəliklər burada yaranır. Əsasən ətraf mühit, çətinliklər, immiqrasiya, maliyyə, iqtisadi problemlər bu xəstəliklərin yaranmasına gətirib çıxarır. Torontoda iki otaqlı mənzilin kirayəsi 1400 dollardan başlayır. Təzə gələnlərin böyük əksəriyyəti ən yaxşı halda saatı 15 dollara işləyirlər. Vergini çıxanda yerdə çox az pul qalır. Bu adam nə qədər çalışmalıdır ki, həm kirayə haqqını, həm kommunalı, həm sığortaları, yeməyi, geyimi qarşılasın. Ən azı 5 il lazımdır ki, Bakıdakı təhsilini təsdiqlədib, yaxud yeni təhsil alıb özünə yaxşı iş tapsın. Bəziləri çox şanslı olur, bəziləri isə bu çətinliklərdən məcburən keçir".

 

N.İsgəndərova immiqrasiyanın yaşatdığı problemlər ucbatından çox az sayda azərbaycanlı xanımın boşandığını bildirdi: "Buradakı xanımlarımızın təxminən 5 faizi polisə ərindən şikayət edib qadın sığınacaq evlərinə gedirlər. Çox nadir hallarda belə bir şey eşidərik. Elə ailələr var ki, immiqrasiyanın çətinliklərinə görə, əksinə, bir-birlərinə sarılırlar. Başa düşürlər ki, onların həyatında bir-birlərinidən başqa heç kimləri yoxdur, bir-birlərinə tutunaraq yeni cəmiyyətdə uğurlar qazanmağa çalışırlar".

 

Minirə Babayeva tövsiyə edir ki, adaptasiya müddətində ailədə hər iki tərəf səbrli olsun: "Kanadaya üz tutanlar həmişə uşaqlarının dərdini çəkirlər. Hamı istəyir ki, uşaqları tərbiyəli, ağıllı olsun, dərslərini yaxşı oxusun. Başa düşməliyik ki, uşaqların uğurlu olması ailədə ərlə-arvadın bir-birinə münasibətindən asılıdır".

 

M.Babayevanın fikrincə, kişilərimizin güclü olduğunu desək də, qadınlarımız daha güclüdür: "Kişilərin adı var. Bəzən kişilər həyat yoldaşlarının irəliyə getdiyini, nəsə etdiyini görəndə də depressiyaya düşürlər. Həyat yoldaşlarını istəyirlər, amma ondan arxada qaldıqlarını qəbul edə bimir və ailədə söz-söhbət yaradırlar. Bunu gərək hər iki tərəf başa düşsün və bu periodu keçmək üçün bir-birinə dəstək olsun".

Elmira Məmmədova

 

Xanımlarımızın boşanmama səbəbi

 

Həmsöhbətimiz sosial işçi, psixoterapevt, City of Torontonun (Toronto meriyasının) Ailə Sığınacağında City councellor və Miqrantların məskunlaşması üzrə məsləhətçi kimi çalışan Elmira Məmmədova 13 ildir Kanadada yaşayır. Buraya gələndən daim problemli miqrantlarla çalışan müsahibimizin fikrincə, istər ana vətəndə, istər xarici ölkələrdə, Azərbaycan qadınlarına hər zaman şiddət var: "Qadınlarımız daim üzərlərində psixoloji, fiziki, iqtisadi, maliyyə şiddətini hiss edirlər. Boyunlarına almasalar da, Azərbaycan qadınlarının 90 faizi sadaladığım şiddət növlərindən heç olmasa birini mütləq görməlidirlər. Buna baxmayaraq, Azərbaycan qadınlarının çox az faizi boşanır. Bu da adətlərimizidən irəli gəlir. Uşaqlıqdan qızlarımıza deyirik ki, "qızsan, döz, səsin çıxmasın, yerində otur", "ərə gedirsən, ərin birincidir, ərin nə desə, sözünə bax, ərin səni öldürər, döyər, söyər, dözməlisən", "o qapıdan meyitin çıxacaq". Dünyanın harasında yaşamasından asılı olmayaraq, bizim qızlar dünyaya gələndən beyinləri sadaladığım fikirlərlə bloklanır. Azərbaycanda necəyiksə, o tərbiyəni özümüzlə dünyanın hər tərəfinə aparırıq".

 

City Councellor deyir ki, Kanadada da Azərbaycan qadınları o şiddətləri görür və fikirləşir ki, dözsə, düzələcək: "Azərbaycan qadınında stiqma, utancaqlıq var. Düşünürlər ki, "boşansam, biabır olaram", "qohumlar, qonşular, dostlar nə deyər", "toya tək gedərəm, deyərlər, toya tək gəlib". Heç başqasının vecinə deyil, sən tək, ya cüt  gəlmisən.

 

İkincisi, uşaqlarımızın gələcəyi haqqında düşünməyimiz, "qızımı alan olmaz", "oğluma yaxşı yerdən qız verməzlər" fikriləri də bizi boşanmaqdan saxlayır.

 

Üçüncüsü, Azərbaycan qadınlarında təklik qorxusu var. Yaşlananda tək qalmaqdan qorxurlar. Hərtərəfli şiddət görsələr də, döyülsələr də, söyülsələr də, tək qalmamaq üçün dözürlər. Çünki Azərbaycan mədəniyyətinin kökləri beyinlərini sarıb, başları bloklanıb. O bloku heç kim aça bilməz, o blokun açarı yoxdur. Psixoloji cəhətdən qadınlarımız Kanadada da əzilirlər. Burada kişilər qadınları həm də işləyib evə pul gətirmədiyinə görə "əzir", başqa qadınların təmizlikçi, qabyuyan kimi işləyib evə pul gətirməsini misal çəkərək onların da işləməsini tələb edirlər. İmkan vermirlər ki, xanımlarımız əvvəlcə dil öyrənib oxusunlar, sonra normal iş tapsınlar".

"Əsas o 2-3 ili dözməkdir"

 

E.Məmmədovanın sözlərinə görə, Kanadada "immigration-depression" (immiqrasiya-depressiya - L.M.) deyə bir terminologiya var: "Buraya gələndə 2-3 ilə o depressiyadan çıxdınsa, hər şey gözəl olur, çıxa bilməsən, sonu yaxşı nəticələnmir. Amma təcrübə göstərir ki, adamlar çətinliyi aşa bilirlər. Çünki geriyə yolları yoxdur, həyat nə qədər çətin olsa da, qadınlarımız nə qədər şiddət görsə də, o qədər güclü, o qədər  əzmli, ağıllıdırlar ki, bəzən onlarda olan gücə məətəl qalıram. Geriyə addım atmaq istəmirlər, ancaq irəli gedirlər, oxuyrlar, işləyirlər... Bir tikəsi də olsa, evinə gətirir, ərinə kömək etmək istəyirlər. Şiddət görsələr də, əzilsələr də, ərinə dost, qardaş olur, ailəni çətin situasiyadan, depressiyadan çıxarmağa köklənirlər. Əsas o 2-3 ili dözməkdir. Sonra hər şey yoluna düşür. Əslində o 2-3 il müddətində evin içində ərlə-arvad bir-biri ilə hüquqi müstəvidə olmasa da, faktiki ayrılırlar, danışmırlar, otaq yoldaşı kimi yaşayırlar, amma bunu heç kəs bilmir. 13 illik təcrübəmə əsasən deyə bilərəm ki, miqrasiya edən qadınlarımızın 99 faizi bunu yaşayır. Azərbaycan qadınları əzilirlər, aldadılırlar, xəyanət görürlər, psixoloji, emosional, iqtisadi, maliyyə, fiziki şiddətə məruz qalırlar, amma sınmırlar, dimdik ayaqda dururlar və bu, Azərbaycan ailəsini dağılmağa qoymur. Söhbət orta nəsildən gedir, işlədiyim qruplar 30-55 yaş arasındadır. Başqa millətdən olan və öz ölkəsində ərindən şiddət görən qadınlar buraya gələn kimi o zənciri atıb boşanır və irəliyə gedirlər. Amma biz bunu edə bilmirik, o zəncirlə  ömrümüzün axırına kimi yaşayırıq".

İqlim dəyişikliyi şok yaradır

 

Azərbaycan Qadınlarına Dəstək Qrupunun İdarə Heyətinin üzvü Yeganə Cəfərovanın dediyinə görə, el arasında yayılan "kişi ağlamaz" deyimi kişilərimizi depressiyaya salan amillərdəndir: "Bu deyim beynimizə necə oturubsa, kişilərimiz emosiyalarını biruzə verə bilmirlər, bütün problemləri içərilərində saxlayırlar. Qadınlarımız əsəbiləşəndə ağlayır, ürəyini ya anasına, ya rəfiqəsinə "boşaldır". Amma kişi bunu edə bilmir. Sters yığılaraq  onları içəridən yeyir və aqressiyalarını ailələrinin üzərinə tökməklə nəticələnir".

 

Y.Cəfərovanın fikrincə, cütlüklər arasında problem yaşanmasının başqa bir səbəbi iqlim dəyişikliyidir: "Bir iqlimdən tamamilə başqa iqlimə düşəndə insan şok yaşayır. Bəzi adamlar Kanadaya bir ildir gəlməsinə baxmayaraq, dözmür, qəflətən rəhmətə gedir, bəzilərində  xərçəng xəsəliyi yaranır, bəzilərində durduğu yerdə aqressiyalar, şizofreniya yaranır".

 

"Dağılan ailələrdə əsas günakar kişilərdir"

 

Nazilə İsgəndərovanın fikrincə, qadınlarımız hər çətinliyə dözdüyü üçün bütün problemləri onların çiyinlərinə yükləyib, dözüm tələb etmək  olmaz: "Çünki sonradan səhhətlərində problemlər ortaya çıxır, depressiyaya girirlər. Bizim mədəniyyətin qadına yüklədiyi o yükü onların çiynindən götürmək lazımdır. Məncə, dağılan ailələrdə əsas günakar kişilərdir. Demək, o kişi ailəsini idarə edə bilmir, qadının verdiyi fədakarlığa fədakarlıqla cavab vermir, əksinə çox eqoistcəsinə davranır. Belə olanda, qadın bəlli müddətdən sonra dözə bilmir. Kanadada da əzilən qadınların müdafiəsi güclüdür. Düzdür, o qadın başlanğıcda maddi çətinliklər çəkir. Amma bilir ki, boşandıqdan sonra dövlət ona ev verəcək, uşaq pulu ilə, dövlətin köməyilə uşağını böyüdəcək, maliyyə baxımından kişidən asılı olmayacaq, bir az oxuyandan sonra yaxşı iş tapıb ailəsini istədiyi kimi dolandıracaq. Yaxşı olar ki, kişilərimiz Azərbaycan adət-ənənələrinin verdiyi dəyərlərə sahib çıxsın. Sorumluluqlarını üzərlərindən atmasınlar".

Könül Qurbanova

 

"Ağılla fikirləşib miqrasiya etmək lazımdır"

 

İşləyən Qadınların İcma Mərkəzində (Working Women Community Center) Sağlıq və Təhlükəsizlik Departamentinin meneceri, İş və məşğulluq üzrə müşavir Könül Qurbanova ailələrdə yaranan münaqişələrin bir neçə səbəbini sadaladı: "Birincisi, buraya gələrəkən, qadın da, kişi də özünü təklikdə hiss edir. Kişilər dostları, qadınlar xalaqızı, bibiqızı, rəfiqələri ilə görüşə bilmirlər, onlara əlləri çatmır. Burada tapdıqları dost-tanış da işlədiyindən görüşməyə zamanları olmur. Belə olanda hər iki tərəf özünü təklikdə hiss edir. İkincisi, dil baryeri əlavə stres yaşadır. Azərbaycanda əziyyəti öz dilini bilə-bilə çəkirsən. Bura gəlib dilsiz sürünürsən. Dil baryeri kimi əzabverici ikinci amil yoxdur. Düzdür, dili bilməyən ruslarla, türklərlər işləyə bilir. Amma rusla, türklə işləyəndə heç minimum əməkhaqqı da vermirlər. Bilirlər ki, sənin başqa əlacın yoxdur, onlardan asılısan.

 

Üçüncü amil, kimliyindən asılı olmayaraq, peşəni dəyişdirməyindir. Burada sənə elə bir zərbə dəyir ki, bütün həyatını dəyişməli olursan. Azərbaycanda aldığın təhsil sıfırlanır və dil öyrənir, sonra da hansısa peşəyə yiyələnirsən. Bütün bu mərhələləri keçdiyin müddətdə övladlarının gözü səndə olur, səndən diqqət, qayğı gözləyirlər... Sadaladığım problemlər cütlüklərdə ayrı-ayrılıqda stres yaradır, bu da təbii ki, ailə münasibətlərinə təsir edir".

 

K.Qurbanova Azərbaycan qadınının sabah hər şeyin düzələcəyinə ümid edərək bütün çətinliklərə dözdüyünü deyir: "Doğurdan da hər şey yavaş-yavaş düzəlir. Uşaqlarımız üçün yolu açırıq. Əsas odur ki, onlar bizim keçdiyimiz bu çətinliklərdən keçməyəcəklər".

 

K.Qurbanova deyir ki, ailədə problemlərin yaşanmaması üçün ağılla fikirləşib immiqrasiya etmək lazımdır: "Yüz ölçüb bir biçmək lazmdır".

 

"Kömək istəməkdən utanmayın"

 

Nazilə İsgəndərova məsləhət görür ki, ailəsində problem olan cütlüklər problemlərinin böyüməsini gözləməsinlər, vaxtında bəlli yerlərə müraciət edib, kömək axtarsınlar: "Köməyə, məsləhətə ehtiyacı olanlar Azərbaycan Qadınlarına Dəstək Qrupuna müraciət edə bilərlər.  Psixoloji problem yaşayırlarsa, dərdlərini ailə həkimlərinə danışsınlar. Psixoloqa, psixoterapevtə getməkdən çəkinməsinlər. Burada Azərbaycandakı kimi psixoloqa, psixoterapevtə gedənə pis baxmırlar. Əgər vaxtında depressiyaya, həyəcana görə müalicə alsalar, problemlər böyüməz. Ailədə danışıq çox önəmlidir. Kişilərimizin bir çoxu qadınlarla danışanda onu insan kimi görmür, aşağalayırlar, hətta rahatlıqla söyə də bilərlər. Çünki dil buna alışıb, böyüklərindən belə görüb. Amma tərəflər oturub danışsalar, söhbət etsələr, bəlkə də aralarındakı uçurum yox olar, hər şey yoluna düşər. Kanadada hansısa Azərbaycan ailəsində problem olanda Azərbaycandakı kimi qadını günahlandırmırlar. Həmişə deyirlər ki, günah kişidədir, ailəsinə sahib çıxmadı. Mən ailələri dağılan az sayda kişilərdən danışıram. Şükürlər olsun ki, kişilərimizin çoxu ailələrini uğurla qabağa aparırlar".

Könül Qurbanovanın fikirncə, istər qadın, istər kişi kömək istəməkdən utanmamalıdır: "Utanmayın, həmişə ətrafınızdakılardan, professionallardan kömək istəyin. "Kimsə bilər, ayıbdır" deməyin. Vaxtında kömək istəməlisən ki, kömək də görəsən. Çünki ailən dağılanda heç nə dadına çatmayacaq".  

 

"Evində kiçik Azərbaycan qurursan"

 

İmmiqrantlarla işləyən müsahibim psixoterapevt Sergiy Svitaşevin sözlərinə görə, immiqrasiya istənilən insan üçün çətin prosesdir. Bu o deməkdir ki, ailələrin başqa ölkələrdə öz vətənlərindən daha çox problemləri olur: "Öz ölkəndə aşağı-yuxarı ailələr eyni cür yaşayır. Cütlüklər ətraflarna baxır və hamıda hər şeyin təxminən eyni olduğunu görürlər. Amma ayaq basdığı yeni ölkədə hər şey yenidir, ailə dəyərləri, təhsil sistemi, səhiyyə sistemi, iş, ən əsası isə qanunlar... Sən isə o yenilikləri qəbul etməyə hazır deyilsən. Bir də gəldiyin ölkədəki adət-ənənələrdən, ailə münasibətlərindən çox şey asılıdır. Təxminın eyni mədəniyyəti paylaşan ölkədən gələnlər yeniliklərdən o qədər də silkələnmirlər. Amma çox fərqli ailə ənənələri olan yerdən gələnlər üçün problem özünü daha qabarıq göstərir. İnsan uyğunlaşmaq üçün kiçik addımlar atanda problem daha böyük olur".

 

S.Svitaşevin sözlərinə görə, başqa ölkədən gələndə evində, ailəndə öz ölkənin kiçik formasını qurmağa çalışırsan: "Məsələn, Azərbaycandan gəlmisənsə, evində kiçik Azərbaycan qurursan. Bunu Azərbaycanı sevdiyinə görə deyil, hər şeyin öz ölkəndə olduğu kimi qalmasını istədiyin üçün edirsən və hamını bu kiçik Azərbaycana salmaq istəmirsən. Hər bir kiçik yeniliyə qarşı çox həsas olursan. Əgər qarşı tərəf həmin evə yeni bir ideya, hobbi və s. gətitirsə, bu, digər tərəfi  incdir".

 

Müsahibimiz deyir ki, yaşadığın cəmiyyətdə özünü ətrafdakı insanlardan təcrid edərək çox davam gətirə bilməzsən: "Problem ondadır ki, yaşadığın cəmiyyətə uyğunlaşanda, çöldəki dəyərləri evə gətirəndə də evdə problem yaranır. Əsas problem tərəflərdən biri  yenilikləri asanlıqla qəbul etməyə başlayanda, digəri isə buna hazır olmadıqda üzə çıxır. Cütlüklərin hər ikisinin yeniliyə açıq olması, amma fərqli istiqamətlərə getməsi də problem yaradır. Beləliklə, onlar arasında məsafə getdikcə böyüyür".

 

"Boşanmaqla iş bitmir"

 

Psixoterapevtin fikrincə, Kanadaya gəlmək istəyənlər başa düşməlidir ki, burada əksər şeylər ölkələrdindəki kimi eyni deyil, hətta ailə dəyərləri, ailə həyatı da: "Əgər münasibətləri qoruyub saxlamaq istəyirsənsə,  həyat yoldaşınla çoxlu müzakirələr aparmalı, kompromisə getməlisən. Hər iki tərəf bunu etməlidir. Boşanmaqla iş bitmir. Azərbaycandan gəlib boşanırsansa, bu, sənin kanadalı qadın olmağın demək deyil. Sən,  sadəcə, Kanadada boşanan azərbaycalı qadın olacaqsan. Bu , yolun yarısıdır. Sən heç bir dəyərini qoruya bilməyəcəksən. Bu, çox ağırdır, eyni vaxtda yalnız həyat yoldaşını deyil, dəyərlərini də itirmək çox çətindir. Buna görə də münasibətlərində problem yaşanan cütlüklərə məsləhət görərdim ki, boşanmağa qərar verməmişdən əvvəl başqa yolları da yoxlasınlar, professionallara üz tutsunlar, bəlkə ailələrini dağıtmamaq üçün hələ yolları qalıb..."

 

"Yoldaşımla ayrılmaq barədə danışırdıq"

 

Müsahibimiz Sənubər (ad şərtidir) 5 ildir Kanadada yaşayır. O da gələrkən ilk 3 ili ailəsində böyük problemlər yaşayıb, hətta boşanma həddinə də çatıblar. Amma Sənubər yaşadıqları problemi ailə həkimlərinə danışıblar. Ailə həkiminin onları psixoterapevtə və sosial işçiyə yönləndirməsi nəticəsində ailə yenidən bir araya gəlib: "Doğrusu, düşdüyüm depressiya barədə ailə həkimimizə danışmaq lazım olduğunu bilmirdim. Yaşadıqlarımı Kanadada inandığım bir rəfiqəmə danışdım və o, məsləhət gördü. Mən də, yoldaşım da pulsuz-parasız psixoterapevt yanına getdik, həm dərmanlar qəbul etdik, həm də psixoterapevtlə hər həftə söhbət etdik. Başa düşdük ki, yaşadıqlarımız immiqrasiyadan qaynaqlanan müvəqqəti problemlərdir... Yoldaşımla ayrılmaq barədə danışırdıq. Şükürlər olsun ki, dərdimizə dərman tapıldı və üç uşağımız atasız böyümədi".

 

Lalə MUSAQIZI

Müəllif: Ayna.az