Məktəblərə ianə: könüllü, məxfi və mərkəzləşdirilmiş

Cəmiyyət

28.12.2021 - 09:12

Deputat: “Ola bilər ki, hansısa valideyn imkanlıdır və öz istəyi ilə məktəbə yardım edir”

Ekspert: “İstənilən şəxs məktəbə müvafiq ianə köçürə bilər, bir şərtlə ki, məktəb həmin valideynə ianədən xərclənən məbləğin istiqamətini şəffaf şəkildə təqdim etsin”

Təhsil naziri Emin Əmrullayevin sonuncu brifinqdə məktəblərdə pul yığılması ilə bağlı suala cavabından sonra mövcud poblem ətrafında müzakirələr yenidən alovlanıb. Nazir məktəblərdə qanunsuz olaraq hansısa ad altında pul yığılmasının yolverilməz olduğunu bildirib. Lakin qeyd edib ki, kimsə könüllü olaraq maddi yardım etmək istəyirsə, burada problem yoxdur, sadəcə bununla bağlı mexanizm olmalıdır.

“Valideynin bütün vergilərini ödəyəndən sonra artıq qalan bir manatını məktəbə vermək hüququ var, yoxsa yoxdur? Bu, pis və günahdırsa, deməliyik ki, olmaz. Əgər biz bunu qəbul ediriksə, oturub sağlam, şəffaf sistem fikirləşməliyik ki, vətəndaşın əlindəki arzu etdiyi bir manatı özünün və digərlərinin daha yaxşı təhsili üçün xərcləmək hüququnu tanıyaq”, - deyə Əmrullayev vurğulayıb.

Nazir özünün də vurğuladığı kimi məktəblərimzidə rüşvət xroniki problem halını alıb. Bu halda Azərbaycan məktəblərində şəffaf, hesabatlı ianə sistemini formalaşdırmaq mümkündürmü?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva AYNA-ya açıqlamasında deyib ki, məktəblərdə şagirdlərdən hansısa ad altında pul yığılmasını yolverilməz hesab edir: “İlk olaraq qeyd etmək istəyirəm ki, orta məktəblərdə şagirdlərdən pul yığımına qəti yol vermək olmaz. Buna ehtiyac da yoxdur. Dövlət büdcəsindən məktəblərə vəsait ayrılır. O vəsait hesabına da lazım olan istiqamətdə pul xərclənir. Buna görə məcburi şəkildə şagirdlərdən pul yığılması qəti yolverilməzdir”.

Valideynlərin könüllü olaraq məktəbə ianə etməsinə qaldıqda isə deputat xanım bu prosesə nəzarətin valideyn komitələri tərəfindən həyata keçirilməsinin mümkün olduğunu düşünür: “Ola bilər ki, hansısa ailə imkanlıdır. Öz imkanı daxilində də, sinifdə təhsil prosesində nəyəsə ehtiyac duyulduğunda öz istəyi ilə bunun üçün pul vəsaiti ayırır. Buna pis baxmıram”.

“Amma bu da nəzarət altında olmalıdır. Nə qədər pul toplandığı, həmin pulun hansı istiqamətdə xərcləndiyi barədə şəffaf hesabatlılıq olmalıdır. Bunu da düşünürəm ki, valideyn komitələri öz üzərlərinə götürə bilər. Lakin bir daha qeyd etmək istəyirəm ki, şagirdlərdən hər ay hansısa xərclər üçün pul yığılması qəti yolverilməzdir”, - deyə Əliyeva vurğulayıb.

Təhsil eksperti Elçin Əfəndi də AYNA-ya şərhində söyləyib ki, məktəblərdə pul yığımı istənilən halda yolverilməzdir: “Emin müəllimin çıxışının təhrif olunmasına görə təəssüf edirəm. Ümumilikdə isə hesab edirəm ki, məktəbdə pul yığımı istənilən halda yolverilməzdir. Pul yığımının leqallaşdırılması lazımdır. Yalnız qanuni çərçivəyə salındıqdan sonra bu ola bilər”.

Həmsöhbətimiz təhsilalanların valideynlərini ayıq-sayıq olmağa çağırırb: “Hansısa sinifdə ödəniş yığılarsa, dərhal bu barədə məktəb rəhbərliyinə məlumat verilməli, baxılmadığı halda təhsil şöbəsinə (regional) məlumat verməlidirlər. Yenə də baxılmasa, o zaman Təhsil Nazirliyinə əsaslandırılmış məlumat verilməlidir. Valideynlər məktəbin bütün növ təlim və tədris işlərindən uzaq tutulmalıdır. Yalnız xüsusi tədbirlərdə valideynlər dəvət oluna bilər. Həmçinin övladının dərslərində iştirak üçün. Başqa heç bir əsasla valideynlər prosesə cəlb edilməməlidir”.

İanə ilə bağlı sistem necə qurulmalıdır? Bu istiqamətdə sualımızı ekspert belə cavablandırıb: “İstənilən valideyn məktəbə müvafiq ianə köçürə bilər. O şərtlə ki, məktəb həmin valideynə ianədən xərclənən məbləğin istiqamətini şəffaf hesabatla təqdim etsin. Bunun üçün ümumi hesabat xarakterli iclas keçirib məlumat vermək olar”.

“İanə edənlərin kimliyi açıqlanmamalıdır. Bu, digər imkansız və ya orta imkanlı şagirdlərə də, eləcə də onların valideynlərinə də pis təsir etmiş olar. Ona görə də həmin ödənişi ödəyən şəxslərin adları sadəcə xüsusi olaraq qeydə alınmalı və bu barədə məktəbin şəxsi mühafizə olunan sənədləri arasında saxlanmalıdır. Əgər kimlik açıqlanması olarsa da, bunu gələcək üçün etmək məqsədəuyğundur. İanə könüllülük əsasında olmalıdır. Heç kim məcburi şəkildə vəsait ödəməyə təhrik edilməməlidir”, - deyə ekspert qeyd edib.

Əfəndi hesab edir ki, ianə toplanmasını mərkəzləşdirilmiş qaydada həyata keçirmək daha məqsəduyğundur: “Hesab edirəm ki, bunu hər məktəbin öz balansına vermək doğru deyil. O fonddan da müvafiq olaraq hansı təhsil müəssisəsində nəyə xərcləndiyinin hesabatı aparılmaldıır. Bunu biz məktəblərin ixtiyarına buraxa bilmərik. Çünki kimlərsə bundan istifadə edəcəklər. Həmçinin də hansı uşağın valideyni yardım edibsə, o uşağa qarşı daha yaxşı münasibət bəslənilməsi kimi amillər olmasın deyə mərkəzləşdirilmiş qaydada olsa, yaxşı olar”.

Müəllif: Aləmdə Nəsib