Masazırda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb

Xəbərlər

17.12.2025 - 12:09

Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən AYNA.AZ-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 39 nömrəli binanın zirzəmisində fəaliyyət göstərən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yoxlama nəticəsində mebel sexində yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmadığı, elektrik təsərrüfatına profilaktik baxışın keçirilmədiyi və müvafiq aktın tərtib edilmədiyi, obyektin ərazisinin yanar tullantılardan təmizlənmədiyi, işçilərin yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmadığı və xüsusi jurnalda qeydlər aparılmadığı, daşınmaz əmlakın icbarı sığorta şəhadətnaməsinin təqdim edilmədiyi, müəssisənin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması barədə sənədin təqdim olunmadığı, sahibkarın fəaliyyətinin tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində təşkil edildiyi məlum olub.

“Mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyini göstərir. Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 39 nömrəli binanın zirzəmisində fəaliyyət göstərən mebel sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş