Nauseda: “Azad, demokratik seçkilər keçirilmədiyi üçün Lukaşenko qanuni rəhbər adlandırıla bilməz”
Litva Prezidenti Gitanas Nauseda belaruslu həmkarı Aleksandr Lukaşenkonu qanuni dövlət başçısı hesab etmir. AYNA xəbər verir ki, Nauseda bunu “Sky News” telekanalının efirində bəyan edib.
Onun sözlərinə görə, ölkədə azad, demokratik seçkilər keçirilmədiyi üçün Lukaşenko qanuni rəhbər adlandırıla bilməz.
“Əgər baş verənləri passiv izləsək, Belarus tamamilə Rusiyaya birləşdirilə bilər. Nəinki Litva, bütövlükdə Avropa Birliyi Belarusun sabit, demokratik və suveren bir dövlət olmasında maraqlıyıq”, - deyə Nauseda vurğulayıb. Prezident qeyd edib ki, rəsmi Moskva Belarusun Rusiya üçün peyk dövlət olmasında maraqlıdır.
Litva lideri hesab edir ki, prezident seçkilərindən sonra Belarusda yaranmış böhranlı vəziyyət dinc yolla həll edilməsə, Minskə qarşı sanksiyalar tətbiq oluna bilər.
Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. Rəsmi açıqlamaya görə, hazırkı ölkə başçısı Aleksandr Lukaşenko seçicilərin 80 faizdən çoxunun səsini qazanıb. Seçkinin nəticələri ilə razılaşmayan belaruslar, kütləvi həbslər və təhlükəsizlik qüvvələrinin sərt zorakılığı ilə müşayiət olunan kütləvi etiraz aksiyalarına başlayıblar. Artıq 6 gündür ki, ölkədə etiraz aksiyaları keçirilir.