Liderlərin üçtərəfli görüşünə doğru: “Müəyyən məsələlər artıq razılaşdırılıb”

Aktual

09.11.2021 - 14:25

Zərdüşt Əlizadə: “Delimitasiya prosesi ilə bağlı danışıqlar başlayacaq, ümumi razılıq əldə olunacaq. Sadəcə detallar prosesi ləngidə bilər”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ötən həftə mediaya açıqlamasında bildirmişdi ki, bu həftə - noyabrın 9-da, yaxud 10-da Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin onlayn şəkildə üçtərəfli görüşü keçiriləcək. Peskov dünən görüşlə bağlı yeni açıqlama verib və bildirib ki, liderlərin videokonfrans vasitəsilə danışıqlarının aparılması üzərində iş gedir. Onun sözlərinə görə, dəqiq tarix hələ müəyyən edilməyib.

“Putin, Əliyev və Paşinyanın videokonfrans görüşü mövzusunu izah edirəm. Doğrudan da biz təsdiq etmişik ki, belə görüşə hazırlıq üzərində iş gedir, amma burada biz qeyd etmək istəyirik ki, hələlik dəqiq razılaşma və belə görüşün nə zaman baş tuta biləcəyi barədə anlaşma yoxdur. Bu iş davam edir”, - deyə Peskov vurğulayıb.

Kremlin sözçüsünün açıqlamasından belə məlum olur ki, üçtərəfli görüş yaxın zamanlarda baş tutacaq. Yeri gəlmişkən, bir müddətdir ki, belə görüşün keçiriləcəyi, danışıqlarda 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatın müddəalarının icrası ilə bağlı razılığın əldə ediləcəyi, yeni razılaşma sənədlərinin imzalanacağı haqqında məlumatlar var. Xüsusilə, erməni mediası müharibənin bitməsinin bir illiyində yeni razılaşmaların masada olduğu haqqında xəbərlər yayır.

Liderlərin mümkün görüşü, əldə oluna biləcək razılaşmalarla bağlı AYNA-nın suallarını siyasi icmalçı Zərdüşt Əlizadə cavablandırıb. Analitik qeyd edib ki, görüşdə nələrin müzakirə ediləcəyi artıq hamı üçün bəllidir:

- Ortada həll edilməmiş, açıq qalan məsələlər var ki, bu barədə istər Azərbaycan, istər Ermənistan, istərsə də Rusiya mediasında yazılır, danışılır. Hesab edirəm ki, elə bu məsələlər müzakirəyə çıxarılacaq. Düşünürəm ki, hansısa razılaşmalar üçün əsaslar var. Daha doğrusu, bu əsaslar bəyanatlardan hiss edilir. Tərəflər müəyyən məsələləri artıq razılaşdırıblar. Xüsusilə, bölgənin blokdan çıxarılması, kommunikasiyaların açılması, delimitasiya və demarkasiya işlərinə başlamaq üçün üçtərəfli kommissiyanın yaradılması və s. məsələləri tərəflər müsbət qiymətləndirirlər.

Düşünürəm ki, növbəti görüşdə bu məsələlər ətrafında müzakirələr aparılıb, real razılıq əldə oluna bilər. Putin üçün bu cür görüşlərin və razılıqların əldə edilməsi müsbətdir. Bununla Rusiya Prezidenti dünyaya bildirir ki, münaqişənin həllində əsas sima odur, iradəsi ilə tərəflərə təsir edə bilir. Paşinyan üçün müsbət tərəfi odur ki, erməni xalqına yavaş-yavaş problemlərin həll edildiyini, Ermənistanın itirmədiyini, əksinə, qazandığını, məsələlərin səhmana düşdüyünü göstərir. Azərbaycan Prezidenti üçün müsbət tərəfi odur ki, İkinci Qarabağ müharibəsində əldə edilən qələbəni konkret nəticələrə çevirə bilir.

- Üçtərəfli Birgə Bəyanatda da razılıq əldə edildi, bəndlər qoyuldu. Amma real addımları müşahidə etmirik...

- Son nəticə necə olacaq, deyim: bir ilə, il yarıma Azərbaycanın dəmiryolu xətti Mincivanadək hazır olacaq. O vaxta kimi də yəqin ki, Rusiya Mincivandan Naxçıvana qədər olan hissənin yolunu - 43 kilometrlik dəmiryolunu çəkəcək, bərpa edəcək. Təxminən 2 ilədək yəqin ki, Naxçıvana yol açılacaq. Digər dəmiryol xətləri həmin vaxtadək açılar, ya açılmaz - dəqiq deyə bilmərəm. Çünki bu, tərəflərin razılığından asılıdır. Delimitasiya prosesi ilə bağlı danışıqlar başlayacaq, ümumi razılıq əldə olunacaq. Sadəcə detallar prosesi ləngidə bilər.

Bir məsələni qeyd etmək istəyirəm: hətta münasibətləri xoş olan dövlətlər arasında da sərhədlərin delimitasiya və demarkasiya işləri tam həyata keçirilməyib, mübahisəli yerlərlə bağlı danışıqlar bu gün də davam edir. Elə ölkələr var ki, onlar arasında delimitasiya prosesi 40 ildir davam edir. Məsələn, bizim dost Gürcüstanla sərhədimizin demarkasiya danışıqları hələ də sona çatmayıb. Ermənistanla da bu danışıqlar aparılacaq. Düşünmürəm ki, Ermənistanla delimitasiya və demarkasiya yaxın onillikdə tam həllini tapsın. Danışıqların başlamasının özü müsbətdir. Müsbət məqamın biri də odur ki, mübahisəli məsələlərin həlli üçün masaya əyləşilir.

- Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, kommunikasiyanın açılması, delimitasiya və demarkasiya məsələləri barədə danışıqlar Qarabağ məsələsi ilə bağlı danışıqlardan ayrıdır. Paşinyan bununla hansı mesajı verir?

- Tərəflər arasında fərqli yanaşmaların olması tamamilə təbiidir. Fərqli yanaşma müharibədən əvvəl də, müharibə vaxtı da var idi, müharibə bitdikdən sonra da davam edir. Madam ki, Azərbaycan Ordusu Xankəndini tutmayıb, orada Rusiya sülhməramlıları var, xeyli mübahisəli məsələlər qalır, təbii ki, münaqişənin tam həll edildiyi faktı beynəlxalq aləm tərəfindən etiraf olunmayacaq. Eyni zamanda, Ermənistan da bunu qəbul etməyəcək. Əgər Paşinyan erməni siyasətçisi olaraq desə ki, Qarabağ Azərbaycan ərazisidir, Ermənistanda çox kəskin müqavimətlə üzləşəcək. Onu tənqid edəcəklər, əleyhinə mitinqlər təşkil ediləcək, sonucda devrilə də bilər. Zaman lazımdır ki, erməni cəmiyyəti bu reallığa alışsın, öyrəşsin. Ermənistanın indi reallığı qəbul etməməsində faciəvi hal yoxdur.

İrəvan Qarabağın Azərbaycanın olduğunu etiraf etmir, heç etməsin. Faktiki olaraq işğaldakı ərazilərin 75 faizini azad etmişik? İndi zəhmət çəkib həmin əraziləri abadlaşdırmaq, tikmək, bərpa etmək lazımdır. İki-üç ilə yarım milyon məcburi köçkünü oraya qaytarmaq lazımdır. Sənaye, kənd təsərrüfatı müəssisələri yaradılmalıdır. İnsanlarımız orada işləsinlər, yaşasınlar. Xankəndidə ermənilər blokadaya alınmış yerdə kasıb yaşamaqdadırlar. Baxacaqlar, görəcəklər ki, qonşu rayonlarda, kəndlərdə azərbaycanlılar yaxşı yaşayırlar, sayları artıb, işləyirlər və s. Bir müddətdən sonra daşı ətəklərindən töküb vətəndaşlığımızı qəbul edərlər. Etməsələr də, orada qalıb yaşamaları üçün müxtəlif yollar var.

- Vətəndaşlığımızı qəbul etməsələr, qalıb hansı statusla yaşaya bilərlər ki?

- Xarici vətəndaş olaraq. Bu gün Azərbaycan ərazisində o qədər xarici ölkə vətəndaşı yaşayır ki, ermənilər də onlar kimi yaşayarlar. Belə statusda yaşamaq da mümkündür. Şərt deyil ki, hansısa inzibati status verilsin. Demək istəyirəm ki, tələsmək lazım deyil, dünyanın axırı çatmayıb. Əsas odur ki, Qarabağı bərpa edək. Oraya əhalimizi köçürək, inkişafı sürətləndirək.

- Həmin müddətdə revanş xislətli ermənilər buna hazırlaşıb, revanşa başlamazlarmı?

- Yox. Ümumiyyətlə, ermənilərin revanşını unutmaq lazımdır. Bu məsələ bağlanıb. Birincisi, Ermənistanın nə əhalisi var ki, Azərbaycan Ordusuna müqavimət göstərə biləcək ordu yarada bilsin?! Ermənistanın iqtisadi imkanları da yoxdur ki, ordu yaratsın, onu silahlandırsın və s. İkincisi, erməni xalqı müharibə istəmir. Son parlament seçkilərində Paşinyanın partiyasına 75 faiz seçici səs verdi. Deməli, əhali kasıb yaşamaq, Qarabağ naminə ölmək istəmir. Üstəlik, Ermənistandan böyük köç prosesi gedir. Hər il onminlərlə insan ölkəni tərk edir. Müharibə istəyən 25 faiz əhali var ki, onları da cəmiyyət qəbul etmir. Əminəm ki, onların da sayı azala-azala gedəcək. Düşünmürəm ki, ermənilər bir daha Qarabağa iddia etsinlər, revanşa əl atsınlar. Amma Qarabağı Azərbaycan ərazisi kimi tanımamaq fikri davam edəcək. Siyasi baxımdan Azərbaycan torpağı olduğunu qəbul etməyəcəklərsə, etməsinlər. Hadisələrin gedişi ona gətirib çıxaracaq ki, əvvəl-axır Qarabağın işğalda qalan 25 faizi də qayıdacaq Azərbaycana.

- Ermənistan qəbul etmədiyi müddətdə yekun sülh olmayacaq axı...

- Olmasın da sülh müqaviləsi. Bu, faciə deyil ki... Bir misal gətirim: 1945-ci ilin sentyabrında Yaponiya kapitulyasiya elan etdi və məğlub oldu. 1950-ci illərin əvvəllərində ABŞ, İngiltərə, Fransa Yaponiya ilə sülh müqaviləsi bağladı. Yəni onların arasında müharibə yoxdur. Amma Yaponiya ilə Rusiya arasında müharibə var, çünki ortada sülh müqaviləsi yoxdur. Kapitulyasiya etsə də, sülh müqaviləsi imzalanmayıb. İndi baxın, ruslar Tokioya gedirlər, yaponlar da Moskvaya. Ölkələr arasında iqtisadi, idman, mədəni münasibətlər mövcuddur. Hər şey var, sülh müqaviləsindən başqa. Yaponiya Kuril adalarına iddia edir, Rusiya da adaları vermir. Buna görə də müqavilə bağlanmır. Lakin iki dövlət arasında normal münasibətlər var. Dediyim odur ki, tutaq ki, İrəvan Qarabağın Azərbaycan ərazisi olduğunu siyasi baxımdan tanımadı, sülh müqaviləsi də imzalanmadı. Burada faciəvi hal mövcud deyil. Biz sərhədlərin delimitasiyasını hüquqi cəhətdən həll edək, demarkasiyaya başlayaq, kommunikasiyalar açılsın, gediş-gəliş olsun. Ticarət əlaqələri, insani əlaqələr bərpa edilsin. Bunun fonunda siyasi baxımdan tanımamaqlarının heç bir əhəmiyyəti yoxdur.

İndi Xankəndində və ətraf kəndlərdə 25 min civarında erməni var, hansı ki, bir az keçəndən sonra 15 minə düşəcəklər. Çünki orada yaşam şəraiti ağırdır, gənclər baş götürüb qaçırlar. Sonra da 5 min qalacaq, sonra da 3 min... Qalan o üç min qoca, xəstə, əlil də müraciət edəcək ki, bizi vətəndaşlığa qəbul edin, adam kimi yaşayaq. Əsas odur ki, Azərbaycanda demokratiya inkişaf etsin, məhkəmə sistemi düzəlsin, qanunlar işləsin, insanlar bir-birinə hörmət etsinlər, hökumət Vətəni qarət etməsin, nazirlərimiz rüşvət almasınlar, icra başçılarımız oğurluq etməsinlər. Biz indi bu məsələlərin üzərində işləməliyik, bu problemləri həll etməliyik, ölkəni normal ölkəyə çevirməliyik. Bizim məqsədimiz bu olmalıdır. Qarabağ məsələsi artıq bitib.

Müəllif: Anar Bayramoğlu