Liderlərin Soçi görüşündən gözləntilər və ya Kremlin sülhyaratma səylərinə şübhə

Siyasət

27.10.2022 - 19:17

Mərkəz rəhbəri: “Biz gözləntilərə, yəqinlərə hesablanmış görüşlər deyil, konkret nəticələrə əsaslanmış təmaslar istəyirik”

Oktyabrın 31-də Rusiyada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir. Rusiyanın “Vedmosti” qəzeti mənbələrinə əsasən, məlumat yayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçidə görüşəcəklər.

Paşinyan Soçidə Azərbaycan Prezidenti və Rusiya Prezidenti ilə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə gedəcəyini təsdiqləyib. Baş nazir bu barədə “Hökumət saatı”nda çıxışı zamanı deyib. Paşinyan Putinin Soçidə üçtərəfli görüş təklifini qəbul etdiyini söyləyib. O, ötən dövr ərzində yığılan bir çox məsələlərin həll edilməli olduğunu qeyd edib.

Kreml də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün baş tutacağına inanır. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, belə bir üçtərəfli görüş hazırlanır: "Görüşün baş tutacağına ümid edirik. Yeri və zamanı vaxtında müəyyənləşdirəcəyik”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan lideri arasında sonuncu görüş oktyabrın 6-da Praqada Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə keçirilib.

“ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir”. Bu sözləri isə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedan Patel brifinqdə deyib. O, vurğulayıb ki, ABŞ hər iki ölkənin liderini onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırır: "Bizim baxışımız budur ki, birbaşa dialoq bu məsələlərin həllinin və uzunmüddətli sülhə nail olunmasının açarıdır”.

Azərbaycan tərəfi rəsmi şəkildə görüşlə bağlı məlumat yaymasa da, bu açıqlamalardan belə qənaətə gəlmək olar ki, sözügedən görüş baş tutacaq. Nələrin müzakirə olunacağına gəlincə, rəsmi Bakının sülhlə bağlı təklifləri, 10 noyabr Üçtərəfli Birgə Bəyanatın icra olunmamış müddəalarının gündəmə gələcəyi gözlənilir.

Görüşdən gözləntilərlə bağlı AYNA-nın suallarını Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı cavablandırıb:

- Rusiya hələ də regionda əsas güc sahiblərindən biridir və bu ölkənin sülhün əldə olunması ilə bağlı imkanları daha genişdir. Rəsmi Moskva Bakı və İrəvanla əlaqələri olan, Ermənistan üzərində xüsusi təsirə malik, ən əsası isə problemi yaradan və bunun davam etməsinə şərair yaradan gücdür. Rusiya ilə bağlı sadaladığım məqamlar önəmlidir. Lakin unutmaq olmaz ki, bu gün ortada olan problemin yaranmasının təşəbbüskarları sadəcə Rusiya və Ermənistan deyil. Başqa ölkələrin də işğal prosesində və münaqişənin uzun müddət həll olunmamış qalmasında məsuliyyəti və günahı olub. Ancaq Rusiya ilə digər ölkələrin fərqi ondadır ki, Moskva problemi yaradan tərəflə olmaqla yanaşı, həm də həllinə töhfə verəcək imkanlara sahibdir.

- Rusiya bu imkanlarından sülh üçün səmimi istifadə edəcəkmi?

-Bu, məsələnin başqa tərəfidir. Mən dediyim  odur ki, sülhün əldə olunması üçün Rusiyanın əlində imkanlar böyükdür. Amma təbii ki, əgər Kreml sülhü istəyirsə... Lakin biz fərqli hallar müşahidə edirik. Hazırda Rusiyada siyasi və ictimai sferalarda, mediada, hətta bəzi hallarda dövlət səviyyəsində Azərbaycana qarşı təxribat xarakterli təbliğat, sülhə mane olan davranışlar sərgilənir. Bu, əlbəttə, bizdə şübhələri artırır. Sual yaranır ki, indiki məqamda Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlər həqiqətən problemin həllinə yönəlib, yoxsa məqsəd prosesləri nəzarət altında saxlamaqdır? Yaxud da, sual yaranır: Rusiyada baş tutan görüşlər nəyə xidmət edir?

- Sizcə, nəyə xidmət edir?

- Bu sualın cavabı təkcə Azərbaycan, bizim  üçün deyil, regionda sülhün tərəfdarı olan digər dövlətlər üçün də maraqlıdır. Düzdür, son dövrlərdə Rusiyanın atdığı müəyyən addımlar Azərbaycanda "Moskvanın öz mövqeyində qismən dəyişiklik" kimi dəyərləndirilirdi. Amma gördük ki, o addımlar ardıcıl xarakter daşımır. Nəzərə almaq lazımdır ki, mövcud vəziyyət çox həssasdır. Ona görə də biz gözləntilərə, yəqinlərə hesablanmış görüşlər deyil, konkret nəticələrə əsaslanmış təmaslar istəyirik. Rusiyanın niyyəti doğrudan da xoşdursa, rus efirlərində mühaşidə olunanlar sadəcə təsadüfdürsə və dövlətin xətti sayılmırsa, o zaman Kremlin hərəkətləri başqa cür olmalıdır.

- Məsələn, necə davranmalıdır?

- Məsələn, Moskva Xankəndi və ətraf bölgədə hələ də qalmaqda olan qanunsuz silahlı qruplaşmaların ərazilərimizi tərk etməsi, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı ciddi addımlar atmalıdır. Əks halda rəsmi Bakı əvvəlki təcrübəyə əsaslanaraq, bir müddət sonra nəticəsiz görüşlərdən imtina edəcək. Hətta dəvət birbaşa Rusiya rəhbərindən gəlsə, cavabımız "yox" olacaq. 31 oktyabr görüşü barədə bunu söyləmək hələ tezdir. Söhbət qarşıdakı nəticəsiz görüş təkliflərindən gedir.

- Vasitəçilərdən biri də Avropadır. Sizcə, Rusiyanın mövqeyinə, Rusiyanın vasitəçiliyi ilə aparılan prosesə Qərbin yanaşması necədir?

- Əvvəlki dövrlərdə Qərbin məsələyə yanaşmasında sülhə istiqamətlənməmiş, çox vaxt Rusiyanın da siyasəti ilə üst-üstə düşən yanaşmalar, təxribat yönlü bəyanatlar görürdük. İndi sanki Qərbdə bir qədər konstruktiv mövqe nümayiş olunmaqdadır. Əlbəttə, Qərb dedikdə bütün Qərb ölkələrini nəzərdə tutmuram, daha çox Avropa İttifaqının yanaşmasından danışıram. Avropa İttifaqı Rusiyanın qıcıqlanmasına baxmayaraq, qalıcı sülhə xidmət edəcək müəyyən addımlar atır. Şübhəsiz, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rol da Avropa İttifaqının yanaşmasına təsir göstərən amillərdəndir. İndi ABŞ-dan “liderlərininm görüşlərinin tərəfdarıyıq” bəyanatı səslənir. Görünür, ABŞ Rusiya vasitəşiliyi ilə görüşə narazı deyil. Soçi görüşündən gözləntilər isə dediyim kimi, Rusiyanın yanaşmalarından və nə qədər səmimi olub-olmamasından asılıdır. 

Müəllif: Anar Bayramoğlu