“Siyasi partiyaların inkişafı dövlətin inkişafı deməkdir”

Siyasət

16.04.2020 - 18:24

Həkimlər Klinikalar SEO Xidməti

Qorxmaz İbrahimli: “Sivil münasibətlər olmayan yerdə meydanı düşmənçilik hissləri bürüyür”

 

Azərbaycanda 2 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlar Sülhəddin Əkbərin sədrlik etdiyi Azad Demokratlar Partiyası (AzDP) və Musa Ağayevin sədrlik etdiyin Yeni Zaman Partiyasıdır. Bununla, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 56-ya çatıb.

 

Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli AYNA-ya açıqlamasında hər iki partiyanın rəsmi qeydiyyata alınmasını təqdirəlayiq addım kimi qiymətləndirib: “Ölkədə siyasi islahatlar fonunda belə bir addım atılması alqışlanmalıdır. Sivil siyasi münasibətlər, siyasi rəqabət, çoxpartiyalılıq inkişaf etmiş cəmiyyətlərin ana sütununu təşkil edir. Bunlar olmayanda meydan ifrat radikal qruplara qalır, düşmənçilik hissləri ortalığı bürüyür, cəmiyyət inkişafdan geri düşür”.

 

“Ölkədəki bütün problemlər siyasətlə, danışıqlar masası arxasında həll edilməlidir. Bunun üçün siyasi partiyaların inkişafı dövlətin marağın olmalıdır. Son zamanlar ölkəmizdə bir sıra sahələrdə, o cümlədən siyasi spektrdə islahatlar aparılır, canlanma gedir, iqtidar-müxalifət görüşləri təşkil edilir. Bunlar müsbət addımlardır və öz səmərəsini mütləq verəcək. Düşünürəm ki, bu cür addımlar davam etdirilməlidir”, - Q.İbrahimli bildirib.

 

Sədr müavini başqa məqama da toxunub: “Siyasi partiyaların dövlət qeydiyyatına alınması xoş haldır. Bir də onların parlamentdə təmsilçiliyinin genişləndirilməsinə diqqət yetirmək lazımdır. Parlamentdə nə qədər çox partiya təmsil olunarsa, siyasət o qədər rəngarəng, fikir plüralizmi o qədər geniş və ölkənin ümumi problemlərinin həllində əlini daşın altına qoymaq istəyənlərin sayı o qədər çox olar. Siyasi partiyaların inkişafı dövlətin inkişafı deməkdir”.

Müəllif: Ayna.az