Kritik üç ay və: "Azərbaycan antiterror əməliyyatına hazır olmalıdır"

Siyasət

27.02.2023 - 10:24

Sülhəddin Əkbər: “May-iyun ayları bütün postsovet məkanı üçün mövqelərin aydınlaşması baxımından həlledici olacaq

Münhendə ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı təmas, daha sonra Münhen Təhlükəsizlik Konfransında liderlərin debatından sonra diplomatik cəbhədə hərəkətlilik müşahidə olunur. Görüşlərdən sonra verilən açıqlamalardan belə qənaət formalaşıb ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində müəyyən razılaşmalar əldə edilib. Bu fikri gücləndirən amillərdən biri isə özünü Qarabağdakı separatçı qrumun “dövlət naziri” adlandıran erməni əsilli rusiyalı Milyarder Ruben Vardanyanın “vəzifəsindən” göndərilməsidir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Vardanyanın Qarabağdan çıxarılmasını ciddi tələb kimi irəli sürmüşdü. Azərbaycan lideri İlham Əliyev dəfələrlə bildirmişdi ki, Rusiyadan müəyyən plan-proqramla Xankəndiyə göndərilən milyarderlə heç bir halda danışıq olmayacaq. Münhendə Prezident Qarabağın erməni əhalisi ilə Bakının təmaslar quracağını, lakin bu təmasların Vardanyan və onun kimi digər separatçı ünsürlərlə olmayacağını bəyan etdi. Bu bəyanatdan iki gün sonra Vardanyanın “vəzifəsindən” göndərilməsi Bakının qəti tələbinin yerinə yetdiyini deməyə əsas verir.

Baş verən və qarşıda gözlənilən proseslərlə bağlı AYNA-nın suallarını Azad Demokratlar Partiyasının (ADP) sədri, analitik Sülhəddin Əkbər cavablandırıb. Siyasətçinin sözlərinə görə, hər kəsə bəlli idi ki, Azərbaycan Prezidenti Vardanyanın prosesdən, ümumiyyətlə, Azərbaycan ərazisindən uzaqlaşdırılmasını tələb etmişdi. Ölkə başçısı o zaman bizim erməni əsilli vətəndaşlarla danışıqlarda bir problem olmadığını bildirmişdi.

Münhendə liderlərin Blinkenin iştirakı ilə görüşü baş tutdu. Bundan sonra İlham Əliyevin açıqlamalarında iki yeni element gördüm: birincisi, sərhəd və gömrük məntəqələrinin quraşdırılması ilə bağlıdır – həm Laçın yolunda, həm də Zəngəzur dəhlizində. İkincisi, ilk dəfədir ki, Azərbaycan lideri “azlıq” ifadəsini işlətdi. Hər iki element onu göstərir ki, danışıqlar detallandırılıb və mahiyyəti üzrə gedir. Buraya Blinkenin “danışıqlarda irəliləyişlər var” fikrini də əlavə etsək, mənə elə gəlir ki, ilkin razılaşmalar əldə olunub. Vardanyanla bağlı məsələni də nəzərə alsaq, ola bilsin ki, yaxın gəkləcəkdə biz ekofəalların etiraz aksiyasının sonlanmasının, Qarabağdakı erməni əsilli vətəndaşlarla danışıqların şahidi ola bilərik.

Eyni zamanda, Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə liderlərin təxirə salınmış görüşünün keçiriləcəyi gözlənilir. Bütövlükdə, baş verənləri müsbət siyasi-diplomatik inkişaf kimi dəyərləndirmək olar.

- Maraqlı sual ortaya çıxır ki, “Vardanyan problemi”nin həlli Qərblə, yoxsa Rusiya ilə razılıq əsasında həllini tapdı? Çünki Münhendə liderlərin Blinkenlə birgə görüşündən sonra bu addım atıldı, amma digər yandan nəzərə almaq lazımdır ki, Vardanyan Qarabağa Moskvadan göndərilmiş şəxs idi...

- Təbii ki, istər Qərb, istərsə də Rusiya çalışacaq ki, irəliləyişin səbəbkarı kimi özlərini öndə görsünlər, amma əsl həqiqət bir müddətdən sonra ortaya çıxacaq. Belə düşünürəm ki, Vardanyan məsələsinin həllində Qərbin rolu olub. Nəzərə almaq lazımdır ki, Vardanyanın “postundan” uzaqlaşdırılması xəbəri separatçıların başçısı Araik Arutyunyan Ermənistanda olarkən yayıldı. Demək ki, son razılıq Nikol Paşinyanın da iştirakı, təzyiqi ilə qəbul olunub. Əslində bu, Arutyunyanın da, Paşinyanın da maraqlarına cavab verir. Ona görə də düşünürəm ki, burada Qərbin, Avropanın önəmli rolu olub. Nəzərə almaq lazımdır ki, bu günlərdə Britaniyanın naziri Bakıda görüşlər keçirərkən, açıqlamalar verdiyi gün ABŞ-ın Ermənistandakı səfiri də Paşinyanla görüşdü. Hesab edirəm ki, burada ABŞ, Böyük Britaniya və Avropa İttifaqı koordinasiyalı hərəkət edir. Bütövlükdə baxsaq, Blinkenin vasitəçiliyi ilə görüş, yaxınlarda Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq görüş, müəyyən irəliləyişlərin olması ona dəlalət edir ki, artıq təşəbbüs kollektiv Qərbin əlinə keçməkdədir.

- Əvvəllər hansısa razılaşmalardan sonra Paşinyanın bundan boyun qaçırdığının şahidi olmuşuq. Bu dəfə də İrəvanın razılaşmaları dalana dirəməyəcəyinə zəmanət varmı?

- Ən ciddi fərq qlobal və regional proseslərlə bağlıdır. Paşinyan bir neçə dəfə çıxışlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı fevral ayının sonunadək gözləyəcəklərini bildirmişdi. İndi fevralın sonudur və mənə elə gəlir ki, Paşinyan hökuməti strateji hədəflərlə bağlı ciddi seçim etmək ərəfəsindədir. Əgər Paşinyan öncədən elan etdiyi kimi, Rusiyaya qarşı addım atmaq qərarı verməmişdən əvvəl qonşuları olan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Ermənistan xüsusilə, NATO üzvü olan Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır, çünki onun Avropaya Türkiyə üzərindən çıxması daha rahat olacaq. Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasında həm ABŞ, həm Britaniya, həm də Avropa İttifaqı maraqlıdır.

Bir sözlə, biz artıq məsələlərin aydınlaşma mərhələsinə daxil olmuşuq. Rusiyanın hazırkı çətin vəziyyəti hər kəsə məlumdur. İndi danışıqlar və müsbət nəticələr üçün qlobal və geopolitik baxımdan əlverişli mühit yaranıb. Təşəbbüsün də hazırda Qərbə keçmək üzrə olduğunu nəzərə alsaq, İrəvanın meylinin razılaşmadan yana olacağını görəcəyik. İndi baxaq, Rusiya hansı destruktiv addımları atacaq. Çünki burada Rusiyanın köməyinə Fransa və İran gələ bilər. Bu üçlüyün necə hərəkət etməsindən də çox şey asılıdır.

Hər halda Paşinyan üçün də manevr imkanı o qədər geniş deyil. Mənə elə gəlir ki, Paşinyan artıq yaxın aylarda, ən geci may ayının sonunadək öz mövqeyini bildirməlidir. May-iyun ayı bütün postsovet məkanı üçün mövqelərin aydınlaşması baxımından həlledici olacaq. Bizim üçün maraqlı olan Paşinyanın həm Türkiyə ilə münasibətdə, həm Azərbaycanla münasibətlərdə mövqeyinin dəqiqləşməsidir. Azərbaycanla münasibətlərə sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizi məsələsi daxildir.

- Sizcə, İrəvan Qarabağdakı ermənilərin “statusu”nu tələb kimi qoymaqdan imtina edib?

 - Sızan məlumatlardan anlaşılan budur ki, hələlik iki elemet razılaşdırılıb: birincisi dəhlizlərlə bağlıdır, ikincisi, erməni azlıqların hüquqları ilə bağlıdır. Zəngəzur dəhlizi Ermənistanın, Laçın dəhlizi Azərbaycanın suverenliyində qalacaq, hər iki dəhlizdə gömrük-keçid məntəqələri olacaq.

Yadınızdadırsa, Azərbaycan əvvəllər Qarabağdakı ermənilərin yalnız konstitusion haqlarının qorunmasından danışırdı. İndi isə “azlıq” ifadəsi işlədilir. Ola bilsin ki, erməni milli azlıqlara məxsus milli-mədəni muxtariyyətdən söhbət gedir. Azərbaycan Prezidenti “icma” ifadəsi də işlətmişdi. Ola bilsin ki, ermənilərin icma hüququ da danışıqlar predmetidir.

- Vardanyanın gedişi ilə problem həllini tapdımı, yoxsa hansısa təxribatların baş verəcəyinin şahidi olacağıq?

- Postsovet məkanına bütöv halda baxmaq lazımdır. Geopolitik savaşın bir çox cəbhəsi var. Bu gün Ukraynada baş verənlər məlumdur. Moldovada ciddi proseslər gedir, Gürcüstanda, Ermənistanda  hərəkətlilik var. Ola bilsin ki, bizim ölkədə də ictimai-siyasi sabitliklə bağlı müəyyən proseslər baş versin. Burada İran faktorunu nəzərdən qaçırmaq olmaz.

Vardanyan məsələsinə Rusiya faktoru, destruktiv element kimi baxmaq lazımdır. Əgər Qarabağdakı destruktiv element götürülürsə, bu, həm də Rusiyanın təsirinin zəifləməsi deməkdir.

Təbii ki, təxribatlar ola bilər, hansısa destruktiv addım atıla bilər.  Ümumiyyətlə, neçə ki sülh sazişi imzalanmayıb, yekun sülh əldə olunmayıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olunmayıb, Rusiya hərbi qüvvələri ərazilərimizdədir, narahatlıq hər zaman olacaq. Amma bir məsələ var ki, qlobal və regional proseslər bizim xeyrimizədir. Təbii ki, Rusiya “Vardanyan planı”nın alınmamasına görə əsəbidir. Lakin Rusiya NATO-nun genişlənməsinə cavab versin, Ukraynada döyüşsün, Belarusda, Moldovada, Gürcüstanda, Ermənistanda baş verənlərəmi təsir göstərsin, yoxsa Azərbaycana cavab versin?! Azərbaycan həm də Türkiyə deməkdir. Hesab edirəm ki, bizim üçün qarşıdakı üç ay kritik müddətdir.

- Bu üç aydan nə gözləyirsiniz?

- Üç ay Ukraynada müharibənin gedişində kritik məqamdır. Bu üç ay ərzində Rusiyanın hücumlarının qarşısının alınması, Ukrayna tərəfindən əks-hücumun olması məsələsi var. Rusiyanın vəziyyətini nəzərə alsaq, Ukrayna ilə bağlı məsələ aydınlaşacaq. Gözlənilir ki, Rusiyanın bu hücumu da uğursuzluğa düçar olacaq, məqsədinə nail ola bilməyəcək. Mart-aprel aylarında savaş mövqe döyüşləri ilə müşahidə ediləcək, may ayının ortalarından etibarən Ukrayna ordusu henişmiqyaslı əks-hücuma keçəcək. O zaman Azərbaycan hazır olmalıdır ki, Qarabağda antiterror əməliyyatı keçirsin. Hər zaman deyirəm ki, Azərbaycan 48 və ya 72 saatlıq əməliyyata hazırlıqlı olmalıdır – həm də məqsədyönlü və səmərəli əməliyyata.

Müəllif: Anar Bayramoğlu