Kremldən ABŞ-ın kimyəvi silah ittihamına cavab: “Məntiqdən uzaqdır”

Dünya

04.03.2021 - 15:19

Dmitri Peskov: “Bu cür ittihamlarla rəsmi Vaşinqton Rusiyaya qarşı sanksiya siyasətini ört-basdır edir”

 

Kremlin sözçüsü Dmitri Peskov, ABŞ Dövlət Departamentinin Rusiyada kimyəvi silahdan istifadə edilməsi ilə bağlı ittihama cavab verib. Bu barədə AYNA TASS-a istinadən bildirir.

 

Peskov deyib ki, Rusiya Kimyəvi Silah Konvensiyasının müddəalarına tam şəkildə əməl edir: “Rusiya uzun illər əvvəl ərazisindəki bütün kimyəvi silahların məhv edildiyini elan etdi və təsdiqlədi”.

 

Rusiya liderinin sözçüsü qeyd edib ki, ABŞ Dövlət Departamentinin açıqlamaları məntiqdən uzaqdır. Onun fikrincə, bu cür ittihamlarla rəsmi Vaşinqton Rusiyaya qarşı sanksiya siyasətini ört-basdır edir.

 

“ABŞ da daxil olmaqla, bir çox ölkələr Kimyəvi Silah Konvensiyasının müddəalarına əməl etmirlər”, - Peskov əlavə edib.

 

ABŞ Dövlət Departamenti daha əvvəl bəyan etmişdi ki, Rusiya həbsdə olan müxalifət lideri Aleksey Navalnı ətrafında yaranmış vəziyyətə görə tətbiq edilən sanksiyaların ikinci mərhələsindən qaçmaq şansı əldə edəcək. Amma bir şərtlə - ölkədəki bütün kimyəvi silah ehtiyatları məhv edilməlidir.

 

Dövlət Departamentinin bəyanatında onu da qeyd edir ki, Moskva öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməməli və BMT müfəttişlərinin kimyəvi obyektləri ziyarət etməsinə icazə verilməlidir.

 

Müəllif: Ayna.az