Koronavirus peyvəndi ilə bağlı xəbərdarlıq

Dünya

02.01.2021 - 02:16

Uğur Şahin və Özlem Türeci peyvəndlə bağlı xəbərdarlıq edib
 
COVID-19-a qarşı Avropada peyvəndləmə davam edərkən “BioNTech” CEO-su Uğur Şahindən peyvənd tədarükü ilə əlaqədar xəbərdarlıq gəlib.
 
AYNA xarici mətbuata istinadən xəbər verir ki, Uğur Şahin “Pfizer” peyvəndlərinin istehsalını artırmağa çalışdıqlarını və digər peyvəndlər gələnə qədər peyvənd tədarükündə boşluqlar ola biləcəyinə diqqət çəkib. “Der Spiegel”ə danışan Şahin dünyanın müxtəlif yerlərində aşkar edilmiş koronavirus mutasiyalarına qarşı peyvəndin təsirinin sınaqdan keçirildiyini və işlərin davam etdiyini söyləyib. Həmçinin son vaxtlar Avropada peyvəndlərin paylanma sürəti ilə bağlı ciddi tənqidlər səsləndirib. O, peyvənd təsdiqlərinin gecikməsi səbəbindən vəziyyətin müsbət görünmədiyini və Avropadakı digər peyvəndlərin hələ təsdiqlənmədiyi üçün boşluğu öz peyvəndləri ilə doldurmaq məcburiyyətində qaldıqlarını söyləyib. Qeyd edək ki, Avropadakı müvafiq qurumların 6 yanvarda “Moderna” peyvəndini təsdiqləməsi gözlənilir. 
 
İlk dəfə İngiltərədə aşkarlanan koronavirus mutasiyası ilə əlaqədar qiymətləndirmələr edən Şahin inkişaf etdirdikləri peyvəndlərin mutasiyaya qarşı təsirli ola biləcəyini bildirib. Şahin bu istiqamətdə testləri davam etdirdiklərini və tezliklə nəticələri əldə edəcəklərini söyləyib. O, mənfi 70 dərəcədə saxlanmalı olan peyvəndin daha asan saxlanılması üçün səy göstərildiyini və yeni nəsil peyvəndin yaz aylarının sonuna doğru daha yüksək dərəcələrdə saxlanıla biləcəyini bildirib. 
“Der Spiegel”ə verdiyi müsahibədə Uğur Şahin mövcud vəziyyətin o qədər də ürəkaçan olmadığını deyib: “Digər peyvəndlərin hələ tam təsdiqlənmədiyi və mövcud olmadığına görə bir boşluq var, bu boşluğu peyvəndlərimizlə doldurmalıyıq. Eyni zamanda son günlərdə Avropada peyvəndlərin paylanması ilə bağlı ciddi problemlər var. Almaniyada qocalar evlərindəki yaşlılar və səhiyyə işçiləri ilk mərhələdə peyvəndlənməli şəxslər idi. Lakin onlar növbəyə yazılmaq məcburiyyətində qaldıqlarından şikayətçidirlər. Oxşar şikayətlər Fransada da görülür. Fransa hökuməti 50 yaşdan yuxarı səhiyyə işçilərinin baza ertəsi günündən peyvəndlənə biləcəklərini bildirib”. Şahin“BioNTech”in fevral ayında Almaniyanın Marburq şəhərində "planlandığından çox daha erkən" yeni bir istehsal təsisi qurmağı və 2021-ci ilin ilk yarısında 250 milyon doza istehsal etməyi hədəflədiyini söyləyib.
 
“BioNTech”-in qurucularından biri, eyni zamanda Şahinin həyat yoldaşı Özlem Türeci də “Spiegel”ə açıqlama verib: “Pandemiyanı bitirən bir peyvənd hazırlamaq üçün qlobal yarışdayıq. Bunu nəzərə alaraq AB-nin fərqli peyvəndlər alaraq tədarük görməli  olduqlarını düşünürəm”.
 
Türeci həmçinin, Avropadakı beş dərman istehsalçısı ilə istehsalı artırmaq üçün müqavilələr bağladıqlarını və digər mütəxəssis şirkətlərlə danışıqların davam etdiyini söyləyib.
 
Qeyd edək ki, “BioNTech/Pfizer” bu il dünyada 650 milyon insanı peyvənd etmək üçün yetərli 1,3 milyard doza verməyi hədəfləyir.
Müəllif: Ayna.az