Karantini sərtləşdirirsiniz, amma əhali təminat, Konstitusiya hüquq tələb edir

Cəmiyyət

23.06.2020 - 21:00

Vətəndaşların əksər hissəsi gəlirini itirib, iqtisadiyyat tənəzzül edir

 

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin daha iki həftə davam etməsi barəd qərar qəbul etdi. Ancaq məcburi özünütəcrid zamanı əhaliyə və biznesə maddi dəstək göstəriləcəyi bardə heç bir məlumat verilmir.

 

Bakıda, Sumqayıt, Gəncə, Abşeron, Cəlilabad, Lənkəran və Masallıda evdən çıxmağa yalnız SMS-lə icazə verilir. Karantin dövründə fəaliyyətinə icazə verilən müəssisələrin işçiləri müxtəlif vaxtlarda işə gedəcəklər. Ticarət mərkəzləri müvəqqəti bağlanıb, iaşə müəssisələri yalnız ev sifarişlərini yerinə yetirə bilir. Bərbərxana və gözəllik salonlarının işi dayandırılıb, evdə kosmetik xidmətlərin göstərilməsi də qadağandır. Muzeylər və sərgi salonları bağlanıb, idman tədbirləri qadağan edilib. Bu, o deməkdir ki, vətəndaşların əksər hissəsi işləmək iqtidarında deyil və gəlirlərini itirib.

Qubad İbadoğlu barədə xəbərlər - AZƏRBAYCAN24

İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, virusun yenidən sürətlə yayılması hökumətin səhv addımlarınin nəticəsidir və bu qərarları verənlər istefaya getməlidirlər: "İlk növbədə insanlar arasında etimadsızlığı aradan qaldırmaq və ehtiyacı olanlar üçün sosial təminatı təşkil etmək lazımdır. Xəstəliyin yayılmasının yüksək dinamikasının mövcudluğunu rəsmi olaraq etiraf etmək də məqsədəuyğundur – axı hamıya məlumdur ki, cəmi iki gün ərzində 909 yeni yoluxma faktı baş verib. Bu rəqəm sübut edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 6-7 iyun tarixlərində karantin rejimi ilə bağlı verdiyi qərarlar səhv idi. Üstəlik, bu virusu aradan qaldırmağın yolu sərt məhdudlaşdırıcı tədbirlər deyil, təcrid şəraiti içərisində davranış mədəniyyətidir. Təəssüf ki, son üç aylıq karantin tədbirləri dövründə biz bu problemi həll edə bilmədik”.

 

“Virusun yayılmasına qarşı effektiv qarşılıqlı təsir göstərmək üçün strateji bir yanaşma, düşünülmüş tədbirlər alqoritmi və ardıcıl, sistemli qərarların ciddi şəkildə əlaqələndirilməsi tələb edilir. Belə bir sistemli yanaşmaya empirik araşdırımalar əsasında formalaşan xarici təcrübələrə istinad etməklə nail olmaq olar. Bununla yanaşı, hökumətə olan inamsızlığı aradan qaldırmaq və karantin rejiminin səmərəliliyini artırmaq üçün əhalinin maddi və mənəvi ehtiyaclarının ödənilməsi üçün sistematik tədbirlər görülməsi vacibdir. Söhbət birdəfəlik sosial ödəmələrdən və əhali ilə səmimi dialoqdan gedir”, - İbadoğlu deyib.

Natiq Cəfərli: “Elmə ağılla qoyulan hər dollardan bir milyon ...

İqtisadçı-ekspert Natiq Cəfərli də AYNA-ya şərhində hökumətin pandemiya ilə mübarizə istiqamətindəki addımlarını tənqid edib: "Vətəndaşların hərəkətini məhdudlaşdıran hökumət qərarlarının heç bir hüquqi əsası yoxdur. Ancaq qanuni incəlikləri bir kənara qoysaq da, SMS sistemi və hökumət tərəfindən görülən digər tədbirlər nəticə vermir. Hökumət yenidən ölkədə müəyyən müddət üçün biznesi qadağan edə bilər, lakin bu, müəyyən maliyyə öhdəlikləri yaradır. İnsanlara evdə qalmağı əmr edə bilərsiniz, ancaq bunun üçün vətəndaşların təməl ehtiyaclarını təmin etmək, əhalinin kommunal xərclərini ödəmək lazımdır”.

 

“İkinci iki həftəlik sərt karantin rejimi elan edilərkən və ümumi karantin müddəti avqustun 1-dək uzadılarkən, hökumət iyun-iyul aylarında əhaliyə maliyyə dəstəyini bərpa etməlidir. Və məsələ təkcə 190 manatla bitməməlidir, başqa yardım paketləri hazırlanmalıdır. Qapalı təsərrüfat subyektlərinə maliyyə dəstəyinin göstərilməsi, onların gələn ilin yanvarına qədər bütün növ vergilərdən azad olunması vacibdir. Bundan əlavə, koronavirus pandemiyasından sonrakı dövr üçün iqtisadi dəstək paketi hazırlanmalıdır. Çünki virusun aradan qaldırılması mümkün olsa belə, iqtisadiyyatın canlanması vaxt və xeyli sərmayə tələb edəcək”, - ekspert vurğulayıb.

 

Müsahibimiz əhaliyə yumşaq məhdudiyyətlər tətbiq edilməsini, maliyyə dəstəyi göstərilməsini və SMS-icazə sistemindən imtina edilməsini təklif edir: “Ərzaq mağazalarından başqa bütün ticarət, iaşə və əyləncə obyektləri bağlansın, ictimai nəqliyyatın hərəkəti tam dayandırılsın və vətəndaşların təmiz havada piyada gəzməsinə imkan verilsin. Eyni zamanda, alınan nəticələrdən gələcəkdə istifadə edilməsi üçün insanların kütləvi olaraq koronavirus testindən keçirilməsi lazımdır. Avqustun 1-dək səhiyyə sisteminə böyük sərmayələr qoyulmalı və əlavə təcili yardım maşınları və tibbi avadanlıqlar alınmalıdır. Həmçinin, cəmiyyətdəki nüfuzlu insanlar media vasitəsilə maarifləndirmə işləri aparmalı, vətəndaşları pandemiya dövründə davranış mədəniyyəti haqqında daimi olaraq məlumatlandırmalıdırlar”.

 

Əslində, hökumətin verdiyi sərt qərarlar “Fövqəladə hallar haqqında” Qanuna aiddir. Bu qanun fövqəladə hallar nəticəsində vətəndaşların sağlamlıqlarına və əmlaklarına vurulan zərərin əvəzini almaq hüququnu təmin edir. Ancaq hökumət bu təsnifatdan qaçır və addımlarını "Sanitariya və epidemioloji sağlamlıq haqqında" Qanunun 25-ci maddəsi ilə əsaslandırır. Nəticədə vətəndaşların itkilərin ödənilməsini tələb etmək üçün heç bir hüquqi əsası olmur.

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

Hüquqşünas Əkrəm Həsənovun AYNA-ya izahına görə, hökumətin karantin tədbirləri "Sanitariya və epidemioloji sağlamlıq haqqında" qanunun 25-ci maddəsinə uyğun deyil: “Hökumət daim sözügedən qanunun maddəsinə istinad edir. Buna əsasən, müəyyən ərazilərdə və obyektlərdə xüsusi əmək, təhsil rejimi və digər məhdudiyyətlər tətbiq edilə bilər. Bununla birlikdə, "Sanitariya və epidemioloji sağlamlıq haqqında" Qanunda deyilir ki, bunu nəinki dövlət qurumları, hətta həkimlər də edə bilər. Fövqəladə vəziyyətdən fərqli olaraq, orada təyin olunan normalar olduqca spesifikdir və reallaşması məhdud ərazilərdə mümkündür, bütün ölkə ərazisində yox. Bu məntiqə görə belə çıxır ki, hansısa həkim bütün ölkədə hamının evdən çıxmasını qadağan edə bilər”.

 

“Bundan əlavə, "Sanitariya və epidemioloji vəziyyət haqqında" Qanunda qeyd olunur ki, məhdudiyyətləri dövlət qurumu öz səlahiyyətləri daxilində tətbiq edə bilər. Nazirlər Kabinetinin belə səlahiyyətlərə malik olduğu harada yazılıb? Konstitusiyaya görə, hökumətin belə səlahiyyətləri yoxdur. Bununla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsində deyilir ki, Azərbaycan ərazisində qanuni olan hər hansı bir şəxs sərbəst hərəkət edə bilər. Ölkədə qanuni olaraq yaşayan qeyri-vətəndaşlar da sərbəst hərəkət etmək hüququna malikdirlər”, - hüquqşünas bildirib.

 

Həsənovun sözlərinə görə, bu maddə də daxil olmaqla, Konstitusiyada nəzərdə tutulmuş hüquq və azadlıqlar dövlətin əsas qanununun 71-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq (hərbi vəziyyət, fövqəladə vəziyyət, səfərbərlik elan edilərkən) məhdudlaşdırıla bilər: “Yalnız bu halda göstərilən hüquq və azadlıqlar qismən və müvəqqəti olaraq məhdudlaşdırıla bilər”.

 

Yeri gəlmişkən, koronavirusla bağlı vəziyyətin özü də fövqəladə vəziyyət kimi qiymətləndirilir. Çünki Konstitusiyanın 112-ci maddəsinə əsasən, Prezident tərəfindən fövqəladə vəziyyət elan edilməsinin əsaslarından biri epidemiyalardır. Bu vəziyyətdə dövlət başçısı parlament tərəfindən 24 saat ərzində təsdiqlənəcək bir fərman imzalayır.

Müəllif: Tanya Samsonova