Yanğınların bəzisinin 24 saat müddətində iki dəfə güclənəcəyi bildirilir
Kaliforniya tarixinin ən böyük yanğınlarından biri ilə mübarizə aparmaqda davam edir. AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya əyalətində isti hava dalğasının təsiri ilə ildırım düşməsi nəticəsində alovlanan yanğınları söndürmək hələ mümkün olmayıb.
Çoxu əyalətin şimal bölgəsinin payına düşən yanğına görə 100 minə yaxın adamın təxliyə edilməsi ilə bağlı əmr verilib. Səlahiyyətli şəxslər sayı 560-ı keçən yanğınların bəzisinin 24 saat müddətində iki dəfə güclənəcəyini bildiriblər. Bunun da meşəlik ərazilərdəki on minlələrlə evi təhlükə altında qoyduğunu deyiblər.
San-Fransisko şəhərinin şimal, şərq və cənub hissələrində 2 min 566 kilometrlik əraziyə ziyan dəyib, 500-dən çox bina yarasız hala düşüb. Bu səbəbdən San-Fransiskonun cənubunda 48 min adamın təxliyə əmri verilib.
Yanğınların söndürülməsində 12 mindən çox yanğınsöndürən mübarizə aparır. Yanğın nəticəsində biri vertolyot pilotu olmaqla 5 nəfərin öldüyü, 2 nəfərin itdiyi və 33 mülki şəxs və yangınsöndürənin yaralandığı deyilir.
Qeyd edək ki, Kaliforniya əyalətində ən böyük yanğın 8 noyabr 2018-ci ildə başlayan və “Camp fire” kimi adlandırılan meşə yanğını olmuşdu. Əyalətin şimal hissəsində Paradise şəhərində başlayan bu meşə yanğını nəticəsində 14 min ev, 500-dən çox müəssisə, 4 min 300 bina məhv olmuş, 80-dən artıq adam ölmüşdü. Ümumilikdə 620 kilometrlik ərazini əhatə edən bu yanğın Kaliforniya tarixinə “ən böyük və ən çox can alan meşə yanğını” kimi yazılıb.