Kafe-restoranlar karantinin zərərini müştərilərdən çıxacaqmı – <font color=red> GÖZLƏNTİLƏR</font>

Cəmiyyət

20.05.2020 - 10:40

Bəzi mütəxəssislər qiymət artımını mümkün, bəziləri isə ağlabatmaz hesab edirlər

 

Karantin rejiminin yumşaldılması kafe-restoranların fəaliyyətini bərpa etməsinə imkan yaratdı. Doğrudur, hələlik tam fəaliyyətə icazə verilmir, xidmət saat 08-18.00 arası mümkündür. Üstəlik, yeni qaydalara əsasən, yan masalar arasındakı məsafə 2, eyni masa arxasında oturanlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır.

 

Karantin günlərində kafe-restoranlar ciddi ziyanla üzləşdi. Bununla əlaqədar olaraq ictimai iaşə obyektlərində qiymətlərin qalxa biləcəyi proqnozlaşdırılır.

 

Mövcud durumu AYNA-ya şərh edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə, qiymətlər 5 faiz artacaq, amma bundan çox olmayacaq: “Haralardasa dərhal, haralardasa bir qədər gec qiymətləri qaldıracaqlar. Buna baxmayaraq, insanlar restoranlara gedəcəklər və düşünürəm ki, çox sayda müştəri olacaq. Vətəndaşlar dörd divar arasında oturmaqdan yorulublar, buna görə də asudə vaxtlarını şaxələndirmək istəyirlər. Ancaq həm müştərilərin, həm də işçilərin davranışı mövcud vəziyyətə uyğun olaraq dəyişəcək”.

 

“Müştərilər qaydalara məhəl qoymayan müəssisələrə getməməlidirlər. Çoxlu insan kütləsi, masalar arasında məsafələrin olmadığı, maska ​​və əlcəklərdən istifadə etməyən ofisiantların olduğu yerlərə getməmək lazımdır. Müştərilərin mətbəxdə nələr baş verdiyini, orada yeməyin necə hazırlandığını görmələri vacibdir. Əlbəttə ki, hər kəsin mətbəxə daxil olmasına izn verilməz, amma salonda mətbəxdə baş verənləri görüntüləyən monitorlar olmalıdır. Bizim tövsiyəmizlə paytaxtdakı restoranlardan birində belə bir monitor quraşdırılıb, amma mən istərdim ki, başqaları da baxıb onlardan ibrət götürsünlər. Elə olur ki, bir restoran hazır yeməkləri başqa bir iaşə obyektindən gətirir, burada qızdırılıb təzə bişmiş kimi təqdim olunur. Bütün mətbəxlər sanitar qaydalara uyğun gəlmir. Lakin belə olsa, hər şey şəffaf olacaq”, - Hüseynov bildirib.

Каким должно быть меню для кафе и ресторанов? - Весь Харьков

Bütün iaşə müəssisələrinin çətin günlərdən keçdiyini deyən AİB rəhbəri hesab edir ki, belə müəssisələrin, təxminən 25%-i bağlanacaq: “Xüsusən bölgələrdə olan müəssisələrin vəziyyəti çətindir. Dövlət onlara kömək etmək məcburiyyətində deyil, ancaq uyğun görsələr, bunu da edə bilərlər”.

 

İqtisadçı-ekspert Fuad Əlizadə isə AYNA-ya deyib ki, kafe-restoranlarda qiymət artımının olacağını güman etmir: “Bunun üçün heç bir zəmin yoxdur. Ərzaqların dəyəri artmadı. Əlbəttə ki, restoran sahibləri qiymətləri qaldırmaq istəyərlər, amma bu şərtlərdə belə bir qərar ağılsızlıq olardı, çünki müştəriləri qorxudar və öz obyektlərindən uzaqlaşdıra bilərlər”.

 

“Əhalinin istehlak qabiliyyətini və insanlar üçün restoranlara baş çəkməyin əsas xərclər siyahısında olmadığını nəzərə almaq lazımdır. Əhalinin gəlirləri daha çox xərcləmək üçün hələ də artmayıb. Lakin tədricən bu müəssisələrin müştəriləri peyda olacaq. Qida müəssisələrinin bağlanmasına gəlincə, dövlət onları dəstəklədiyi üçün, karantin müddətində belə bir problemin yaranacağına ehtimal vermirəm”, - Əlizadə bildirib.

 

İqtisadçı-ekspert Natiq Cəfərli də kafe-restoranlarda qiymət artımına gedilməsini məntiqsiz hesab edir: “Əks halda müştərilər həmin obyektlərə getməyəcəklər. Bəzi obyektlərin sahiblərinin qiymətləri qaldırmaq istəyi başa düşüləndir, çünki sosial məsafəni saxlamaq onlar üçün baha başa gələcək. Dezinfeksiya xərcləri də onların xərclərinə əlavə olunacaq. Ancaq ölkədə çox sayda kafe-restoran var, aralarında rəqabət də güclüdür. Birinci mərhələdə qiymətlərdə cüzi artım olsa da, onları endirməli olacaqlar”.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin (DİTM) sədri Nəriman Ağayev məsələyə fərqli yanaşır. Onun AYNA-ya verdiyi şərhə görə, 10-20 nəfərin işlədiyi kiçik iaşə müəssisələri qiymətləri qaldırmayacaq, lakin böyük restoranlarda vəziyyət fərqli olacaq: “Kiçik müəssisələr, hansılar ki, illər boyu qazandıqları müştəriləri itirmək istəmirlər, onlar qiymət artımına getməyəcək. Belə müəssisələrdə işçilərin sayı da dəyişməyəcək, çünki onların bir xeylisi ailə biznesidir. Düzdür, gəlirləri azalacaq, amma buna baxmayaraq, kiçik iaşə obyektləri bağlanmayacaq”.

 

“Böyük restoranlara gəldikdə, onlar qiymətləri 15 faizədək qaldıra bilər. Məşhur restoranlarda masalar arasında lazımi məsafələr olacaq, lakin xərclər yenə artacaq. İndi ərzaq və spirtli işkilərin qiyməti qalxıb. Bir neçə aylıq kassa çeklərini müqayisə etmək kifayətdir ki, artımın fərqini tutaq”, - Ağayev bildirib.

 

Ekspertin qənaətincə, elit restoranların bəziləri icarə qiymətlərinin artması səbəbindən bağlana bilər: “Obyekt sahibləri icarəhaqqını qaldırmaq fikrindədirlər, lakin qısa zaman ərzində yeni icarədarlar tapmaq elə də asan olmayacaq – bunu düşünmürlər. Ağıllı icarədarlar isə, əksinə endirimlər ediblər”.

Müəllif: Elya Belskaya