Jurnalistlər üçün yeni qanun: Milli Məclisdə təkliflər, iradlar səsləndirildi

Cəmiyyət

10.12.2021 - 15:15

"Media haqqında" yeni qanun layihəsi parlamentin komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin birgə iclasında "Media haqqında" yeni qanun layihəsi müzakirə olunub. İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, agentliyin digər rəsmi şəxsləri, media orqanlarının rəhbərləri, deputatlar və jurnalistlər iştirak ediblər.

Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək

Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Sənəddə əsas müddəalardan biri jurnalistlərin Media Reyestrinə daxil edilməsi ilə bağlıdır. Təklifdə deyilir ki, bu, könüllü xarakter daşıyır. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək. Qeyd olunub ki, media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləmir, internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, müasir dövrün çağırışlarına uyğunlaşdırılıb. Burada məqsəd həm media subyektlərinin, həm də jurnalistlərin fəaliyyətini daha səmərəli təşkil etməkdir. Qeyd olunub ki, reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq. Eyni zamanda, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək.

Onların bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq

Layihədə bildirilib ki, media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, onların bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək. Qanun layihəsində qeyd olunur ki, informasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda, ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq. Sənəddə maraqlı məqamlardan biri dövlət qurumlarının çap mediası təsis etməsinə qadağa ilə bağlıdır. Çap mediası subyektinə dair müəyyənləşən tələblərdə qeyd edilib ki, çap mediası subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər. Siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər. Ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 (yüz) nüsxədən çox olan, ildə azı 12 (on iki) dəfə çap olunan qəzetlər və ildə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşrlər sayılır.

Əli Hüseynli: ""Media haqqında" Qanun Azərbaycan mətbuatının inkişafına öz töhfəsini verəcək"

"Azərbaycan mətbuatı hər zaman olduğu kimi, vətəndaşlıq mövqeyi nümayiş etdirir. Biz bunu Vətən müharibəsində aydın gördük və şahidi olduq. Bu gün müzakirə etdiyimiz “Media haqqında” qanun layihəsi media üçün yol xəritəsidir", - deyə bildirən Ə.Hüseynli “Media haqqında” Qanunun Azərbaycan mətbuatının inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Z.Oruc isə qeyd edib ki, 44 günlük Vətən müharibəsi medianın rolunun, informasiyanın gücünün hərbi əməliyyatlar kimi önəmli olduğunu göstərdi: "Yeni qanun layihəsi ölkəmizdə medianın daha da inkişaf etdirilməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edəcək". Komitə sədri diqqətə çatdırıb ki, 146 yaşlı mətbuatımızın ənənələrini qoruyub saxlamaq və daha da inkişaf etdirmək qarşıya vacib məsələ kimi qoyulub. “Media haqqında” Qanun bu vəzifələrin yerinə yetirilməsində yol göstərəcək.

Əhməd İsmayılov: ""Copy-paste" jurnalistikasıyla da mübarizə aparılacaq"

“Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir". Bu sözləri isə müzakirə zamanı MEDİA-nın İcraçı direktoru Ə.İsmayılov səsləndirib.

Ə.İsmayılov qeyd edib ki, “Media haqqında” qanun Azərbaycan mediasının inkişafının təkmilləşdirilməsi üçündür: “Qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək".

Ə.İsmayılov qanun layihəsinə əsasən, media reyestrinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verəcək. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur. Media reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək".

“Media sahəsində islahatların yol xəritəsinin müəyyənləşdirilməsi üçün qanun layihəsi hazırlanıb. Hazırda “KİV haqqında” qanunda mövcud olan və müasir çağırışlara cavab verməyən anlayışlar yenidən işlənib. Yeni layihə xidmət müqaviləsi ilə fəaliyyət göstərən jurnalistləri də jurnalist hesab edir. “Media haqqında” qanun layihəsi “copy-paste” jurnalistikası ilə mübarizə aparmaq yolları da ehtiva edilib. Beləliklə, “copy-paste” jurnalistikasıyla da mübarizə aparılacaq”.

Deputatdan təklif: "Jurnalistlər də test yolu ilə vəsiqə ala bilsinlər"

Müzakirələrə qoşulan deputat Qüdrət Həsənquliyev jurnalist vəsiqəsinin test yolu ilə verilməsini təklif edib: “Hesab edirəm ki, jurnalistlərə dair tələblər ciddiləşdirilməlidir. Vəkillər test verir sonra vəkillik hüququ qazanırlar. Eyni zamanda, jurnalistlər də test yolu ilə vəsiqə ala bilsinlər. Ən azından test yolu ilə onların ilkin bilikləri yoxlanılsın. Bundan başqa, ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin media subyekti olmayacağı ilə bağlı layihədə maddə var. Amma məhkumluq üzərindən götürüləndən sonra o adam azad insan sayılır. Bu maddəni götürməliyik". 

"Digər tərəfdən, siyasi partiyalar çap mediası istisna olmaqla, media subyekti yarada bilməyəcək. Amma burda bir məntiq görmürəm, çünki bütün media subyektləri informasiya yaymaqla məşğuldurlar”, - deyə deputat əlavə edib.

Müzakirələr deputatların, media orqanları rəhbərlərinin iştirakı ilə davam etdirilib. 

Müəllif: Anar Bayramoğlu