“Bir mərmi Baxman xəstəxanasının yanındakı yaşayış binasına dəyib”
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənub kənarındakı xəstəxananın yaxınlığına zərbələr endirib. AYNA xəbər verir ki, bu barədə Livanın milli agentliyi NNA məlumat yayıb.
Bildirilib ki, Livan paytaxtının cənub ətrafındakı Haret Hreik məhəlləsinə iki hava hücumu həyata keçirilib. Hücum bir sıra güclü partlayışlarla nəticələnib və qara tüstü səmaya qalxmağa başlayıb.
“Bir mərmi Baxman xəstəxanasının yanındakı yaşayış binasına dəyib”, - agentlik yazıb.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin Beyruta hücumu barədə məlumat oktyabrın 19-da yayılıb. Hava hücumu “Hizbullah”ın obyektlərinin və tərəfdarlarının yaşadığı güman edilən Beyrutun cənub kənarına edilib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Livandakı “Hizbullah” hərəkatının İsrailə doğru 360 mərmi atdığını açıqlayıb. 220-yə yaxın mərminin Livan-İsrail sərhədini keçdiyi qeyd edilir.