İrəvanın ikibaşlı “sülh oyunu” – Moskva görüşündə razılaşma olacaq, amma...

Siyasət

24.05.2023 - 10:20

Həkimlər Klinikalar SEO Xidməti

Analitik: “Putin üçtərəfli razılaşmaları müəyyən qədər korrekt edilmiş formada irəli sürəcək və razılaşdırmağa çalışacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kvadrat kilometr çərçivəsində tanıdığını bir daha bəyan edib. Baş nazir qeyd edib ki, regionda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır: “Ermənistan hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir. Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır və biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik. Beynəlxalq ictimaiyyətin təsəvvürü getdikcə daha çox Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü - 29800 kv.km-də və müvafiq olaraq 86,600 kv. km–də tanınmasına yönəlib. Eyni zamanda, Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün dialoq aparılmalıdır. Biz bu məntiqlə razıyıq və bu məntiqlə danışıqlar aparırıq. Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır, bura Qarabağ da daxildir”.

“Eyni zamanda, mən əminəm ki, Ermənistan Respublikasının təhlükəsizliyinin strateji təminatı sülhdür və bu, bütün qonşularla münasibətlərin normallaşdırılması yolu ilə mümkündür. Bu, asan proses olmaqdan uzaqdır, amma düşünürəm ki, xalqımızın istədiyi və gözlədiyi budur, - deyə Paşinyan qeyd edib.

Paşinyan onu da vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası 1975-ci ildən SSRİ Baş Qərargahının xəritələri əsasında aparılmalıdır. Onun sözlərinə görə, söhbət Rusiya tərəfinin dəfələrlə bəyan etdiyi xəritələrdən gedir: “Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Biz SSRİ Baş Qərargahının 1975-ci ildəki xəritələrinə görə delimitasiya tərəfdarıyıq. İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgü prinsipi ilə çıxarılmasında israrlıdır. Bu, təhlükəsizliyi təmin edəcək”.

Paşinyanın son bəyanatları ilə bağlı AYNA-nın suallarını cavablandıran analitik Asif Nərimanlı bildirib ki, elə hiss edilir ki, Baş nazir açıqlamaları erməni cəmiyyətini sülhə hazırlayır:

- Lakin burada İrəvanın sülh sazişini imzalamağa tələsdiyi də hiss olunur. Halbuki, müharibədən sonra Ermənistan prosesi maksimum uzatmağa, ona uyğun şərtlərin yetişməsini gözləməyə çalışırdı. İndi sual yaranır ki, mövcud geosiyasi şərtlər və bunun Bakı-İrəvan münasibətlərinə təsiri necədir? Məncə, Nikolun açıqlamalarına bu kontekstdə baxmaq lazımdır və belə nəticəyə gəlmək olur ki, Ermənistan sülh sazişini Qərb platformasında imzalamaq, Qarabağ məsələsində istədiyi “beynəlxalq mexanizmlərin” yaradılmasına nail olmaq və Xankəndindəki separatçıların taleyini Bakı-Moskva xəttindəki məsələyə çevirmək niyyətindədir. Ermənistanın Azərbaycanla münasibətlərdə prioritet hesab etdiyi iki məsələ var: birincisi, kommunikasiyanın “suverenlik prinsipi” ilə açılmasını – Zəngəzurun “dəhliz” yox, yol məntiqi ilə olmasını, ikincisi, 29,800 kvkm ərazisini saxlamaq istəyir. Qərb masasında danışıqlarda bu məsələlər gündəmdədir. Paşinyanın istəyi də budur ki, sülh sazişini bu gündəliyə uyğun imzalasın, Qarabağ məsələsini Rusiya ilə Azərbaycanın arasındakı məsələyə çevirsin və “beynəlxalq mexanizm” məsələsini aktual olaraq saxlasın. Bu, İrəvanın Qarabağ məsələsini “hüquqi münaqişə” vəziyyətinə gətirmək niyyətindən xəbər verir.

- Erməni cəmiyyətinin Paşinyanın sülh mesajlarına reaksiyası necə olacaq?

- Ermənistanda artıq narazılıqlar var, lakin bu, Qarabağ məsələsini kapitala çevirən siyasi müxalifətin etirazlarıdır. Cəmiyyətin böyük əksəriyyətinin etiraz etməsi, yaxud küçələrə axışacağı gözlənilmir. Paşinyan bunu bildiyi üçün açıq şəkildə danışır və çıxışlarını məhz Ermənistanın təhlükəsizliyinin qorunması kontekstində qurmaqla erməni cəmiyyətini seçim qarşısında qoyur. Müharibədən sonra ermənilərin seçimi Ermənistanda təhlükəsiz şəkildə yaşamaq olduğu daha aydın görünür.

- İrəvanın siyasətinə Qarabağ ermənilərinin hansı reaksiya verəcəyi sual doğurur...

- Qarabağda separatçılar etirazlarını bildiriblər. Hətta qəbul etdikləri bəyanatda baş verənlərlə razılaşmayacaqlarını söyləyirlər. Amma erməni əhalisi arasında düşüncə fərqlidir, onların əksəriyyəti reallığı anlayır və getmək üçün yolun açılmasını gözlədiklərini bildirirlər. Əslində bölgəni tərk etmək istəyən ermənilərin qarşısını kəsən Laçına qurulan post yox, separatçılar və ruslardır. Ermənistanda yaşamaq, yaxud başqa ölkəyə getmək imkanı olmayanlar qalacaqlar. Ümumiyyətlə, erməni əhalisinin reallığı anladığı görünür, etiraz edənlər separatçılardır, onlar da öz mövcudluqlarını qorumağa çalışırlar.

- Ermənistanda köhnə ssenarinin – rəsmilərə sui-qəsdin olacağı gözlənilirmi?

- Bu ən son seçim ola bilər. Hələ ki, Ermənistan müxalifəti müqavimət formalaşdırmağa, təzyiq etməyə çalışır, hərçənd, buna nail ola biləcəkləri inandırıcı deyil. Qarşıdakı dövrdə Ruben Vardanyanın Xankəndindən İrəvana gələcəyi, Ermənistan siyasətinə transfer olacağını görə bilərik və Paşinyana qarşı müqavimət onun üzərindən qurula bilər. Sui-qəsd ssenarisi də seçimlərdən biri olaraq qalır, lakin Paşinyan keçmiş təcrübəyə əsasən bu ehtimalı həmişə dəyərləndirir və daha tədbirli davrandığını deyə bilərik. Onun parlamentdə çıxışları zamanı mühafizəçilərin sayının artırılması da bunu göstərir.   

- Qarşıdakı görüşlərdə Paşinyan bəyan etdiklərini reallıqda həyata keçirməyə meylli görünəcəkmi?

- Bəyanatların praktikada tətbiq ediləcəyi ehtimalı böyük deyil. Birincisi, regiondakı oyunçuların maraqları buna imkan vermir. İkincisi, Paşinyan müharibədə məğlub olsa da, öz şərtlərini qəbul etdirməyə çalışır və Azərbaycan bunu qəbul etmir. Sülh sazişi ilə bağlı bəyanatlar verilsə də, gündəlikdə razılaşdırılmayan məsələlər var. Hazırda baş verənlər tərəflərin prosesdən maksimum qazanclı çıxmaq və hadisələrin hansı istiqamətdə inkişafını izləyərək ona uyğun addım atmaq oyunu kimi görünür. Qarşıda liderlərin Moskva görüşü var. İstisna deyil ki, Putin üçtərəfli razılaşmaları müəyyən qədər korrekt edilmiş formada irəli sürəcək və razılaşdırmağa çalışacaq. Şifahi də olsa razılaşmaların olacağı bəllidir. Belə olanda həm Rusiya, həm Qərb masasında razılaşmalar paralel şəkildə gündəmdə olacaq. Bu da Ermənistana razılaşmalardan imtina etmək, yaxud prosesi uzatmaq üçün manevr imkanı verir.

Müəllif: Anar Bayramoğlu