Dünyanın diqqəti “Sülh çeşməsi” əməliyyatına yönəlib
Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi anti-terror əməliyyatı davam edir. “Sülh çeşməsi” əməliyyatının 4-cü günündə Rasul-Ayn və Alja şəhərləri, Əl-Salihiyyə düşərgəsi, Əl-Libiyə və Təlü-Bənət təpələri, bu gün isə Tel Abyad şəhəri terrorçulardan təmizlənib.
Fərat çayının şərq sahillərini terror təşkilatlarından təmizləmək, cənub sərhədlərinin təhlükəsizliyini, həmçinin suriyalıların vətənə təhlükəsiz qayıdışını təmin etmək istəyən Türkiyə ordusu, artıq 550-dən çox terrorçunu öldürüb, çoxunu isə tərk-silah etməklə yanaşı, 2 qəsəbə, 1 əyalət və 56 kəndi PKK-nın nəzarətindən xilas edib.
Baş verənləri AYNA-ya şərh edən hərbi-siyasi icmalçı Üzeyir Cəfərovun sözlərinə görə, prosesin nəticəsi barədə birmənalı proqnoz vermək çətindir: “Çünki bu hərəkat heç bir halda itkisiz ötüşməyəcək. Buna baxmayaraq Türkiyənin geri çəkiləcəyini düşünmürəm. Ümid edirəm ki, Türkiyə ordusunun itkiləri çox olmayacaq. Çünki hər bir türk əsgəri bizim üçün doğma və əzizdir”.
Mərahim Nəsib