İrandan Qarabağa körpü salınmasına necə icazə vermişik - <font color=red> QARANLIQ MƏQAMLAR</font>

Siyasət

07.05.2020 - 15:01

Həkimlər Klinikalar SEO Xidməti

Elxan Şahinoğlu: “Körpü tikirsən və o körpünün üzərindən birbaşa Dağlıq Qarabağ separatçılarına yüklər daşınır

 

Mayın 6-da yayılan bir məlumat ölkə gündəmində hay-küyə səbəb oldu və cavabsız suallara, qaranlıq məqamlara yol açdı. Belə ki, məlumatda İranla Qarabağı birləşdirən körpü və bu körpü vasitəsi ilə ermənilərə İrandan dəstək verilməsi üzə çıxdı. Məsələnin ən maraqlı tərəfi isə həmin körpünün işğal altındakı Cəbrayıldan salınmasına, məhz 2016-cı ilin 26 fevralında Azərbaycan hökumətinin razılıq verməsi və keçmiş İqtisadi İnkişaf naziri Şahin Mustafayevin müqaviləni imzalaması ilə bağlıdır.

 

Bundan sonra İranın Azərbaycandakı səfirliyi İrandan Dağlıq Qarabağa çəkilən körpülər barədə iddiaların həqiqəti əks etdirmədiyini və həmin körpülərin hazırda istifadə olunmadığını bildirdi.

 

Araşdırmalar nəticəsində məlum oldu ki, həqiqətən də Xudafərin Su Elektrik Stansiyasının inşası ilə əlaqədar İran İslam Respublikası və Azərbaycan Respublikası arasında rəsmi saziş bağlanıb. 2016-cı ildə bağlanan sazişdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi nəzərdə tutulub və həmçinin bir-birini tamamlayan iki körpününü tikilməsi ilə əlaqədar maddəyə yer verilib.

 

Həmin sazişi isə hər iki ölkənin rəhbərlərinin sərəncamlarına əsasən, Azərbaycan-İran Hökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

İran Dağlıq Qarabağa tərəf körpü çəkilməsini boynuna aldı, amma ...

İran tərəfinin rəsmi açıqlamasından sonra Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov, onsuz da heç kimə aydın olmayan məsələni verdiyi açıqlama ilə bi raz da qəlizləşdirdi: “Sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir”.

 

Mövzunu AYNA-ya “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh edib.

 

- Elxan bəy, nə baş verir: Belə bir körpünün tikintisinə niyə icazə verilsin?

 

- Sözün düzü, bu, hamı kimi mənim üçün də aydın deyil. Hətta, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun verdiyi açıqlamadan da heç nə anlamadım. Demək olar ki, məsələni izah etmədi və faktiki olaraq dedi ki, belə bir saziş olub. Əgər, belə bir saziş olubsa, həmin bəndin salınmasına biz niyə razılıq vermişik? Başa düşürəm, iki dövlət arasında Araz çayı üzərində hidroelektirik SES-in tikilməsi Azərbaycan və İran üçün vacib olan bir məsələdir. Amma körpünün bu məsələyə nə dəxli var? Ona görə, düşünürəm ki, Xələf Xələfov məsələyə aydınlıq gətirmədiyinə görə, növbəti izahat verilməlidir. Ola bilsin ki, bu məsələyə Elmar Məmmədyarov aydınlıq gətirməlidir. Amma onun da Azərbaycan dilində izahat verməsi mənim üçün qaranlıq qalır. Digər tərəfdən, sazişi imzalayan Şahin Mustafayev izahat verməlidir. Şahin Mustafayev İqtisadi İnkişaf naziri işləyəndə İran-Azərbaycan hökumətlərarası komissiyanın sədri olub və sazişi də o imzalayıb. O da aydınlıq gətirə bilər bu məsələyə. Bir tərəfdən də narahatıq ki, İrandan Dağlıq Qarabağ seperatçılarına mal daşınır, körpülərin kosmosdan çəkilmiş şəkilləri yayılır, sonra da məlum olur ki, körpülərin inşasına biz icazə vermişik. Çox qəribədir ki, həmin saziş Milli Məclisdə də ratifikasiya olunub. Yaxşı, Parlamentdə ratifikasiya olunubsa, necə olub ki, millət vəkilləri o bəndi görməyiblər? Yaxud, bəlkə də o bənd sazişdə olmayıb, sazişin hansısa gizli hissəsində yazılıb. Yəni, belə versiyalar da var və sanki, bununla işğala özümüz şərait yaratmışıq.

 

Heydər Əliyevin Prezident olduğu zamanda İrandan Azərbayacana bir heyət gəlmişdi və onlar da bu məsələni qaldırmışdılar. Onda Heydər Əliyev çox sərt cavab vermiş və danışıqlar masasından ayağa qalxıb görüşü tərk etmişdi və onlara demişdi ki, “siz işğalçılarla əməkdaşlıq etmək istəyirsiz?” Qəti etirazını bildirmişdi. Bəs, niyə üstündən neçə il keçəndən sonra bu məsələyə biz razılıq verdik, bu, artıq mənim üçün qaranlıq qalır.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris ...

- Bu məsələnin hansısa gizli məqamları ola bilər?

 

- Ya hökumət içində Azərbaycana xəyanət edən kimsə var ki, bu prosesi sürətləndirir, ya da İran Azərbaycan ordusunun həmin o hissədən Dağlıq Qarabağa girişinə imkan yarada bilər. Lakin bu versiya o qədər də ağlabatan və məntiqli deyil. Çünki İran buna icazə verməz, yaxud icazə verərsə, Azərbaycan qarşısında çox sərt tələblər irəli sürə bilər. Digər bir versiya isə böyük bir səhlənkarlıqla bağlıdır. Daha doğrusu, xəyanətə bərabər səhlənkarlıq. Ümumiyyətlə, yaxın günlərdə rəsmi olaraq bu məsələyə aydınlıq gətirilməlidir ki, bu, necə olur? Körpünün elektrik stansiyasına nə dəxli var? Bəlkə hökumətdə kimsə düşünüb ki, “biz yaxın zamanlarda işğal altındakı torpaqları azad edəcəyik və azad ediriksə ona qədər İranla körpümüz olsun”. Amma torpaqları azad edib sonra da körpü tikmək olar. Yəni belə müxtəlif versiyalar var.

 

- Amma, əslində, körpünün inşaası Ermənistanı daha da güclü edir...

 

- Tamamilə doğrudur. Körpü tikirsən və o körpünün üzərindən birbaşa Dağlıq Qarabağ separatçılarına yüklər daşınır. Bunun bizə nə xeyir ola bilər ki? Əksinə, İrana daha da şərait yaradırıq ki, separatçılarla təması daha da gücləndirsin. Bəs, niyə öz əlimizlə bu şəraiti yaratmışıq? Mən tələbəlik illərimdən Qarabağ münaqişəsini izləyirəm, araşdırıram. İlk dəfədir ki, belə bir faktla rastlaşıram. Təsəvvür edin, biz bilə-bilə imkan vermişik ki, İranla separatçılar arasında birbaşa əlaqə olsun.

 

- Ola bilərmi, körpünün tikintisinə razılıq almaq üçün İran Azərbayacana təzyiq etsin?

 

- Nə qədər təzyiq etsələr də, bu, ağlabatan deyil. Yəni necə təzyiq ola bilər ki, separatçıların vəziyyətini yaxşılaşdırmaq üçün şərait yaradasan? Təzyiq olsa da, biz bunun əleyhinə çıxmalıydıq. SES tikək, əməkdaşlıq edək, qatarlar işləsin, amma biz necə razılıq verə bilərik ki, Dağlıq Qarabağ seperatçılarına istiqamət verən körpü tikilsin? Körpü nə üçündür? Yük daşımaq üçün. Yükü də kimə daşıyacaqlar? Ancaq separatçılara.

 

- Belə bir məlumat da var ki, ermənilər tək Dağlıq yox, həm də Aran Qarabağda qəsəbələr salır, strateji əhəmiyyətli obyektlər tikirlər. Bu, nə dərəcədə doğrudur?

 

- Bu da bizim bir faciəmizidir. İllər öncə erməni separatçıları Xankəndidən başqa heç bir yerdə tikinti-inşaat işləri aparmırdılar. O zaman biz də arxayın idik ki, ermənilər özlərinə adi olmayan torpaqları boşaldacaqlar. Nə Şuşa, nə Kəlbəcərdə hansısa fəaliyyət göstərirdilər. Amma son bir neçə ildə yollar çəkirlər, məscid təmir edirlər, müəssisələr açırlar, köçürmə siyasəti aparırlar. Bu da bizim üçün, əslində, çox ciddi siqnaldır. Buna da biz müşahidəçi qalmamalıyıq. Niyə biz həmsədrlərə təzyiq etmirik ki, bu prosesi dayandırsınlar? Biz həmsdərlərdən tələb edə bilərik ki, boşaldılmalı olan rayonlarda heç bir tikinti işləri aparılmasın. Çünki o rayonlar planlara görə, boşaldılıb Azərbayacan təhvil verilməlidir. Bunun özü də çox narahatedirici bir gedişatdır bizim üçün.

Müəllif: Mərahim Nəsib