Putin Ərdoğanın xahişini yerinə yetirəcəkmi?

Siyasət

23.08.2019 - 23:41

“İdlib terrorçuların son yuvasıdır və bu şəhəri terrorçulardan təmizləmək lazımdır”
 
"Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan avqustun 27-də təcili Moskvaya gedib rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Halbuki, sentyabrın 16-da görüşməli idilər. Ərdoğan üçün bu tarix gecdir". AYNA  xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün sosial şəbəkə profilində paylaşım edib.  
 
Politoloqun sözlərinə görə: "Avqustun 27-də müzakirə olunacaq yeganə mövzu İdlibdir. Əsədə bağlı ordu hissələri İdlibə yaxınlaşıblar. Ankaranın İdliblə əsas narahatlıqları bunlardır:
 
Birincisi, İdlibə hücum baalayacağı halda yüzminlərlə qaçqın axını Türkiyə sərhədinə dirənəcək, bu Türkiyənin növbəti humanitar böhranla üz-üzə qalması deməkdir.
 
İkincisi, Türkiyənin İdlib ətrafında hərbi postları var. İdlibə hücum genişlənərsə həmin hərbi postlara təhlükə yaranacaq, bu halda Suriya ordusu ilə Türkiyə ordusu arasında toqquşma ehtimalı artacaq. Bu isə iki dövlət arasında müharibənin rəsmən başlanmasını sürətləndirəcək ki, bunu nə Ankara, nə Moskva, nə də ki, Dəməşq istəməz. Ancaq Dəməşq ölkə ərazisini terrorçulardan və silahlı müxalifətdən azad etməkdə də israrlıdır.
 
Üçüncüsü, İdlibdə Türkiyənin dəstəklədiyi silahlı qruplar var ki, Ankara həmin qrupların məğlub olmasını istəmir. Ancaq həmin qruplar həm Suriya ordusundan, həm də terrorçulardan zəifdirlər.
 
Buna baxmayaraq, Əsəd Moskvanın razılığı ilə İdlib ətrafına hücumu genişləndirir. Əslində həm Əsədin, həm də Moskvanın məntiqi sadədir: “İdlib terrorçuların son yuvasıdır və bu şəhəri terrorçulardan təmizləmək lazımdır”. Ankara bu məntiqin qarşısında durub deyə bilməz ki, “yox terrorçulara qarşı savaşı dayandırın”. Ancaq Ankara yuxarıda sadaladığımız 3 səbəbə görə idlibin Suriya ordusunun nəzarətinə keçməsini istəmir. Üstələg Suriya ordusu İdlib tam nəzarəti ələ keçirsə Dəməşq Türkiyə ordusunun Suriyanın digər məntəqələri də tərk etməsini tələb edəcək. Əlbəttə, bu halda Ankaranın da dəmir məntiqi var: “Terrorçu PKK və ona bağlı olan YPD Suriyada var olduğu müddətdə Suriyadan çıxmayacağıq”.
 
Kreml ikili siyasət yürüdür. Rusiya bir tərəfdən Əsədin Suriya içərisində əlinin güclənməsini istəyir və onun ordusunun hücumlarına dəstək verir. Kreml sahibi Vladimir Putin digər tərəfdən türkiyəli həmkarı Ərdoğanla münasibətləri pozmaq istəmir. İki dövlət arasındakı münasibətlər və ortaq layihələr son illərdə elə böyük miqyas alıb ki, iki lider bir-birləri münasibətləri poza bilməzlər.
 
Buna baxmayaraq, Kreml İdlibin Suriya ordusunun nəzarəti altına keçməsini Türkiyə ilə strateji münasibətlərdən daha üstün tutur. Türkiyə C-400 raketlərini artıq alıb və “türk axını” layihəsi birmək üzrədir, bunlar geri dönüşü olmayan layihələrdir. Ona görə də Putin Ərdoğanın Rusiyadan üz döndərməyəcəyinə əmindir. Putin İdlib məsələsində arqumentinin güclü olduğuna əmindir. Çünki, Ərdoğan ötən ilin sentyabr ayında Putinə söz vermişdi ki, İdlibdə silahlı müxalifəti terrorçulardan ayıracaq və şəhər silahlı müxalifətin nəzarətinə keçəcək. Ərdoğan bunun reallaşması üçün təxminən bir ay istəmişdi. Bir ilə yaxın keçən müddətdə bu vədi reallaşdırmaq obyektiv səbəblərdən mümkün olmadı. Çünki idlibdə terrorçular daha güclüdürlər və onlar silahlı müxalifəti şəhərdən sıxışdırıb çıxardıblar. Bunun qarşılığında Ərdoğanın Putinlə İdlib mövzusunda söhbətdə mövqeyi zəifləyib. Ancaq Ərdoğan Putinə onu da deyə bilər ki, vaxtilə Rusiya və Suriya orduları bilərəkdən bütün şəhərlərdən qovduqları terrorçuların ailələri ilə birgə İdlibə toplanmasına şərait yaratdılar".
 
Elxan Şahinoğlu: "Ərdoğan Putini inandırmağa çalışacaq ki, Suriya ordusu hücumu dayandırsın və bölgədə Türkiyənin haqlı maraqları nəzərə alınsın. Putinin atəşkəs vədi verəcək, ancaq vədin yerinə yetirilməsi uzun çəkməyəcək. Putin bu məsələdə sınanmış tarixi məntiqdən çıxış edir. Hərbi meydanda güclü olan diplomatik danışıqlarda da əlini gücləndirir" - deyə, qeyd edib.
 
Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə