İran: dərinləşən iğtişaş, rejimə qarşı blok səfərbərliyi və saatlı bomba effekti

Aktual

15.10.2022 - 10:28

“Etirazçılara bir vaxtlar rejimin dayağı olan təbəqələr də qoşulur… Proses rejimin süqutuna doğru gedir”

Bəzi ekspertlər hesab edirlər ki, İran rejimi ictimai quruluşda müəyyən güzəştlər edəcək. Yəni qamçı göstərdilər, indi kökə vaxtı gəldi. Yəni onların devrilməməsi, inqilab baş verməməsi üçün bəzi yumşaldıcı tədbirlər, o cümlədən hicab məsələsində və s. yumşalmalar ehtimal edilir.

Bu fərziyyə nə dərəcədə reallaşa bilər? İrandakı hazırkı etiraz hadisələri necə bitə bilər? Mollakratiya rejiminin zəifləməsi nə dərəcədə gözlənilir? Neft-qaz sənayesində Rusiya ilə 40 milyard dollardan çox dəyərə malik olan yeni müqavilə ona hansısa şəkildə kömək edə bilərmi?

Bu yaxınlarda tərəflər yataqların işlənməsi üçün anlaşma memorandumu, həmçinin mayeləşdirilmiş təbii qazın istehsalı üçün qaz kəmərlərinin və qurğularının tikintisinə dair saziş imzalayıblar. Ola bilsin ki, yaxın illərdə İranda hadisələrin inkişafı ehtimalı ilə bağlı başqa fikirlər də ortaya çıxsın.

Baş verənləri AYNA-ya ukraynalı analitik, Yaxın Şərq Araşdırmaları Mərkəzinin (Kiyev) icraçı direktoru İqor Semivolos şərh edib:

“Belə fərziyyələr var. Xüsusilə də, rejim ənənəvi təsir üsullarının və zorakılıqdan hissə-hissə istifadənin nəticə əldə etmədiyini dərk etdiyi üçün bu yumşalmalara təkan verə bilər. Əslində, biz son onilliklərin ən böyük siyasi etirazı ilə üzləşirik, bu, əlbəttə ki, hələ inqilabi xarakter almayıb, lakin artıq “böyük iğtişaşlar” kimi qiymətləndirilə bilər.

Rejimin dialoqa hazır olduğunu nümayiş etdirməklə geri çəkilə biləcəyinə dair siqnallar həqiqətən də gəlir, lakin onlar mollakratiyanın əleyhdarlarının kifayət qədər aşağılayıcı şərhləri ilə müşayiət olunur. Yəni etirazçılar xoş niyyətə inanmırlar və onlar özləri belə söz-söhbətləri zəiflik əlaməti kimi qiymətləndirirlər. Bu paradoks totalitar rejimin “Axilles dabanı”dır – opponentlərlə aktiv qarşıdurma şəraitində hakimiyyət daim zorakılıq səviyyəsini artırmalı, eyni zamanda bunun müqabilində hansısa güzəştlərə getməlidir.

Problem ondadır ki, islamçı rejim əhalinin əksəriyyətinə yoxsulluq və hüquqsuzluqdan başqa bir şey təklif edə bilməz və İslamda vacib olan ədalət anlayışına ənənəvi arxalanma küçələrdəki qırğınlardan sonra öz effektivliyini dayandırır. Nəhayət, etirazın sönmək əvəzinə, onun daha genişləndiyini və dərinləşdiyini görürük ki, bu da rejimin özünün davamlı mövcudluğu üçün həqiqətən təhlükəli olur. Ənənəvi və rahat şəhər siniflərinə “bazari”lər – bir vaxtlar rejimin dayağı olan kiçik bazar tacirləri, neft emalı zavodunun işçiləri, gənclər və onların valideynləri də qoşulur. Problemlərə qarşı blok səfərbərliyi üzdədir - milli problemlər saatlı bombaya çevrilir.

Bunun necə bitəcəyini proqnozlaşdırmaq çətindir. Ümumiyyətlə, hər şey rejimin dağılmasına doğru gedir, lakin bu yolda çoxlu sualtı cərəyanlar var - raketlər, dronlar, aviasiya və donanma ilə Stalinist NKVD-nin reinkarnasiya edilmiş versiyasına çevirilən SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusunun) - dövlət daxilindəki dövlətin gücü nə qədərdir? Bu qrup nəinki daxili siyasi vəziyyətə nəzarət edir və məqbul zorakılıq səviyyəsini müəyyənləşdirir, onlar mahiyyətcə dövləti özəlləşdirdilər, nəhayət, onun institutlarını ələ keçirdilər və islamçı siyasi sistem çərçivəsində müxtəlif siyasətçiləri barışdırmağa imkan verən respublikaçılıq ideyasını məhv etdilər.

Ortamüddətli perspektivdə, məsələn, bir il ərzində hadisələrin inkişafını qiymətləndirsək, o zaman İranda inqilabdan və Ruhullah Musəvi Xomeyninin Tehrana qayıdışından əvvəl baş vermiş 1978-ci il hadisələri ilə nəticələrinə oxşar eskalasiya ssenarisini aydın görə bilərik. Kim bilir, gələn il Rza Pəhləvinin təyyarədə uzun sürgündən sonra zəfərlə ölkəyə qayıtmasını görəcəyikmi?

Rusiya-İran münasibətlərinə gəlincə, bu münasibətlər nə qədər uzansa, bir o qədər də Moskvanın Ukraynaya qarşı apardığı müharibənin girovuna çevrilir. İranın kamikadze pilotsuz təyyarələrinin çatdırılması, Ukraynanın mülki və infrastruktur obyektlərinə zərbələrin endirilməsində iranlı təlimatçıların birbaşa iştirakı Putin əleyhinə koalisiya ölkələrinə qarşı müharibə aktıdır. Diktatorlar indi öz-özlərinə nə düşünürlərsə etsinlər, nə qədər şişirtməyə və inam nümayiş etdirməyə çalışsalar da, onların sonu eyni olacaq. Uduzmaq və unudulmaq”.

Müəllif: Rauf Orucov