“İdarəetmədə təşəbbüskarlıq yoxdur, hamı yuxarıdan tapşırıq gözləyir”

Siyasət

15.05.2022 - 10:23

Azər Rəşidoğlu: “Yeni kadr islahatları həyata keçirilməli, cəmiyyətdə nüfuzu olan simalar idarəçiliyə cəlb edilməlidir”

“Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri, politoloq Azər Rəşidoğlu AYNA-ya müsahibəsində ölkədəki idarəçilik modeli, kadr təyinatları və cəmiyyətin hökumətdən gözləntiləri barədə fikirlərini bölüşüb. Beləliklə:

- Ölkədə son illərin bəzi kadr təyinatları ciddi müzakirələrə, təəccüblərə səbəb olur. Bu prosesdə sizin diqqətinizi çəkən ən mühüm məqamlar hansılardır?

- Bu suala cavab vermək elə də asan deyil. İlk növbədə Azərbaycan hökumətinin potensialı, istəyi, iradəsinin nədən ibarət olduğunu təhlil etmək, bütün bunları dəyişkən geosiyasi vəziyyətlə uzlaşdırmaq lazım gəlir. Başlıca sual bundan ibarətdir: Qarabağı qaytaran Prezident İlham Əliyev ölkənin gələcək inkişafı üçün hansı proqrama malikdir? Bəllidir ki, İlham Əliyev ölkəyə rəhbərlik etməyə cavan yaşlarından başladı. Azərbaycan uğrunda böyük savaş gedirdi, neft müqavilələri hələ gözlənilən pulu gətirməmişdi, ölkə hər an qarşıdurmaya sürüklənə bilərdi. O zaman İlham Əliyev bu böhranlı vəziyyətdən çıxa bildi.

Lakin İlham Əliyevə münasibət daha çox Heydər Əliyevə olan münasibətlə ölçülürdü. Şəxsinə ayrıca münasibət formalaşdırmaq, öz idarəçilik üslubunu yaratmaq və hər kəsin bunu qəbul etməsi üçün yeni Prezident idarəçilik kursunda bir sıra redaktələr etməli idi. Yeni Prezident xarici və daxili siyasətdə müəyyən addımlar atmağa başladı. Məhz bu dönəmdən başlayaraq İlham Əliyev barədə müstəqil və yeni siyasət yürüdən siyasi xadim kimi danışmağa başladılar.

Amma onun idarəetməsi bir çox suallar doğurdu. Cəmiyyət dövlət başçısının ölkə üçün nələr edəcəyini, onun təşəbbüslərinin nə məqsədə xidmət edəcəyini anlamaq istəyirdi. İlham Əliyev yeni siyasi kursa üstünlük verən siyasi xadim təsiri bağışlayırdı, komanda isə ona mane olurdu. Siyasi rəhbərlikdə təmsil olunanların azərbaycansayağı siyasi kursu - demokratiya ilə sərt idarəçilik arasında manevr siyasəti idi. Ziddiyyətli təsir bağışlayan, eyni zamanda yenilikçi bir siyasət mövcud idi. Bir tərəfdən cəmiyyətin müsbət gözləntiləri və siyasi rəhbərliyin  liberal niyyətləri, digər tərəfdən isə köhnə komandanın sabotajları dövlət başçısının nə etmək istədiyini müəmmalarla doldururdu.

Burada da bir incə məqam mövcuddur - Azərbaycanın daha da inkişaf etdirilməsi strategiyasına qarşı çıxan məmurlara paralel olaraq, Prezidentin praqmatik və mütərəqqi bir siyasətçi olmaqla yanaşı, “artıq yüklərdən” azad olmaq cəhdləri ortadaydı. Ölkə rəhbəri iqtisadi islahatlar və demokratik transformasiya tərafdarıdır, amma onun addımlarının istənilən nəticələr verməməsi mənzərəsi yaranır, bu da paradoksal siyasi kursun təzahürü kimi qiymətləndirilirdi. Bunun əsas günahkarı köhnə komanda idi. Lakin İkinci Qarabağ savaşındakı qələbə İlham Əliyevə böyük siyasi dividend qazandırdı – o, qalibdir!

Bununla yanaşı, sıravi vətəndaş sosial problemlərin həllini arzulayır. Müxalifət demokratiyaya keçidin sürətlənməsini istəyir. Məsələ ondadır ki, imitasiya təsiri bağışlayan demokratiya modeli getdikcə daha pis işləyir, hakimiyyət üçün daha çox problem yaradır, sistemə və onu idarə edənlərə inamı itirir. Yaranmış vəziyyətdən iki yolla çıxmaq olar: ya  demokratiyanın imitasiya xüsusiyyətini azaltmaq, ya da vətəndaş rəyi ilə elektoral prosedur arasında istənilən əlaqəni istisna edib, imitasiya edilən demokratiyadan imtina etmək və real demokratiyaya keçmək.

Artıq Qarabağ qələbəsi kifayət etmir. Ciddi islahatlar aparılmalıdır. Ən başlıcası isə demokratik parlament seçkiləri keçirilməlidir. Lakin sosial-iqtisadi göstəricilərin pisləşdiyini nəzərə alsaq, seçkilərdə spontan etirazlar mütəmadi hal ala bilər. Elə bu vəziyyətin özündə də ölkə rəhbəri komandasına deyil, özünə arxayındır. O, qalibdir və komandasını dəyişmək gücündədir.

- Əvvəlki məmur korpusu daha çox yerlipərəst, rüşvətxor, illər boyu eyni kresloya yapışmış bürokratik “əjdahalar” kimi tarixə düşdü. Yeni nəsil məmurlar necə, hansı cəhətləri ilə xatırlanacaq?

- Köhnə komanda barədə deyilən mənfi fikirlər həqiqətdir. Lakin bu komandanın özündə də ciddi və müsbət çalarlı simalar var idi. Bunlar Heydər Əliyevin kadrları idi. Heydər Əliyev öz komandasına onu tənqid etmək şansı verirdi. Ziya Bünyadov və yaxud Eldar Namazov kimi insanlar daim öz sözlərini deyirdilər. Komanda yalnız Ramiz Mehdiyevdən, Əli Həsənovdan ibarət deyildi. Son iki şəxsə mənfi münasibətlərə baxmayaraq, onlar siyasi müstəvini, medianı yaxşı tanıyırdılar və müəyyən çərçivə cızmışdılar ki, o xətti heç kəs keçməsin, keçəni cəzalandırırdılar.

Yenilər isə demək olar ki, siyasi və media mətbəxtinə o qədər də bələd deyillər. Təcrübəsizlik də öz sözünü deyir. Bu gün bu komandanın yerinə şəxsən İlham Əliyev özü işləyir. Təbii ki, köhnə komanda getməli idi, lakin yenilərin də etimad limiti var. Onlara sonsuza qədər etimad göstərilə bilməz. Odur ki, yeni kadr islahatlarının olacağını düşünürəm.

- İndiki təyinatlarda əsas prioritetlər olaraq yaş həddi (cavanlar) və xaricdə təhsil (və ya xarici dil bilməsi) amilləri götürülür. Sizcə də, idarəetmədə bu iki prinsip ən önəmlisidirmi və bu keyfiyyətlər üzrə həyata keçirilən təyinatlar özünü doğruldurmu?

- Yaxşı təhsil, xaricdə oxumaq önəmlidir, amma həlledici deyil. Yaş da o qədər önəmli deyil. Türkmənistanın yeni Prezidenti gəncdir, lakin qısa zamanda elə qərarlar qəbul etdi ki, gülüş hədəfinə çevrildi. Prezident Əliyev isə qlobal düşünə bilir. Hesab edirəm ki, yeni komanda gözləntiləri tam olaraq doğrulda bilmir. Potensial azdır, təcrübə yoxdur. Təşəbbüs yoxdur. Siyasi proseslərə və mətbuata baxışlarında nöqsanlar var.

- Bu gün ölkədaxili idarəetmədə nələr çatışmır?

- Təşəbbüsün olmaması. Hamı yuxarıdan ona veriləcək göstərişi gözləyir. Əgər bütün bunları İlham Əlieyv özü edəcəkdisə, sizə nə ehtiyac var idi?! Düşünürəm ki, Prezident Əliyev müharibəyə görə yarımçıq saxlanılmış kadr islahatı və demokratik açılım kursunu davam etdirməli və cəmiyyətdə nüfuzu olan simaları idarəçiliyə cəlb etməlidir.

Müəllif: Aydın Gəray