Ərdoğan məqsədinə çatdı: Kürd dövləti olmayacaq

Siyasət

21.10.2019 - 19:17

Zərdüşt Əlizadə: “Bu prosesdən Rusiya da uduşlu çıxdı - bir güllə belə, atmadan kürdlərin dərs almasına naid oldu”

 

Oktyabrın 17-də ABŞ-ın vitse-prezidenti Mayk Pensin səfəri çərçivəsində, Türkiyə və ABŞ Suriyanın şimal-şərqindəki “Sülh çeşməsi” hərbi əməliyyatının dayandırılması razılığına gəliblər. "Türkiyə, kürd birləşmələrinin təhlükəsiz bölgəni tərk etməsinə icazə vermək üçün "Sülh çeşməsi”əməliyyatını dayandıracaq", – deyə Pens brifinq zamanı bildirib.

 

Onun sözlərinə görə, atəşkəs 120 saat müddətində qüvvədə olacaq: “Atəşkəsin dayandırılması baxımından ABŞ Türkiyəyə qarşı növbəti sanksiyalar tətbiq etməyəcək”.

 

Mövzunu AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, münaqişənin kökündə Türkiyənin Suriyada kürd bölmələrinin mövcudluğuna qarşı olması, ABŞ-ın isə həmin birlikləri silahlandırması dayanır: “Türkiyə bu silahlı birləşmələri məhv edəcəyini açıqladı. ABŞ da buna müqavimət göstərdi. Türkiyə əməliyyata başlayan zaman bəyan etdi ki, əgər Amerika ordusu kürd yaraqlılarının yanında olacaqsa, Ankara buna görə heç bir məsuliyyət daşımayacaq. Yəni Türkiyə dövləti öz milli maraqlarını müdafiə edir. Bundan sonra Tramp kürdlərlə birlikdə işğal etdikləri ərazilərdən qoşunların çıxarılması barədə əmr verməyə məcbur oldu”.

 

Əlizadə bildirib ki, Demokratlar Partiyası ilə qalmaqaldan və kürdlərin ABŞ-a xəyanət etməsi barədə səs-küydən sonra, Donald Tramp özünü qorumaq üçün türklərlə beşgünlük atəşkəs barədə razılığa gəldi: “Bu tərəfdən türklərin əməliyyatı dayandırmaları üçün sərt bəyanatlar verir, o tərəfdən də vitse-prezidenti göndərir ki, Ərdoğanı dayanmağa razı salsın. Türkiyə Prezidenti, demək olar ki, məqsədinə nail oldu. Artıq hərbi əməliyyata davam etməyə ehtiyac yoxdur, çünki kürdlər Bəşər Əsədin və Rusiyanın əlini öpmək üçün qaçdılar və mərkəzi hökumətə tabe olduqlarını bildirdilər. Yəni kürd dövlət qurmaq iddiasından geri çəkildilər”.

 

“Bir ölkədə iki ordu ola bilməz, daha doğrusu Suriya hökuməti kürdləri tərksilah edəcək. Kürdləri kim tərksilah edəcək və bu, necə olacaq - Ərdoğan üçün əhəmiyyət kəsb etmir. O, məqsədinə nail oldu: Suriyada kürd ordusu və dövləti olmayacaq. Bu ordu Suriya hökumət ordusuna qoşulacaq”, -deyə ekspert vurğulayıb.

 

Politoloq bu prosesdə Moskvanın da öz hədəflərinə çatdığını söyləyib: “Əsəd hökuməti daha güclü oldu. Ona qarşı olan kürdlər, türk əməliyyatı nəticəsində Bəşər Əsədin tərəfinə keçdilər. Bu isə Moskvanın əli ilə oldu. Rusiya kürdlərə Moskvanın əlində alət olmağı təklif etdi, onlar imtina etdilər və ABŞ-ın lehinə seçim etdilər. İndi kürdlər ABŞ-ın xəyanət etdiyinə dair car çəkirlər. Rusiya isə bir güllə də atmadan kürdlərin dərs almasına naid oldu. Üstəlik, Rusiya hərbi polisi Kobaniyə və kürdlərin nəzarəti altında olan bir sıra ərazilərə daxil oldu. Bu nəzarət İraq sərhədinə kimi çatacaq. Hər şey plana uyğun gedir. Moskva dərhal qurulmadı. Suriya dövlətinin bütövlüyü və suverenliyinin bərpası da tədricən davam edir”.

 

Analitik hesab edir ki, Türkiyə, Rusiya və İran bir-birilərinin maraqlarını nəzərə alaraq, bu məsələdə birgə hərəkət edir: “Bu məsələdə ABŞ da Türkiyənin dövlət maraqlarını nəzərə aldı. Çünki Ankara parlaq bir əməliyyat keçirdi. 5-6 gün ərzində kürd yaraqlıları darmadağın oldular. Artıq Suriyada kürd dövləti təhlükəsi mövcud deyil”.

Müəllif: Nicat Hacıyev