“Süleymaninin əli on minlərlə türkün qanına batıb”

Siyasət

06.01.2020 - 18:08

Politoloq: “Azərbaycanda oturub, iranlı generalın ölümünə ağlamaq, onu şəhid elan etmək ya sadəlövhlükdür, ya da riyakarlıq”

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı general Qasım Süleymaninin amerikalılar tərəfindən öldürülməsi son günlər dünya və Azərbaycan gündəminin əsas müzakirə mövzusuna çevrilib. Üstəlik, Azərbaycan cəmiyyəti Süleymaniyə münasibətdə bir neçə cəbhəyə ayrılıb və az qala, silah götürüb bir-birləri ilə vuruşacaqlar.

 

Baş verənlərə politoloq Rauf Mirqədirovun fikirləri ilə AYNA tutmağa çalışdıq:

 

- Rauf bəy, nə baş verdi ki, ABŞ birdən-birə İranın çox nüfuzlu bir hərbçisini açıq-aşkar şəkildə qətlə yetirmək qərarına gəldi?

 

- Amerika-İran münasibətlərində çox dərin ziddiyyətlər var. Bu ziddiyyətlərin səbəblərindən bir hissəsi obyektiv, digəri isə subyektivdir. Obyektiv xarakter daşıyan ziddiyyətlər, əslində İran İslam İnqilabından başlayıb. Belə ki, 1970-ci illərin sonuna qədər İran regionda Amerikanın ən sadiq müttəfiqlərindən biri idi və İran-Amerika münasibətlərində heç bir ziddiyyət yox idi. Eyni zamanda, həmin dövrə qədər İran iqtisadi cəhətdən regionun ən çox inkişaf etmiş ölkələrindən biri idi. İran-ABŞ münasibətləri korlandıqdan sonra isə bu nüfuz Türkiyəyə keçdi və Türkiyə regionda Qərbin ən yaxın müttəfiqinə çevrildi. İnqilabdan sonra ABŞ-ın Tehranda yerləşən səfirliyi qəsb olundu və bütün diplomatlar İrandan çıxarıldı. Yəni bu münaqişənin kökü həmin dövrə uzanır.

 

Lakin ziddiyyətlərin əsas hissəsi ondan ibarətdir ki, İran regionda Qərbin, ilk növbədə isə ABŞ-ın təsir gücünü müxtəlif yollarla azaltmağa çalışır. Şiə faktorundan da bu məqsəd üçün istifadə edir. Çünki son dövrlərdə regionda baş verən ixtilaflara nəzər salsaq, İranın şiə faktorundan istifadə etdiyini açıq-aşkar görə bilərik. Bu isə İraq və Suriya məsələsində özünü daha aydın göstərib. Ziddiyyətlər hələ də davam edir və bu ziddiyyətlərin həlli üçün müxtəlif vasitələrdən istifadə olunur. Digər məsələ isə, İranın nüvə proqramı ətrafındakı baş verən qalmaqallardır. ABŞ, xüsusən də Tramp hökuməti dövründə bu qalmaqallar daha çox inkişaf edib.

Son dövrlərdə baş verənlərin kökündə İranın həddindən artıq aktiv xarici siyasəti və bu siyasətdə Qasım Süleymaninin əhəmiyyətli rol oynaması dayanır. Bildiyiniz kimi, Qasım Süleymani SEPAH-ın “Qüds” xüsusi təyinatlı qanadının rəhbəri olub. Bu dəstənin də əsas vəzifələrindən biri xaricdə əməliyyatların keçirilməsi idi. Hətta, bu dəstə Rusiyanın Baş Kəşfiyyat İdarəsi ilə müqayisə olunan bir qurumdur. Məlum olduğu kimi, həmin əməliyyatlar nəticəsində insanlar həlak olur və bölgəyə ciddi ziyan dəyir. Bu, kifayət qədər ciddi amildir. Lakin bu məsələdə Trampın şəxsi ilə bağlı olan subyektiv faktorlar da var. Belə ki, Tramp, həddindən artıq yəhudipərəstdir. Yəni ABŞ-ın əvvəlki dövlət başçıları sözdə də olsa, ən azından balansı qorumağa çalışırdılar. Tramp isə birbaşa İsrailin dəstəkçisi kimi çıxış edir. Bütün bu nüanslar son hadisənin baş verməsi ilə nəticələndi.

 

- Adətən böyük dövlətlər bir-birilərinə qarşı həmlə edərkən, özlərinin dəstəklədiyi qeyri-qanuni silahlı dəstələrdən istifadə edir. Məsələn, Yaxın Şərqdə ABŞ İŞİD-in, İran “Hizbullah”ın, Rusiya öz nəzarətindəki bir neçə qanunsuz hərbi birləşmələrin əli ilə düşmənə zərbə vurmağa çalışır. Lakin bu dəfə Tramp şəxsən Süleymaninin qətlinə fərman verdi, bunu da ört-basdır etməyə ehtiyac görmədilər. Bu, İrana “gözdağı” verməkdən daha çox müharibə elanına bənzəmirmi?

 

- Nəzərə almaq lazımdır ki, SEPAH, xüsusilə onun “Əl-Qüds” qanadı ABŞ tərəfindən terror təşkilatı elan edilib. Amerika əksər hallarda terrorçu elan etdiyi qruplaşmalara qarşı açıq mübarizə aparır. Tramp hökuməti isə bunu daha açıq şəkildə yerinə yetirir. Digər məqam ondan ibarətdir ki, İran-ABŞ münasibətlərindəki gərginlik səviyyəsi o dərəcəyə çatıb ki, artıq bunu gizlətməyə ehtiyac qalmayıb. Hazırda Tramp hökumətinin məqsədi İranı “sındırmaqdan” ibarətdir. Bunu da mümkün qədər tez etmək istəyirlər. Təsəvvür edin ki, əgər Tramp hökuməti İran sərhədlərində sarsıdıcı qələbə çalırsa və öz məqsədlərini həyata keçirə bilirsə, bu, növbəti seçkilərdə Tramp üçün ciddi üstünlük yarada bilər. Təbii ki, məğlub olduğu təqdirdə də eyni dərəcədə ağır nəticələrə gətirib çıxara bilər. Bu məsələdə impiçmenti də nəzərə almaq lazımdır.

 

- Deyirsiniz, Tramp İranı cəzalandırmaq istəyir və Süleymanı hadisəsi də bunun tərkib hissəsidir. Lakin bu gün əksini düşünənlər də var. Məsələn, onlar bildirirlər ki, Trampın bu addımından sonra, İraq parlamenti Amerika əsgərlərinin İraqdan çıxarılmasının leyhinə səs verdi və bu, Trampın, yəni Birləşmiş Ştatların ziyanına işlədi. Bu iddianın tərəfdarları nə dərəcədə haqlıdırlar və ABŞ əsgəri İraqdan çıxacaqmı?

 

- Düşünürəm ki, haqlı deyillər. Çünki, beynəlxalq münasibətlərdə qəbul olunmuş rəsmi hüquq normaları olsa da, heç kim onları nəzərə almır. Məgər, ABŞ qüvvələri Suriyada beynəlxalq hüquq normalarına görə yerləşiblər? Əlbəttə ki, burda sədəcə ABŞ maraqlarının müdafiəsi var və bu, ABŞ-ın daxili qanunları olsa da, ABŞ hökumətinə imkan verir ki, xaricdə hərbi əməliyyatlar keçirsin. Yaxud, bu gün Liviya hökuməti beynəlxalq aləm tərəfindən tanınır, lakin Rusiya müxalif general Xəlifə Həftarı müdafiə edir. Hər kəs də bilir ki, Rusiyanın Liviyada hərbi qüvvələri var. Ona görə də, düşünmürəm ki, ABŞ yaxın vaxtda İraqdan öz qüvvələrini çıxarsın. Digər tərəfdən, ABŞ-ın Avropada ən yaxın müttəfiqi olan Britaniya İrana qarşı hərbi əməliyyatlarda iştirak edəcəkləri ilə bağlı bəyanat verib. Yəni yaxın vaxtlarda məsələnin ya qeyri-hərbi yolla həlli tapılacaq, ya da tərəflər bir-birlərinə müxtəlif sahələrdə zərbə vurmağa çalışacaqlar.

Tural Talehoğlu