İki doza peyvənd olunmuş şəxsin də təkrar yoluxma ehtimalı varsa, COVID-19 pasportunun tələb edilməsinin mahiyyəti nədir?
Peyvənd könüllüdürsə, niyə COVID-19 pasportunun bir sıra xidmət və iş sahələrində tələb edilməsi nəzərdə tutulur?
Ən çox yoluxma ictimai nəqliyyatda olur, bəs niyə avtobus üçün də COVID-19 pasportu tələb edilmir?
May ayının 26-da Azərbaycan Respublikasının Nazirlər Kabineti Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə qərar qəbul etdi. Həmin qərara əsasən, 2021-ci il iyulun 1-dən bir sıra iş və xidmət sahələrinin işçilərinin ən azı 80%-dən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunacaq.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesi 2021-ci il yanvar ayının 18-də başlayıb. May ayının 10-dan 18 yaşdan yuxarı şəxslərin də vaksinasiyası başladılıb. Hazırda peyvənd vurdurmaq könüllüdür. Ölkə üzrə 26 may tarixinə qədər vaksin vurduranların ümumi sayı 2 055 986, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 184 780, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 821 206 nəfərdir.
Satatistik nəticəyə görə, vaksinləmə prosesi başladılandan bu yana əhalinin 10%-i peyvənd olunub. Peyvənd olunanlar arasında vaksin vurulduqdan sonrakı bir neçə günü ağır keçirənlərin, eyni zamanda iki dozanı aldığı halda yoluxanlar da var. Peyvəndin 100% qorumadığı əvvəlcədən deyilsə də, bu kimi hallar insanlarda tərəddüd, narahatlıq yaradır.
Buna görə də vaksinlə bağlı fikirlər birmənalı deyil. Kimi vaksin olunmağı vacib hesab edərək hər kəsi bu prosesə qoşulmağa səsləyərkən, kimi də şübhələrinə cavab tapa bilmədiyinə görə məcbur qalmadıqca vaksin vurdurmaq fikrinin olmadığını deyir.
Son qərara görə, bir sıra iş yerlərində və xidmət sahələrində işçilərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının tələb olunacağı xəbəri isə insanların narahatlığını daha da alovlandırdı. Sosial şəbəkədən edilən bir sıra paylaşımlara görə, artıq uzun müddətdir ki, iş yerlərində işçilər vaksin olunmaq üçün məcbur edilir. Hətta daha da irəli gedib, vaksin olunmadığı halda işçini işdən azad etmə ilə bağlı təhdid edənlərin olduğu da söylənilir.
AYNA məsələyə aydınlıq gətirməyə çalışıb.
Sosial hüquq və əmək qanunvericiliyi üzrə ekspert Ruslan Hümbətovun sözlərinə görə, işçinin işdən çıxarılması ilə bağlı konkret maddələr var: “Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən, işçi tibbi müayinədən keçmirsə, müayinədən keçənədək işdən kənarlaşdırıla bilər. Bu, bir sıra müəssisələrə aiddir ki, bununla bağlı da Nazirlər Kabinetinin konkret qərarı var. Əgər işçi tibii müayinədən keçirsə, kiminsə onu işdən azad etməklə bağlı heç bir hüquqi əsası yoxdur”.
Ekspert deyib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, nəzərdə tutulan iş və xidmət sahələrinin işçilərinin ən azı 80%-i COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına sahib olmalıdır ki, fəaliyyət göstərə bilsinlər: “Vaksin olunmadığı və ya sertifikat əldə etmədiyi təqdirdə, yaxud da istədiyi halda gecikirsə, bu halda işdən kənarlaşdırma verirlər və əmək haqqının 2/3-dən az olmayaraq əmək haqqı ödənilir. Yəni bu, o halda olur ki, işçi bunu istəyir, amma ondan asılı olmayan səbəblərdən edə bilmir. Yəni burada işdən azad olunmadan söhbət getmir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin sözügedən 151№-li qərarında COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb ediləcək iş və xidmət sahələrinin siyahısı öz əksini tapmayıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da təsdiq edib ki, COVID-19-a qarşı immunitet sertifikatı tələb ediləcək iş və xidmət sahələrinin siyahısı hələ dəqiqləşdirilməyib.
Hökumət sözçüsünə COVID-19 pasportu və COVID-19-a qarşı immunitet sertifikatının tələb edilməsi ilə bağlı cəmiyyəti narahat edən, düşündürən sualları da ünvanladıq
- İki doza peyvənd olunmuş şəxsin də COVID-19-a təkrar yoluxma ehtimalı varsa, COVID-19 pasportunun tələb edilməsində mahiyyət nədir?
- Peyvənd könüllüdürsə, niyə COVID-19 pasportunun bir sıra xidmət və iş sahələrində tələb edilməsi nəzərdə tutulur?
Amma cənab Məmmədov bu suallara cavabının olmadığını söylədi.
Eyni suallara Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovdan da cavab almağa çalışdıq. Və belə cavab aldıq: “İcazə almışam, yubileyimdir. Mənim işim var, qonaqlarım var. Bu dəqiqə başım qarışıqdır, başqa vaxta qalsın”.
Cənab Eyvazovla növbəti gün də əlaqə qurmağa çalışdıq, lakin zənglərimizə cavab vermədi.
Azərbaycan Həkimləri İctimai Birliyinin (AHİB) İdarə Heyətinin üzvü Ədalət Rüstəm AYNA-nın suallarını cavablandırarkən söyləyib ki, COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı olmayan şəxslərin yoluxdurma ehtimalı dəfələrlə çoxdur: “Mənim peyvənd pasportum və ya immun sertikatım var, amma iş yerində kiminsə yoxdursa, o, mənim sağlamlıq hüququmu niyə pozmalıdır, məni niyə yoluxdurmalıdır? Yəni Peyvənd pasportu və ya immun sertikatı olmayan şəxslərin qapalı məkana gəlməsi digərlərini yoluxdurma ehtimalını artırır. Biz maskanı özümüzü qorumaq üçün yox, başqasını özümüzdən qorumaq üçün taxırıq. Eynilə peyvənd də belədir”.
“Ən çox yoluxma ictimai nəqliyyatda olur, bəs niyə avtobus üçün də COVID-19 pasportu tələb edilmir?” sualını həkim belə cavablandırıb: “Peyvənd vurdurmaq hələlik könüllüdür. Amma peyvənd vurdurmursansa, “filan-filan yerlərə getmə” deyilir. COVID-19 pasportun varsa, buyur, yoxdursa, olmaz. Burada kiminsə hüquqları pozulmur. Bu, ona görədir ki, başqalarını yoluxdurmayasan. Avtobuslara qaldıqda isə bu, çətin məsələdir”.
Peyvədin əlavə təsirlərindən ehtiyat edənlərin narahatlıqları ilə bağlı məsələyə münasibət bildirən həkimin sözlərinə görə, narahatedici suallar onun özündə də olub: “Özüm ilk peyvənd olunanlardan biriyəm. Məndə də narahatedici düşüncələr var idi. Həmin vaxt iki gün ərzində kim peyvənd vurdurmuşdusa, nəticəsindən xəbərim yox idi, amma vaksin olundum. Bu gün isə 2 milyondan artıq insan peyvənd olunub. Bunlar arasında bir nəfər belə olsun, ölməyib. Çox az sayda insanda peyvənddən sonra ürəkbulanma, qusma, səpki və s. kimi hallar müşahidə olunub. Peyvənddən sonra yoluxanların da sayı azdır. Şübhələri olan, qorxan adamlar məndən soruşanda, bircə kəlmə onu deyirəm ki, özüm peyvənd olunmuşam. Bundan sonra hamısı peyvənd olunacağını söyləyir”.
Allergiyası olanlara qaldıqda, həkim bildirib ki, həmin şəxslər peyvənddən əvvəl allerqoloqa müraciət etsinlər: “Nəyə qarşı allergiyası olduğunu bilməyənlər allerqoloqa müraciət etsinlər, allergiyalarına qarşı tədbir görsünlər və bundan sonra allerqoloqları məsləhət görsə, peyvənd olunsunlar, məsləhət görməsə, olunmasınlar”.