Hisslər təmiz olanda günahlandırılar, ancaq günaha batmaz...

Cəmiyyət

04.10.2021 - 00:35

Özündən güclü birinin önünü kəsib uğursuzluğunu sənin üzünə sillə kimi çırpmağı əsl faciəndir

Aid olmadığın evin sütunlarını çiynində daşımaq ömürlük cəzadır. Həm də bunun üzərinə heysiyyət, başqalarının xəyallarını, arzularını, qürurunu da yaşamaq yüklənərsə, oturub ölümü gözləmək həyatının ən şirin anları olur. Tanrının əlindən yapışaraq bütün qoruduqlarına xəyanət edib səmaya qovuşmaq, buludlara bürünüb yatmaq üçün hər gecə yuxuya gedənəcən dualar oxumaqdır taleyin ironiyası. Səhərlər isə körpə səsinə oyanıb təbiətin bəxş etdiyi səadətə qarışıb yaşamağı unutmaq var bir də.

Bəsit həyatdan usanmısınız deyə Allaha üsyan edirsiniz? Əmin olun ki, ömrünün sonuna bunu həyat tərzinə çevirənlər qədər gücünüz yoxdur.

Siz heç toy gecəsi bədəninizdən ağ gəlinliyinizi soyunub, sabah oyananda başınıza qara kalağay örtdünüzmü? Kədərinizi eşitməsinlər deyə üzünüzə pərdə çəkdinizmi? Toy günü oturduğunuz kürsüdə gözünüz yoruldumu heç, indicə gələcək deyə qapının dəstəyinə baxmaqdan? İnsanların şüursuz sevinclərindən, saxta həyəcanlarından bezib, barı qaçmaq istədinizmi toy salonundan? Mikrafonu əlinizə alıb "rədd olsun əbədiyyət, bütün xoşbəxtliklər ölümün qoynunda mürgüləyir", - deyə bağırıb, sonra da musiqiçidən ən sevdiyiniz uşaqlıq mahnısını oxumasını xahiş etmək keçdimi heç könlünüzdən? Gecənin sonunda gözünüzü sonsuzluğa zilləyib arxaya atdığınız gülün ən yaxın rəfiqənizin qucağına deyil, cəmiyyətin sizinçün tikdiyi qaranlıq məzara düşdüyünü hiss etdinizmi bəs?

İyirmi il bəslədiyiniz, körpəlik oyuncağı kimi böyütdüyünüz xəyallarınız bir gecənin içindəcə qana boyanıb qəbrə tapşırıldımı? "Özünü qoru balaca dost, sən ən vəfalı sevgili, ən sadiq yoldaş idin", deyib illərdir ruhunuzu sığallayan, saçlarınızı darayan, dodaqlarınızı öpən hisslərinizi əriniz evinə apardığınız cehizin üstünə soyunub atmadınız da.

Onun isə yuxusuz gecələrdə çəkdiyi işgəncələr qərinələr qədər uzun idi. İstəmədiyin zövqü güclə əyninə geyindirmək ümumi qaydalara boyun əyməkdir. Ancaq zavallının azadlığını təkcə vücudundan ala bildilər, hisslərində qoruduğu azadlığını əsla qopara bilmədilər.

Siz üşüməyəsiz deyə qaçdığınız xəyallarınızdan o cəsarətlə, qorxmadan yanaşı addımladı. Əlinizi yandırmasın deyə çəkdiyiniz hisslərinizi o üfürüb daha da alışdırdı ki, sönməsin. Ancaq heç fikirləşmədiniz ki, siz eyibləriniz görünər deyə qorxduğunuz işıqdan o  zərrə qədər də uzaqlaşmadı. Çünki hisslər təmiz olanda günahlandırılar, amma günaha batmaz.

Anlamağa çalışdıqda isə... Üç nöqtə kimi idi... Nöqtələri arxasıyca sürüyüb sayını o qədər çoxaltmışdı ki, əlindəkilərin hamısını ayağının altına sərsən, yenə də əlçatmaz qalacaqdı. Bir mövcudluq idi. Ay kimi sakit görünürdü uzaqdan dayanıb tamaşa etdikcə örtüyün altındakı parıltılı üzü. Lakin yaxınlaşdıqca Günəşi belə əridəcək bir hərarətə təslim olurdun.

Məğlubiyyət nə qədər ağırdısa, ona qatlaşmaq, onunla barışmaq o qədər də qəbuledilməzdir. Özündən güclü birinin önünü kəsib uğursuzluğunu sənin üzünə sillə kimi çırpmağı əsl faciəndir. Bir də ayılıb başa düşürsən ki, illərdir içində kirlənməsin deyə gizlətdiyin hisslər qarşında dayanıb cəsarətini sınağa çəkir. Tanrıların yetişə bilmədiyi xoşbəxtliklə üz-üzə dayanmısan. Döyüşmək üçün son şansındır. Qazansan, səadətinə, uduzsan, əbədi düşməninə çevriləcək. Upuzun bir mübarizə -  sevdiyin çiçəyi başqasının bağından dərməyin vaxtı yetişib. Hələ bu bağçaya keçənə kimi qadağalarla silahlanmış çəpərləri aşmaq, tikanlı məftilləri dırmaşmaq var axı: qarşıda duran iki yol və qayıtmayacağın bir səyahət.

O isə bütün arularının üstünü bərk-bərk basırmışdı ki, üşüməsinlər və bu qışdan sağ çıxsınlar. Axı çiçəklər yalnız bahara məxsusdur...

Müəllif: Xəzər Əlizadə