“Heydər Əliyev Fonduna müraciət edən hər kəs bilir ki, yardım üçün maksimum səy göstəriləcək”

Siyasət

25.11.2019 - 14:01

Mehriban Əliyev: “Şadam ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında mənim də müəyyən töhfəm var”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-24-də Rusiyada rəsmi səfərdə olub. O, Prezident Vladimir Putin ilə görüşüb. Vladimir Putin onu iki ölkənin münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib. Bundan əlavə, Mehriban Əliyeva Rusiya Hökumətinin başçısı Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşüb. Mehriban Əliyeva səfər müddətində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bərpa olunmuş “Azərbaycan” pavilyonunun açılışında iştirak edib.

 

Birinci vitse-prezident TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana TASS, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalı üçün müsahibəsində səfərinin yekunları barədə danışıb. AYNA AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:

 

-Hər vaxtınız xeyir, Mehriban xanım. Sizinlə görüşmək imkanına görə çox sağ olun. Sizin Moskvaya, Rusiyanın paytaxtına rəsmi səfəriniz başa çatır. Səfərinizin proqramı son dərəcə zəngin olub, çoxlu görüşlər, o cümlədən Rusiyanın rəhbərliyi ilə görüşlər keçirmisiniz. Səfərin yekunlarını necə qiymətləndirirsiniz? Bu günlər ərzində Moskvada Sizin üçün ən çox yadda qalan nə olub?

 

-Hər vaxtınız xeyir, hörmətli Mixail Solomonoviç. Sizi görməyimə çox şadam. Yenidən Moskvada olmağıma çox şadam. Mən, ilk növbədə, Rusiya Federasiyasına rəsmi səfərə dəvətə, səmimi qəbula, maraqlı görüşlərə və danışıqlara görə Rusiya Federasiyasının rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə, Hökumətin başçısı Dmitri Anatolyeviç Medvedevə, Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenkoya dərin minnətdarlığımı bildirmək istəyirəm.

 

Ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir. Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir.

 

Qeyd etdiyim kimi, Azərbaycan ilə Rusiyanı qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır, ölkələrimiz dinamik inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Siz qeyd etdiyiniz kimi, mənim səfərim dolğun, maraqlı oldu. Əlbəttə, ilk növbədə, Rusiya Federasiyasının Prezidenti, hörmətli Vladimir Vladimiroviç Putin ilə görüşümü qeyd etmək istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərin bir çox aspektlərini müzakirə etmək üçün gözəl fürsət idi. Bu görüş zamanı Rusiya Federasiyasının Prezidenti mənə “Dostluq” ordenini təqdim etdi. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var.

Ayna.az


Ramanada faciə

Dünən, 17:26 Hadisə