Psixoloq: “Beyin gücündən istifadə edərək yeni həyata uyğunlaşmağı bacarmalıyıq”
Sosioloq: “İnsanların müsbətə köklənməsinə yardım edilməlidir”
Hər bir intiharın fərdi səbəbləri olur, lakin ümumilikdə, həmin şəxsin yaşadığı cəmiyyətdə baş verənlərin də buna təsiri danılmazdır. Son günlərdə yerli mətbuatda da intihar xəbərlərinin yayılması diqqət çəkir. AYNA mütəxəssislərlə bunun hansı səbəblərdən qaynaqlandığı ilə bağlı suallara aydınlıq gətirməyə çalışıb.
Psixoloq Vüsalə Əmiraslanova hesab edir ki, intiharlara səbəb, əsasən uşaqlıqdan aldığımız travmalardır: “Ümumilikdə baxdığımızda, intiharlara səbəb çox zaman uşaqlıqda yaşadığımız travmalar olur. Lakin sonradan da hər yaşa uyğun müəyyən problemlər özünü göstərir ki, onlar da səbəblər arasında yer alır. Məsələn, bəzi insanlar ailə üzvləri tərəfindən təzyiqə məruz qalır, bəzi intihar edənlər imtahandan kəsilmə, valideynə necə cavab verməklə bağlı qayğılar yaşayır və s. Yəni, hər yaşa uyğun fərqli xarakterlər daşısa da, keçdiyimiz dönəmdə müharibənin də, karantinin də təsirləri az deyil”.
Sərt karantin rejimi tətbiq edilən, müharibə gedən dönəmdə intihar hallarının elə də nəzərəçarpacaq dərəcədə olmamasına isə psixoloq belə münasibət bildirib: “Karantinin ilk vaxtlarında insanlarda öyrəşmə prosesi gedirdi. Hər kəsi bu vəziyyətin nə zaman bitəcəyi düşündürürdü. Onlar müəyyən vaxta qədər dözürdülər ki, “filan vaxtda bitəcək”. Lakin karantin rejiminin yumşaldılması-sərtləşdirilməsi prosesində bir təkrarlanma yaşandığı üçün insanlarda narahtlıq yaranmağa başlayıb. Artıq onlar düşünməyə başlayıblar ki, bu proses belə də davam edəcək. Müharibə dönəminə qaldıqda isə, o günlərdə hər kəsin məqsədi bir idi: Qarabağın azad edilməsi, o torpaqlara getmək arzusu. İndi isə hər şey bitib. Kiminin şəhidi, kiminin yaralısı var. Ümumiyyətlə, hər bir halda proses baş verib bitdikdən sonra ağrısı, acısı hiss olunur”.
Vəziyyətdən çıxış yoluna qaldıqda, Əmiraslanovanın sözlərinə görə, insanlar ümumi vəziyyəti anlamalı və ondan faydalana biləcəkləri tərəflərə baxmalıdırlar: “Biz beyin gücündən istifadə edərək yeni həyata uyğunlaşmağa öyrəşməliyik. Onsuz da, artıq karantin şəraitinə vərdiş etmişik. Buna görə də baxmaq lazımdır ki, bu günlərdə daha çox nələrlə məşğul olmağımız, hansı istiqamətlərə yönəlməyimiz bizə daha yaxşı təsir edər, faydalı olar. Neqativlərdən - problemli mövzulardan, dedi-qodudan uzaq durmağımız müsbətə köklənməyimizə və bu dönəmi daha rahat keçməyimizə kömək edəcək”.
Sosioloq Sahib Altay da uzunmüddətli karantin rejiminin intihar hallarına olan təsirinə diqqət çəkib: “İnsan bioloji olmaqla yanaşı, həm də sosial varlıqdır. Quş tək qanadla uça bilmədiyi kimi, insan da sosiallaşmadan yaşaya bilməz. İnsanın sosial aktivliyinin məhdudlaşdırılması da psioxoloji və sosial travmalara səbəb olur. Məsələn, insan evdə qapalı vəziyyətdə qaldığından etməyə qadir olduğu şeyləri edə bilmir. Təbii ki, insanların düşüncə və iradə gücündən asılı olaraq bu da fərqli cür olur. Elə insan var ki, evin içində də nə iləsə məşğul olmağa çalışır, gələcəyə ümidlə baxır. Elə insan da var ki, onun üçün evdə qapalı qaldığı müddətdə hər şey bitir, yaşamaq üçün hansısa səbəbi qalmır. Beləcə intihara cəhd edə bilir”.
Müsahibimiz qeyd edib ki, karantinin gətirdiyi travmaların bir tərəfi insanlarda yaratdığı ümidsizliyə, digər tərəfi isə iqtisadi vəziyyətə bağlıdır: “Karantin bir çox sahələri sıradan çıxardı ki, həmin sahələrdə onlayn xidmət yoxdur. Elə müəssisələrə iqtisadi zərbə vurdu ki, çox sayda işçi ixtisara düşdü. Bunun nəticəsində çox adam işsiz qaldı. Bəlkə də tək adam üçün bu, o qədər də problem yaratmaya bilər, amma ailə, valideyn məsuliyyəti daşıyan, adi vaxtlarda gəlirləri az olan insanların bu dönəmdə gəlirləri azalmadı, ümumiyyətlə, kəsildi və bu da ağır travmalara səbəb oldu”.
“İntihar sondur. O an gəldiyində insan həyatdan heç bir zövq ala bilmir. Problemləri üçün çıxış yolu görmür. Yeganə yolu ölümdə görür ki, həyatdan qurtulsun, daşıdığı yüklərdən azad olsun. Əmək fəlaiyyəti təkcə pul qazanmaq üçün vasitə deyil. Pul insanın müəyyən fəailiyyəti qarşılığında əməyinə verilən dəyərdir. Stimulverici bir qüvvədir. İnsan sosial varlıq olduğundan müəyyən əmək fəaliyyəti ilə məşğul olmağı onu yararlı hiss etdirir”, - sosioloq vurğulayıb.
Altayın sözlərinə görə, müharibə də, karantin də bizim üçün müəyyən qədər travma yaşadıb: “Hər bir halda nəzərə almalıyıq ki, ağrı-acını da, sevinci-qüruru da birlikdə yaşamışıq. İstər karantin rejiminin çətinlikləri, travmaları, istərsə də müharibənin stressi, həyəcanı özünü, təxminən beş ilə yaxın bir müddətdə göstərmiş olacaq. Bu müddət ərzində də intiharların olması gözləniləndir. Sayının çoxalması da ehtimal oluna bilər. Buna görə də mətbuat vasitəsilə insanlara müəyyən məsləhətlər verilməli, onların müsbətə köklənməsinə yardım edilməlidir. Ümumi psixoloji durumu ələ almaq vacibdir”.